Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Teatr şöbəsinin yaradıcı kollektivi öz yaradıcılıq auditoriyasını genişləndirməkdə davam edir. 2017-ci ildən etibarən bütün layihələrini İncəsənət Gimnaziyası ilə birgə həyata keçirməyə qərar verən istedadlı rəssam Günay Zebic (Mehdizadə) ötən müddət ərzində yeni layihələrə start verib.
“Qobu Park-3” yaşayış kompleksində “Xarı bülbül” Təlim və İstehsalat Birliyində COVID-19 koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş “Biz birlikdə güclüyük!” əsərinin nümayişi ilə bərabər eyniadlı ədəbi-bədii kompozisiya da keçirilib. Tədbirdə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allesandro Frakasettinin xanımı Jasmin Frakasetti və oğlu Zachary Frakasetti, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic ailəsi ilə birlikdə, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın xanımı və qızı iştirak ediblər. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının rəhbərliyi tədbirə online qoşulub.
Mərasimdə gimnaziyanın “Teatr” şöbəsinin əsasən məcburi köçkün müəllim və şagirdləri tərəfindən hazırlanmış “Xarı bülbül” tamaşası nümayiş olunub. Sonra gimnaziyanın şagirdləri Azərbaycan, ingilis və xorvat dillərində şeirlər səsləndiriblər.
Tədbirin sonunda məktəblilərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
“Biz birlikdə güclüyük!” əsərinin növbəti təqdimatı “Fairmont” otelində baş tutub. Tədbirdə Təhsil Nazirliyinin, səfirliklərin, QHT-lərin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdim olunan əsər haqqında təsviri və tətbiqi sənət nümayəndələri yüksək fikir söyləyiblər. Tədbirin sonunda çoxsaylı layihələrin rəhbəri Günay Zebic (Mehdizadə) öz əsərini Koronovirusla Mübarizəyə Dəstək Fonduna hədiyyə edib. Ədəbi-bədii kompozisiya gimnaziyanın “Teatr” şöbəsi şagirdlərinin rəngarəng çıxışları ilə davam edib.
“Bayrağımız qürur mənbəyimizdir”
Xalqımızın zəfər yürüşündən, qələbə əzmindən bəhs edən növbəti layihə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının zalında baş tutub. Rəşadətli Ordumuzun əzmkar yürüşünü özündə əks etdirən “Cəngi” sədaları ətrafı bürüyüb. Ədəbi-bədii kompozisiya özündə iki cəbhəni əks etdirib: dünyanı lərzəyə gətirən koronavirus pandemiyasını və bizim əzəmətli qələbəmizi, qələbəyə doğru gedən xalqımızın əzmkar yürüşünü. Kompozisiya “Vətən mənə oğul desə nə dərdim, mamur olub qayasında bitərdim!”, “Bayrağımız-qürur mənbəyimizdir” vətənpərvərlik mövzusuna həsr olunub. Ədəbi-bədii kompozisiya zamanı G.Zebic şagirdlərə “ustad dərsi” keçib. Bundan ilham alan teatr şöbəsinin gənc rəssamları qoruyucu maskaların üzərində Azərbaycanın üçrəngli bayrağını həkk ediblər. Kompozisiya vətənpərvərlik mövzusunda olan şeir, mahnı və rəqslərlə müşayiət olunub. Tədbirin ən yaddaqalan anlarından biri də “Əsgər marşı” mahnısının sədaları altında səhnəyə rəşadətli əsgərlərimizə məktub göndərmək üçün poçt qutusunun gətirilməsi olub. Teatr şöbəsinin “Balaca yazarları” qəhrəman əsgərlərimizə səmimi ürək sözlərini ifadə edərək yazdıqları məktubları poçt qutusuna atıblar. Alqış sədalarına qərq olan gimnaziyanın akt zalında şagirdlərin gürur hissi ilə “Azərbaycan ordusuna eşq olsun!”, “Qarabağ Azərbaycandır!” şüarları ətrafa yayılıb.
Tədbir “Qarabağ şikəstəsi”nin gur sədaları altında yekunlaşıb.
Sifai SƏFƏROVA