Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri,  dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyasının təqdimatı keçirilib.

 

İnstitutun direktoru,  AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, beş illik iş planının nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir.

 

Alim qeyd edib ki, Naxçıvan teatrının  zəngin inkişaf yolu, burada oynanılan tamaşaların milli və siyasi əhəmiyyəti, rejissorluq sənəti geniş işıqlandırılıb.

 

Daha sonra institutun elmi katibi, dosent Ələkbər Qasımovun “Üçəsrlik teatrda rejissor fəaliyyətinə yeni bir işıq” mövzusunda məruzəsi dinlənilib.

 

Təqdimat mərasimində Xalq artisti Kamran Quliyev, institutun Onomastika şöbəsinin müdiri,  dosent Firudin Rzayev və Elmi kitabxananın direktoru Sahab Əliyeva çıxış ediblər.

 

Qeyd olunub ki, bu qədim sənət ocağının yaranma tarixinin arxiv sənədləri əsasında tədqiqi, rejissorluq sənətinin geniş araşdırılması, bu istiqamətdəki yaradıcılıqların müqayisəli təhlili, əldə olunan yeni elmi faktlar və nəticələrin sistemləşdirilməsi müəllifin ağır zəhmətinin bəhrəsidir. Qədim Naxçıvanın ölkənin musiqi və teatr mədəniyyətindəki yeri haqqında qiymətli fikirlərin yer aldığı tədqiqat əsəri tədqiqatçılar, müəllim və tələbələr üçün əvəzsiz mənbədir.

 

Sonda müəllif çıxış edərək tədbir iştirakçılarına öz  minnətdarlığını bildirib.