Biləsuvar rayonunda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin icrası uğurla davam edir.

 

Layihə rəhbəri Firuzə Xammədovanın verdiyi məlumata görə,  məktəblər üzrə seçilmiş 20-dən artıq dil-ədəbiyyat müəlliminin onlayn təlimləri yekunlaşıb. Təlimləri təlimçi Bəhruz Nəbili və layihənin eksperti Üzeyir Eyvazov aparıb. Onlar təlim iştirakçılarına məktəblilər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, bədii əsərlərdə rast gəlinən müsbət və mənfi obrazları müqayisə etmək, bədii və elmi əsərləri qiymətləndirmək, elmi əsərlərdə göstərilmiş fakt və hadisələrdən düzgün istiqamətdə yararlanmaq, asudə vaxtların səmərəli keçirilməsi haqqında məlumat veriblər. Təlimlər 3 gün davam edib.  

 

Bundan sonra təlimdə iştirak edən müəllimlər təmsil etdikləri məktəblərdən müsabiqə üçün şagirdlər seçəcəklər. Müsabiqə 5 mərhələdə həyata keçiriləcək.

 

İlk mərhələni keçmiş iştirakçılara ikinci mərhələdə elmi əsərlər təqdim olunacaq ki, onlar da həmin elmi əsərlərdəki fakt və hadisələrdən istifadə etməklə kiçik həcmli hekayə (məqalə) yazacaqlar. 3-cü mərhələdə iştirakçılara 5-7 səhifədən ibarət hekayələr paylanır. Həmin hekayələrdə sonluq hissəsi çıxarılmış olur. Hekayə oxunduqdan sonra şagirdlərə hekayəni düşüncələrinə uyğun tamamlamaq tapşırılır. Nəticələr komissiya tərəfindən yoxlanaraq daha kreativ olanlar seçilir. Müsabiqənin final mərhələsinə hazırlıq bir ay öncədən aparılır.

 

Layihənin sonuncu mərhələsində onlayn çıxışlar komissiya tərəfindən dəyərləndiriləcək və I, II, III yer olmaqla qaliblər müəyyən ediləcək. Qaliblərə  və layihə müddətində fəallıq göstərən iştirakçılara bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunacaq.

 

Müsabiqənin final və mükafatlandırma mərhələsi bitdikdən sonra layihənin hesabat dövrü başlayacaq. Yekun olaraq bütün sənədlər layihə rəhbəri tərəfindən yoxlanılaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

 

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub. Layihə dekabrın 15-dək davam edəcək.