Emin ƏMRULLAYEV: “Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, çıxış yoludur”
Dünyanı bürümüş pandemiya milli təhsil sistemləri üçün ağır fəsadlar törədib. Pandemiyanın davam etdiyi şəraitdə milyonlarla təhsilalanın məktəbdən kənarda qalması bütün ölkələrə xasdır və Azərbaycanda da bu vəziyyət davam etməkdədir. Görünən odur ki, pandemiya dövründə tədrisin təşkili məsələsi bütün ölkələr üçün eyni dərəcədə kritik əhəmiyyət kəsb etməkdədir. Artıq bir sıra ölkələrdə distant təhsil formalarının geniş tətbiq olunması göz qabağındadır.
Son günlər ölkəmizdə də pandemiyaya yoluxma hallarının artması nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən ölkənin bütün ümumtəhsil müəssisələrində distant təhsilin tətbiqinə başlanılması barədə qərar qəbul olunub. Distant təhsilin tətbiqini zəruri edən məqamlar, bu prosesin qaçılmazlığı, indiki şəraitdə əhəmiyyəti, tətbiq qaydaları və çətinlikləri barədə oktyabrın 30-da Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə aydınlıq gətirildi.
Azərbaycan adi bir düşmənlə yox, terrorçu dövlətlə mübarizə aparır
Təhsil naziri son bir ayda Ermənistanın silahlı qüvvələri tərəfindən şəhər və kəndlərimizə hücumlar nəticəsində 9 şagirdimizin həlak olduğunu təəssüflə bildirib. Nazir qeyd edib ki, cəbhə xəttindən uzaqda uşaqlarn, mülki obyektlərin təcavüzə məruz qalması bir daha Azərbaycanın adi bir düşmənlə yox, terrorçu dövlətlə mübarizə aparmasının bariz nümunəsidir. Bundan əlavə, 40-dan artıq məktəb, bu rəqəm artıq 50-yə yaxınlaşır, yararsız hala düşüb. Orada tədrisin təşkili mümkün olmayıb. Ümumilikdə üzləşdiyimiz bu vəziyyətlə bərabər son həftələrdə koronavirus infeksiyasının yayılması da sürətlənib. Nazir əlavə edib ki, sentyabrın 15-dən dərslər bərpa olunarkən ilk həftələrdə dərslərin ardıcıl olaraq əyani təhsilə keçilməsi müvafiq plan əsasında həyata keçirilib. Sentyabrın 15-dən ibtidai, oktyabrın 1-dən 5 və 9-cu siniflər tədrisə cəlb ediliblər. Oktyabrın əvvəlindən pandemiya ilə bağlı vəziyyət kifayət qədər qənaətbəxş olduğundan bir çox bölgələrimizdə 2 mindən artıq məktəbdə tədrisi, demək olar ki, həftədə 5 dəfə əyani keçirmək mümkün olub. Lakin sonrakı dövrdə COVID-19-un daha sürətlə yayılması müşahidə edilib və eyni zamanda, təbii ki, ölkədə yaranmış hərbi vəziyyət, həm də internetin məhdudlaşdırılması bu prosesə mürəkkəblik qatıb. Bütün bu amilləri nəzərə alaraq müvafiq olaraq 19 oktyabrdan ölkədə bütün təhsil müəssisələrində tətil elan olunub.
Onlayn təhsil ən məqbul variant kimi
Emin Əmrullayev qeyd edib ki, tətil dövründə əsas məqsədimiz 2 həftəlik fasilədə verilmiş situasiyanı düzgün təhlil etmək, vəziyyəti və qeyri-müəyyənlikləri düzgün qiymətləndirmək, eyni zamanda da müəyyən hazırlıq işləri apararaq ən optimal, ən düzgün qərarların verilməsi olub. Son 10 gün ərzində aparılmış işlərin nəticəsi olaraq bir sıra hazırlıq işləri görülmüş, mümkün və optimal qərar verilmişdir. Operativ Qərargahın verdiyi qərara əsasən 2 noyabr tarixindən bütün təhsil müəssisələrinin fəaliyyətinin onlayn, distant qaydada keçirilməsidir. “Təbii ki, bu qərarın icrası öz-özlüyündə müəyyən çətinliklər yaradacaq. Mən əminəm ki, həm ailələr, şagirdlər, valideynlər nə qədər çətinliklərlə üzləşsələr də, ümumi vəziyyətin mürəkkəbliyini nəzərə alaraq növbəti bir neçə həftədə bütün ölkə ərazisində təhsili onlayn qaydada həyata keçirəcəyik və bu, müəyyən mənada irəliyə doğru bir addımdır”.
