Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar, “Dəyirmi masa”lar keçirilib.
Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, BMT-nin Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsi gününə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Tədbirlərdə çıxış edənlər ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbət ilə yanaşdığını, ölkə Prezidenti İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıblar.
“Xoşbəxt olsun uşaqlar”, "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidir", "Hər bir uşaq bir çiçəkdir" adlı tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar, fləşmob, idman nömrələri nümayiş etdiriblər.
Bundan əlavə, tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib