Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti ikili diplom proqramının icrasına başladı
Məlumdur ki, qloballaşma dövründə hər bir ölkənin inkişafı yüksək ixtisaslı, müasir səriştə və bacarıqlara sahib insan kapitalından, onun intellektual səviyyəsindən çox asılıdır. Bu mənada ali təhsil sistemi qarşısında davamlı inkişafın əsasını təşkil edən elmi-tədqiqatçıların hazırlanması kimi mühüm bir vəzifə artıq zərurətə çevrilib. 2018-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına başlanılması isə bizi bu hədəflərə yaxınlaşdırır. Ölkəmizdə yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasına mühüm töhfə kimi qiymətləndirilən bu proqramın mühüm istiqamətlərindən biri Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti arasında təhsilin idarə edilməsi üzrə beynəlxalq ikili diplom proqramlarının təsis olunmasıdır. Dövlət Proqramında nəzərdə tutulan hədəflərə çatmaq üçün 2020-ci il yanvarın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib.
ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul həyata keçirilib. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak ediblər. İlk mərhələdə 25 tələbə proqrama qəbul olunub. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur.
Artıq proqrama qəbul olunan ilk tələbə qrupu üçün tədris başlayıb. Təqaüdçülər ilk olaraq Corc Vaşinqton Universitetinin təqdim etdiyi ilk kurslardan keçiblər. “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibədə Corc Vaşinqton Universitetinin doktorantı, proqram rəhbəri Sevinc Məmmədova ilk dərs barədə təəssüratlarını oxucularımızla bölüşür.
- İkili diplom proqramı çərçivəsində dərslər başlayıb. Proses necə keçir?
- Oktyabrın 19-dan noyabrın 2-dək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi çərçivəsində tədris prosesi keçirilib. Təəssüflər olsun ki, biz ilk dərsi onlayn təşkil etməli olduq. Əslində isə tədrisin üz-üzə keçirilməsi nəzərdə tutulmuşdu. Düşünürəm ki, ilk dərsimiz kifayət qədər uğurlu keçdi. Formata uyğun olaraq dərslərin amerikalı professorlar Bakıya gələnə qədər bir həftə onlayn keçirilməsi nəzərdə tutulmuşdu. Sonra tələbələr növbəti dərsə qədər 2 həftə ərzində öz tapşırıqlarını yerinə yetirməli idilər. Lakin pandemiya ilə əlaqədar olaraq tədrisin təşkilində dəyişiklik etdik və bütün dərslər onlayn keçdi. Tələbələr gün ərzində 3 saat dərsə qoşulurlar və bu müddət ərzində tədris prosesində iştirak edirlər. Tələblərin prosesdə iştirakından, müzakirələrdə fəallığından belə görünür ki, onlar dərslərdən çox zövq alırlar. Professorlardan yeni mövzular öyrənmək, onları Azərbaycanla əlaqələndirmək, Azərbaycanın gələcək təhsil strategiyalarında hansı dərslərdən, proqramlardan istifadə edilməsi təcrübəsini, onun daha yaxşı planlaşdırılması yollarını öyrənirlər. Düşünürəm ki, tələbələr dərsdən çox faydalandılar.
- Tədris hansı formatda aparılır?
- Formata gəlincə, dərslər Zoom platforması üzərindən aparıldı. Bundan başqa, biz “Blackboard” deyilən onlayn platformadan da istifadə etdik. Bundan əlavə, tələbələr diskussiyalarda iştirak etməli və öz fikirlərini bölüşməli idilər. Digər tərəfdən tələbələr hər gün üçün təqdimatlar hazırlayırdılar. Amerikalı professorla bir saat müzakirə aparırdılar. Daha sonra tələbələr qruplara bölünürdü. Təbii ki, amerikalı professor və mən, eləcə də Corc Vaşinqton Universitetinin doktorantı Çilanay Səfərli tələbələrlə tədris prosesində diskussiyaları idarə edirdik.
- İlk dərs hansı mövzuda oldu?
- İlk dərsimiz təhsil siyasətinin dizaynı idi. Qeyd etməliyəm ki, bu, çox ağır fəndir. Adətən bu fənni öyrənmək bir neçə il vaxt aparır. Ancaq biz tələbələrə onun bir az sadələşdirilmiş formasını təqdim etdik. Bu fənn təhsil siyasətinin özəyini təşkil efir. Onu öyrənməsələr, tələbələr təhsil prosesinə, qiymətləndirmə prosesinə dair dərslər götürə bilmirlər.
