Oktyabrın 22-də Təhsil naziri Emin Əmrullayev YUNESKO tərəfindən virtual formatda təşkil olunmuş Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında iştirak edib.
COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan tədbirdə YUNESKO-nun baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Qutyereş, bir sıra ölkələrin dövlət və hökumət başçıları, Təhsil nazirləri iştirak edib.
Tədbir zamanı Emin Əmrullayev pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib. Eyni zamanda Azərbaycanda yeni dərs ilindən tədris prosesinin hibrid - birbaşa və onlayn formada təşkil edildiyi və məktəblilərin sağlamlığının qorunması üçün lazımi addımların atıldığı vurğulanıb.
Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.