Nəzakət Mehdiyeva: “Müəllimlər şagirdləri fəallaşdırmaq üçün müxtəlif istiqamətləndirici fəaliyyətlər üzərində düşünürlər”
COVID -19-un səbəb olduğu pandemiyanın Azərbaycana da gəlib çatması ilə siniflərdən televiziya ekranlarına köçürülən dərslərin günümüzdə əhəmiyyəti ikiqat artıb. Belə ki, ötən tədris ilində fəaliyyəti dayandırılan məktəblərin öhdəliyinin bir hissəsi teledərslərin üzərinə düşürdüsə, bir hissəsi də onlayn dərslər hesabına ödənilirdi. 2020-2021-ci dərs ili başlayar-başlamaz Azərbaycanda hərbi vəziyyətin elan olunması onlayn dərslərin də qüvvədən düşməsinə səbəb oldu. İnternetin zəifləməsi ilə teledərslər yeganə çıxış yoluna çevrildi.
Hazırda Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət TV” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində yayımı davam etdirilən teledərslər tam yeni formatda, yeni studiyalardan məktəb proqramını paytaxt məktəblisindən ən ucqar kənd məktəbinin şagirdinə qədər hər kəsə çatdırmağa çalışır. Bəs, çatdıra bilirmi?
Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində uğurla davam edən layihədən danışıb:
- Sentyabrın 1-dən etibarən teledərslər həftənin 5 günü saat 10:00-dan 17:00-dək “Mədəniyyət TV” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair izah və təlimatlar təqdim olunur.
- Müəllimlər ötən dərs ilində formalaşan mövcud bazadan seçilir, yoxsa yeni müəllimlər cəlb edilir?
- Çəkilişlərdə ümumilikdə 95 müəllim iştirak edir. Yeni müəllimlərin də prosesə cəlb edilməsi davam edir.
- Müəllimlərin seçim prosesində hər hansı dəyişiklik varmı?
-Yoxdur, seçim əvvəlki qaydada davam edir. Əvvəlcə müəllimlərlə müsahibə keçirilir. Müəllimlərə tapşırıq verilir ki, tədris etdiyi fənn üzrə bir mövzunu 10-12 dəqiqə müddətində təqdim etsinlər. Təqdim olunan dərsdə müəllimin danışığı, izahı, ifadə tərzi, öyrədici tapşırıqlar tərtib etmək bacarıqları qiymətləndirilir. Az vaxt ərzində xeyli sayda müəllimi dinləmişik.
- İbtidai siniflərin dərsləri ilə yuxarı siniflərin dərslərinin sayı fərqlənir, elə deyilmi?
- Bəli, ibtidai siniflər üçün teledərslər hər gün 2 dərs olmaqla həftədə 3 dəfə, yuxarı siniflərdə isə həftənin 2 günü sinfin dərs yükünə uyğun sayda fənn tədris olunmaqla keçirilir. Məsələn, IX sinif şagirdi teledərsə həftənin 2 günü baxır, hər dəfə bir neçə fənn üzrə dərsləri dinləyir.
- Teledərslər, sadəcə ümumtəhsil müəssisələrinin proqramını əhatə etmir, elə deyilmi?
- Elədir. İndiyədək teledərslərdə məktəbəqədər, ümumi təhsil və peşə təhsil səviyyələrini əhatə edən 1000 dərsdən artıq çəkiliş olub. Dərslər Təhsil Nazirliyinin facebook səhifəsində də yerləşdirilirdi, lakin mövcud vəziyyət səbəbindən dərslərin yerləşdirilməsinə ara verilib.
- Bu ildən teledərslər yeni studiyalarda çəkilir. Çəkiliş prosesində başqa hansı dəyişikliklər, yeniliklər olub?
- Qeyd etməliyəm ki, teledərslərin çəkilişinin ikinci mərhələsi daha planlı oldu. Yeni studiyanın qurulması, müəllimlərin metodik hazırlığı üçün müəyyən qədər vaxtımız oldu. Müəllimlər şagirdləri fəallaşdırmaq üçün müxtəlif istiqamətləndirici fəaliyyətlər üzərində düşünürlər.
- Hesab edirsiniz ki, bu, əhəmiyyətlidir?
- Əlbəttə. Bütün başqa amillərə, yüksək hazırlıqlara baxmayaraq teledərslərin uğurlu alınmasında müəllim həlledici rol oynayır. Bilik və bacarıqları məktəbdə müəllimdən almağa öyrənmiş şagird mövcud vəziyyətlə əlaqədar həmin imkandan məhrum qalıb. Bu isə şagirdlərdən müstəqil öyrənmə bacarığının formalaşmasını tələb edir. Biz də çalışırıq teledərslərə elə müəllimləri cəlb edək ki, şagirdlərin müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirən tapşırıqlar hazırlaya bilsinlər və onları araşdırmağa meylləndirməyi bacarsınlar.
Ruhiyyə DAŞSALAHLI