Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kollektivi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna əlavə olaraq 50 min manat vəsait köçürüb.
ADNSU-dan bildirilib ki, bununla da universitetin və professor-müəllim heyətinin fərdi qaydada könüllü surətdə Milli Orduya göstərdiyi yardımın ümumi həcmi 200 min manatı keçib.
Qeyd edək ki, ADNSU-nun Silahlı Qüvvələrə yardım kampaniyası 4 istiqamətdə həyata keçirilir: Universitetin büdcəsindən yardım fonduna köçürmələr; əməkdaşlar tərəfindən könüllü şəkildə fərdi qaydada köçürmələr; əməkdaşların könüllü şəkildə topladıqları vəsait hesabına cəbhə xəttindəki əsgərlərə göstərilən birbaşa yardım; Ermənistanın təxribatlarına qarşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatlarında iştirak edən ADNSU-nun tələbə, məzun və əməkdaşlarının ailələrinə göstərilən birbaşa yardım.
Bundan əlavə, ADNSU-nun əməkdaşları və Tələbə-Həmkarlar İttifaqı Komitəsinin xətti ilə cəbhədə döyüşən əsgərlərə zəruri geyimlərdən ibarət bağlamaların yola salınması kampaniyası davam edir.
ADNSU hazırkı şəraitdə informasiya müharibəsində də fəal iştirak edir. 20 mindən artıq tələbə və müəllim heyəti universitetin “Facebook”, “İnstagram” və digər sosial şəbəkə hesabları, eləcə də fərdi hesabları vasitəsilə Ermənistanın virtual məkandakı təxribat və dezinformasiya kampaniyasını ifşa edir.