Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Əhməd bəy Ağaoğludur. O, 1869-cu ildə Şuşa şəhərində doğulub. Əhməd bəy 1896-cı ildə #Şuşa Realnı məktəbinə fransız dili müəllimi təyin olunub, Şuşada ilk dəfə qiraətxana-kitabxana açıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışıb.1897-ci ildə Əhməd bəyin həyatının Bakı dövrü başlayıb. Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gəlib, məktəblərdən birində fransız dilinin tədrisi ilə məşğul olub. 1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayıb.
Azərbaycanda maarifçiliyin, ədəbiyyatın, dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan Əhməd bəy jurnalist, pedaqoq, yazıçı və türk dünyasının ictimai-siyasi xadimi kimi tarixə düşüb.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.