Nazir əlavə edib ki, biz həm ictimaiyyət nümayəndələri, həm ümumilikdə məktəblərlə, müəllimlərlə də ünsiyyətdə oluruq. “Bir çox hallarda ümumi çətinliklərə baxmayaraq uşaqların tətil dövründə tamamilə təhsildən kənarda qalması ilə müqayisədə onlayn təhsil bir çox hallarda daha məqbul variant kimi qəbul edilir”.
Nazir o cümlədən də ali təhsil müəssisələrinin rəhbərləri ilə də oxşar görüşlərin mütəmadi qaydada keçirildiyini deyib.
TEAMS və Zoom kimi platformaların işinin bərpası
Təhsil naziri tətil dövründə tədrisin yenidən təşkili ilə bağlı müəyyən hazırlıq işlərinin aparıldığını bildirib. “Son 2 həftədə əsas dəyişikliklər bundan ibarətdir ki, həm ali və orta məktəb müəllimlərinin fəaliyyəti ilə bağlı müəyyən hazırlıq işləri görülüb. Xüsusilə ən böyük məsələ ölkədə bir sıra onlayn platformalar - TEAMS və Zoom kimi tanınan platformaların işinin bərpası istiqamətində böyük işlər görülüb. Aidiyyəti dövlət qurumları ilə birlikdə həmin platformaların fəaliyyəti üçün müvafiq testlər aparılıb”.
Aparılan işlərin nəticələri barədə məlumat verən Təhsil naziri qeyd edib ki, bu sahədə bir sıra problemlər var (internetin keyfiyyəti və s.) və biz onları yaxşı başa düşürük. “Amma eyni zamanda bir çox hallarda gördüyümüz bundan ibarətdir ki, məsələn, internet var, ancaq insanların bir çox hallarda VPN-dən istifadə etməsi həmin platformaların işinə maneə yaradır. İstərdim bildirəm ki, növbəti həftələrdə həmin platformalar VPN-siz işləyəcək”.
Nazir vurğulayıb ki, istifadəçilər bu və ya digər formada həmin VPN-lərdən istifadə edərlərsə, bu platformaların işinə maneəçilik yarada bilər: “Xahişimiz budur ki, həmin insanlar bunu nəzərə alsınlar. Görünən budur ki, internetin keyfiyyəti ilə yanaşı bizim istifadəçi bacarığı ilə bağlı problemlər də var. Apardığımız testlərdən də məlum olur ki, bəzi insanların evdə interneti, yəni internetə çıxışı olsa da və ya, internetlə bağlı problemi olmasa da, onun kompüterində olan proqramın vaxtı keçdiyinə görə həmin öyrənmə platformasında çat işləyə bilmir”. Bundan əlavə, bəzi hallarda istifadəçilər köhnə brauzerlərdən istifadə etdiyinə görə proqram işləmir. Bu məsələ əsas faktor olmasa da təxminən 10-15 faiz istifadəçidə internet olduğu halda belə, müəyyən mənada yuxarıdakı səbəblərdən problem yaşanır.
“Ona görə də bu istiqamətdə maarifləndirmə işini gücləndirməyə çalışırıq. Eyni zamanda da qeyd etməliyik ki, biz bir amildən deyil, bir neçə amildən asılıyıq. Bu, ilk növbədə, həm şagirdlərin, həm müəllimlərimizin sağlamlığıdır”.
“Şagirdlərin öyrənməsi bizim üçün prioritetdir”
Nazir qeyd edib ki, sağlamlıqdan danışarkən biz cəbhədə yaranmış vəziyyətlə əlaqədar səhiyyə sisteminin üzərinə düşən təzyiqi də nəzərə almalıyıq. “Çalışmalıyıq ki, bu təzyiq minimal həddə olsun. Eyni zamanda da Təhsil Nazirliyi, təhsil işçiləri olaraq şagirdlərin öyrənməsi bizim üçün prioritetdir. Ona görə də verilmiş situasiyada öyrənmə prosesi ilə birbaşa əlaqəsi olan şagirdlərin ümumi psixoloji vəziyyət də nəzərə alınmalıdır”.