Məncə, ilk dərs çox yaxşı keçdi. Tələbələr təhsil siyasətinin dizaynı haqqında çox mövzular öyrəndilər. Qeyd etməliyəm ki, təşkil olunan hər bir dərs daha çox praktiki alətlərin hazırlanması, onların təhsil prosesində işlənməsi üzrə qurulub. Məqsəd təkcə nəzəri biliklərə fokuslanmamaqdır. Bizim məqsədimiz də ondan ibarətdir ki, tələbələrə təkcə nəzəri biliklər öyrətməyək, həm də praktiki alətlər öyrədək ki, onlar işə döndükləri zaman o alətlərdən asanlıqla istifafə edə bilsinlər. Bu, bizim birinci dərsimiz idi. İkinci dərsimiz dekabrın ilk həftəsi üçün planlaşdırılır. Onu da qeyd edim ki, biz ADPU ilə işimizi koordinasiya etmişik. Bir fənni biz (Corc Vaşinqton Universiteti), digər fənni onlar (ADPU) tədris edir. Növbəti dərsimiz beynəlxalq təcrübə və proqramların öyrənilməsi və onun Azərbaycan şəraitinə uyğunlaşdırılaraq geniş strategiya, siyasətin yaradılması və icrasıdır.
Onu da qeyd edim ki, biz çox narahat edik ki, dərsləri necə keçirəcəyik? Ancaq tələbələr dərsdə çox yaxşı iştirak etdilər. Bu qrupun özəlliyi ondadır ki, onlar ayrı-ayrı sektorlardan gəlirlər. Yəni, əksəriyyəti müəllim, iqtisadçı kimi işləyir. Ona görə də hər tələbə tədris prosesinə bir yanaşma gətirir. Bu isə tədris prosesini daha maraqlı və çoxşaxəli edir, eyni fikirlər olanda, eyni fikirlər bölüşüləndə dərs prosesi o qədər də maraqlı olmur. Lakin fikirlər müxtəlif olanda, o tədrisə kifayət qədər güc verir və dərsi daha da maraqlı edir.
Düşünürəm ki, dərs prosesi tələbələr üçün maraqlı keçir. Onlar Amerika professorlarından yeni fikirlər, yeni ideyalar, yeni konsepsiyalar öyrənirlər. Öyrəndiklərini öz təcrübələri ilə birləşdirməklə tədris prosesini daha da maraqlı edirlər.
- Tələbələrimizin tədris prosesinə adaptasiyası, fəallığı barədə nə deyərdiniz?
- Tələbələr gözlədiyimizdən də fəaldır, dərslərdə çox aktiv iştirak edirlər. Vaxtında dərslərə qoşulur və öz fikirlərini bildirirlər. Təhsil sahəsindəki dəyişikliklərlə bağlı çox maraqlı fikirlər - təhsildə hansı proqramlar həyata keçirilir, təhsil sistemi daha da güclənə bilər və s. fikirlər irəli sürürlər. Ona görə də düşünürəm ki, tələbələrin fəallığı yüksək səviyyədədir. Adaptasiya çox asan oldu. Ola bilsin ki, tədris onlayn formatda olduğuna görə bir gün çətinlik çəkdilər. Ancaq sonradan tələbələrimiz çox asanlıqla tədris prosesinə uyğunlaşa bildilər. Onlar fəallıq göstərir, daim professorlarla əlaqədədirlər, öz fikir və ideyalarını bölüşürlər. Bizim dərsdə hər tələbə qarşısında təhsil siyasətini dizayn etmək tapşırığı durur. 25 təhsil siyasəti nümunə kimi götürülür. Hər tələbə bu nümunələrdən birini götürür. Onun əvvəlcə dizaynı, qiymətləndirmə prosesi yazılı şəkildə təqdim edirlər. Tələbələrin fəallığı və onların yazdıqları fikirlər həm professorları, həm də məni çox yaxşı təəccübləndirdi. Tələbələrimiz tapşırıqları ən yüksək keyfiyyətlə yerinə yetirdilər, nəticələr olduqca yüksək idi.
Onu da qeyd edim ki, Corc Vaşinqton Universiteti bu proqramın başlanmasına çox yüksək diqqət və dəstək göstərir. Biz çox həyəcanlı və narahat idik, pandemiya səbəbindən tədris prosesinin vaxtı uzadılmışdı. Proqramın reallaşdırılmasına bir ay gec başladıq. Ancaq çətinliklərə baxmayaraq, prosesin başlanmasına çox sevindik. Ümid edirik ki, proses çox yüksək səviyyədə davam edəcək. Və növbəti semestr, gələn il üçün tədrisi üzbəüz keçirəcəyimizə ümid edirik. Corc Vaşinqton Universiteti ADPU ilə qarşılıqlı əməkdaşlığı çox yüksək qiymətləndirir və belə bir tərəfdaşının olmasına çox sevinir.
Xüsusi təşəkkürlərimizi Təhsil Nazirliyinə bildiririk. Təhsil Nazirliyinin bu prosesdə dəstəyi bizim üçün çox önəmlidir.
Qeyd edək ki, proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Proqram çərçivəsində tələbələr təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq, mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək, beynəlxalq təcrübəni öyrənmək kimi səriştələr əldə edəcəklər. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan, eyni zamanda yerli müəllimlər tərəfindən aparılır. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.
Oruc MUSTAFAYEV