Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə may ayında (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 5 421 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 735 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 008 vətəndaş müraciəti daxil olub. 163 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1 216 sənəd (vətəndaşlar tərəfindən 219 ərizə, Təhsil Nazirliyindən 235 digər qurumlardan 273 məktəblərdən 348 məktub, 44 strukturdaxili yazışma və 97 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 299 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edib.
Qeyd edək ki, may ayı ərzində, həmçinin, BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 4 rayonu (Nəsimi, Binəqədi, Xətai və Suraxanı) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.