Nazir əlavə edib ki, ölkədə təhsil sistemi yekcinc deyil, o öyrənənlər olaraq 3 yaşdan 25 yaşadək olan insanları əhatə edir. “Ona görə də biz təhsilverənlər olaraq müəllimlərimizin də yaş kateqoriyasını əvvəllər də nəzərə alırdıq. Yəni ümumtəhsil müəssisələrində nisbətən daha cavan müəllimlərin sayı üstünlük təşkil edirsə, ali təhsildə yaşlı müəllimlər çoxdur”. Nazir vurğulayıb ki, bu səbəbdən də həm yoluxma hallarının sayının mindən yuxarı olması, həm digər məhdudiyyətlərin tətbiqinin paralel şəkildə davam etməsi distant təhsilin tətbiqini ən optimal və ən uyğun olmasını göstərir. “İnanırıq ki, cəmiyyət olaraq yenə də hər bir vətəndaş həm səhiyyə, həm sağlamlıq nöqteyi-nəzərindən, həm yaranmış mövcud hərbi vəziyyətdə ordumuza dəstək baxımından xalqımıza, cəmiyyətimizə, ölkəmizə töhfə baxımından öz məsuliyyətini daha da dərk edəcək, verilmiş qaydalara əməl etməklə pandemiya ilə bağlı olan situasiyanın yaxşılaşmasına öz töhfəsini verəcək. Biz unutmamalıyıq ki, pandemiya sonda insan davranışına bağlı olan bir məsələdir. İnsanların davranışı, sosial məsafə saxlaması, maskalardan istifadəsi, sanitar-gigiyena normalarına əməl erməsi, kütləvi tədbirlərdə mümkün qədər az iştirak etmək, ümumiyyətlə, məsələyə münasibət və davranış dəyişiklikləri bizi üz-üzə qaldığımız vəziyyətdən, çağırışdan daha səmərəli şəkildə çıxmağımıza kömək edə bilər”.
“Qaydalara əməl etməklə sonda qalib olmaq olar”
Təhsil naziri son 7-8 ay ərzində pandemiyanın nəticələrinin qiymətləndirilməsi və təsirlərinin azaldılması istiqamətində müvafiq aidiyyəti dövlət qurumlarının müsbət təcrübə əldə etdiyini bildirib. “Bu gün biz davranışlarımızı dəyişə biliriksə, 10 gündən sonra daha yaxşı vəziyyətlə üz-üzə qala bilərik. Bu gün biz Təhsil Nazirliyi olaraq hər bir məktəblinin, şagirdin məktəbə gəlməsi və ənənəvi qaydada təhsil almasının tərəfdarıyıq. Amma verilmiş məhdudiyyətlərdə şagirdlərin sağlamlığı, müəllimlərimizin sağlamlığı, ümumiyyətlə, cəmiyyətimizin yaranmış vəziyyətdə ən düzgün və ən uyğun həll yolu ilə davranması da prioritetdir, bunu da unutmamalıyıq”.
Eyni zamanda, həmişə olduğu kimi, bu tip problemlərin həlli bir tərəfdən, bir insandan asılı deyil. Bu, yalnız birlikdə mümkündür. Çünki virus görünmür, hər bir insana yoluxa bilər, peşəsindən, vəzifəsindən asılı olmayaraq hamını yoluxdura bilir. “Bu mənada təhsilin, cəmiyyətin üz-üzə qaldığı, xüsusilə də xalqımız üçün şanlı bir dövrdə, bu qədər böyük bir məsələlərin həll olunduğu bir dövrdə mənə elə gəlir ki, hər bir vətəndaşımızın qarşımızda duran milli maraqlara nail olmaq baxımından ən vacib töhfəsi sadəcə olaraq qoyulmuş qaydalara əməl etməkdir. Qaydalara əməl etməklə çox şeylərə qalib gəlmək və sonda qalib olmaq olar”.
“Məqsəd distant təhsilə keçid deyil”
Distant təhsilin əhəmiyyətinə gəlincə Təhsil naziri qeyd edib ki, distant təhsil dedikdə biz sistem olaraq distant təhsilə transformasiyadan danışmırıq, yəni məqsəd distant təhsilə keçid deyil. “Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, yəni çıxış yoludur. Ola bilər ki, bu, minimaldır. Amma heç nədənsə minimal yaxşıdır. Yəni şərti olaraq biz uzunmüddətli tətil elan etməyimiz yaxşıdır, yoxsa, şagirdlərə teledərs, distant təhsil? Mənə görə bəzi müəllimlərin votçaplardan, ənənəvi olmayan yollardan şagirdinə nəsə öyrətmə həvəsi belə təqdirəlayiqdir”. Nazir əlavə edib ki, üzləşdiyimiz vəziyyətdə 2 məqam var. Birincisi, bu, öz-özlüyündə, mürəkkəbdir, çətindir, öyrəşmədiyimiz bir vəziyyətdir. İkincisi isə eyni zamanda bir imkandır. Çünki zərurətdən irəli gələrək müəyyən dəyişikliklər baş verir. Biz artıq bunu görürük. Misal üçün, bir milyondan artıq şagirdi hətta ən ucqar kəndlərdə belə izləyə bilirik. Distant təhsildən istifadənin coğrafiyası birmənalı olaraq Azərbaycanda dəfələrlə genişlənib. Düzdü, müəyyən mənada, təbii ki, istədiyimiz yerdə deyil, amma biz ora doğru gedirik. Mənim bu məsələyə baxışım bundan ibarətdir ki, əgər irəliyə doğru addım atırıqsa (bəli, bu, çətindir), irəliyə doğru atdığımız hər bir addım bizi arzuladığımız yerə çatdırır. Eyni zamanda inanıram ki, distant təhsil təcrübəsi əsasında müəllimlərimizdə də biliklər, bacarıqlar formalaşır. Mart-aprel ayları ilə müqayisədə dərslərə baxırıq, qiymətləndiririk, yəni distant təhsil yalnız müəllimin kamera qarşısına çıxıb danışması deyil, müəyyən mənada dərsin dizayn prosesini də fərqli edir. Biz aprel ayında bu sahədə daha az müəllim görürdüksə, inda hazırda yüzlərlə, minlərlə müəllim bu sualı özünə verir və dəyişiklik baş verir. Belə dəyişikliklər tez baş vermir, çünki müəyyən manada heç kim proqnozlaşdıra bilməzdi ki, ötən il bu vaxtı və ya fevral ayında bizim distant təhsilə bu qədər ehtiyacımız yaranacaq.
Nazir qeyd edib ki, hazırda biz prosesin ortasındayıq və növbəti həftələrdə yəqin ki, yoluxma hallarının daha çox artmasını müşahidə edə bilərik. Ən azından belə bir reallığı proqnozlaşdırmaq lazımdır və ilin sonuna kimi müəyyən mənada biz kifayət qədər mürəkkəb epidemioloji situasiya ilə üz-üzə qala bilərik. Yenə də bunun sadələşdirilməsi və həlli bizdən asılıdır. Biz davranışımızı nə qədər tez dəyişəriksə, bir o qədər tez situasiyadan çıxarıq. Amma təhsil nailiyyətlərinin faydalılığı, keyfiyyətə təsirinin qiymətləndirilməsi sonrakı işdir. Biz bu prosesi qiymətləndirdikdən sonra təfsilatı şəkildə ictimaiyyətə bu barədə məlumat verə biləcəyik. E.Əmrullayev bildirib ki, digər sahələr kimi, təhsil sahəsində də postpandemiya dövrünün özünəməxsus tədbirləri, özünəmsus fəaliyyətləri olmalıdır. Həmin fəaliyyət nəticəsində biz mövcud boşluqları aradan qaldırmağa çalışmalıyıq.
Qiymətləndirmə qaydalarının müəyyənləşdirilməsi verilmiş situasiyadan asılı olacaq
Şagird nailiyyətlərinin qiymətləndirilməsi, bu sahədə mümkün yeniliklər barədə məsələyə toxunan E.Əmrullayev qeyd edib ki, qiymətləndirmə Təlimata uyğun olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Qiymətləndirmə qaydalarının müəyyənləşdirilməsi isə verilmiş situasiyadan asılı olacaq. Bu sahədə müəyyən toplanmış təcrübənin olduğunu deyən nazir diqqətə çatdırıb ki, ötən il 2-ci yarımilin sonunda müəyyən tədbirlər, qiymətləndirmə qaydaları tətbiq edilib, şagirdlərin müəyyən formada, onlayn qaydada biliklərinin qiymətləndirilməsi həyata keçirilib. Ancaq birinci yarımilin sonuna hələ vaxt var, bu yanvar ayının sonundadır. İndi yanvar ayının sonu ilə bağlı hansısa proqnoz vermək çox çətindir. Amma fərqi yoxdur, dərslərin distant və ya ənənəvi qaydaya keçməsindən asılı olmayaraq yəqin ki qiymətləndirmənin vahid prinsiplər əasında keçirilməsi təmin ediləcək. “Nazirlik olaraq təbii ki, bizim arzumuz qısa zaman ərzində ənənəvi təhsilə qayıtmaqdır. Ancaq bu, mümkün olmalıdır ki, biz ona qayıdaq. Əvvəl də belə olub. Ancaq mərhələlərlə düşünürəm ki, əgər pandemiya ilə bağlı epidemioloji vəziyyət bizə imkan verərsə ölkənin müxtəlif bölgələrində, yəqin ki, daha tez biz ənənəvi təhsilə qayıdacağıq. Əvvəlki toplanılan təcrübədən - həftədə 2 dəfə - 3 dəfə əvvəl ibtidai təhsil, sonra yuxarı siniflər, müxtəlif bölgələrdə məktəb saylarına baxmaqla, yəni bütün bu alətlərdən istifadə edilməklə həyata keçiriləcək”.
Şagird yerdəyişməsi ilə bağlı səslənən sualı cavablandıran Təhsil naziri qeyd edib ki, bu sistemdə indiki qeyri-müəyyənliyə görə fasilə yaranıb. Amma növbəti həftələrdən təhsil distant formatda bərpa edildikdən sonra şagird yerdəyişmələrinin də həyata keçirilməsi ilə bağlı mövcud sistem texniki olaraq işə salına biləcək.
Yaxşı xəbər ondan ibarətdir ki...
Təhsil naziri müəllimlərin TEAMS proqramına qoşulması, votçap üzərindən təhsilalanlarla ünsiyyət qurması məsələsinə toxunaraq qeyd edib ki, müəllimlərin votçapla tədris aparması məsələnin həll yolu deyil. Həmin linglər başqa yollarla (SMS və s) da valideynlərə göndərilə bilər. Eyni zamanda TEAMS tətbiqinin özünün də belə mesajlaşma funksiyası var. “Xüsusi qeyd edim ki, Təhsil Nazirliyi və aidiyyəti qurumların apardıqları birgə işin nəticəsi olaraq TEAMS yalnız və yalnız təhsil işçisi və təhsilalan hesabı üzərindən işləyəcək”.
E.Əmrullayev vurğulayıb ki, adi vətəndaş, yəni təhsillə bağlı olmayan vətəndaşın TEAMS-dan qeydiyyatdan keçməsi internetdə olan məhdudiyyətlərə görə mümkün olmayacaq. “Yaxşı xəbər ondan ibarətdir ki, artıq TEAMS platformasının tamamilə Azərbaycan dilinə tərcümə prosesi yekunlaşıb və bütün funksiyaların Azərbaycan dilində də təhsilalanlara və təhsil işçilərinə təqdimatı mümkündür. Bu məsələ əvvəllər də qaldırılıb. Artıq Microsoft ilə aparılan iş nəticəsində bu məsələnin həlli mümkün olub”.
Bölgələrdə internet şəbəkənin genişləndirilməsi məsələsinə toxunan Təhsil naziri qeyd edib ki, bu məsələnin həlli çox qısa zamanda baş vermir. “Bizdə ictimaiyyətdə belə bir bir fikirlər səslənir ki, hamıya planşetlər paylanılsa problem düzələr. Hər bir bölgəyə planşetlərin çatdırılması zaman baxımından elə də asan məsələ deyil, bu addım-addım həll olan məsələdir. Növbəti ildən bizim 100 məktəbə fiber optik internet çəkməklə bağlı planımız var və yaxud 10 mindən artıq müəllimin distant təhsilə cəlb edilməsi ilə bağlı layihə planlaşdırılır. Bütün bunları nəzərə alaraq bizim planımız ondan ibarətdir ki, bacardıqca bu istiqamətdə irəliyə doğru gedək”.
Oruc MUSTAFAYEV