Bu günlərdə Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazır. Otuz ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır.

 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

 

Rektor bildirib ki, cari ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tutması ermənilərin terrorçu, faşist və işğalçı xislətinin daha da pisləşməsini ortaya qoymuş oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğalçı erməni silahlı qüvvələrinin döyüş fəallığını azaltmaq məqsədilə həyata keçirdiyi düşməni sülhə məcburetmə əməliyyatları qısa müddət ərzində möhtəşəm uğurlar əldə olunmasına imkan verdi.

 

Qürurverici haldır ki, məhz Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini dadmış oldu. Ölkə başçısı İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Füzulidə, Cəbrayılda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb.

 

Vurğulayıb ki, Azərbaycan əsgərinin şücaəti sayəsində 27 illik həsrətə son qoyulur, tarixi ədalət bərpa olunur və nəhayət, işğala və təcavüzə əsaslanan status-kvo dəyişdirilir.

 

Təəssüf doğuran odur ki, döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan mənfur düşmən beynəlxalq konvensiyalarda təsbit olunmuş müharibə qaydalarını kobud şəkildə pozur. Belə ki, mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinə də çoxsaylı raket zərbələri endirib. Erməni vandallığını bir daha nümayiş etdirən bu terror aktları və müharibə cinayətləri Xocalı qətliamının davamı olmaqla mülki şəxslərin, o cümlədən uşaqların və qadınların həyatına son qoymuş oldu. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn düşmənin bu cəhdləri uğursuzluğa düçar oldu.

 

Şahin Bayramov qeyd edib ki, ədalətə söykənən və haqq mübarizəsinə əsaslanan xalq-dövlət-ordu birliyi mənfur düşməni qorxuya salmış oldu. Eyni zamanda, “bir millət, iki dövlət” düşüncəsindən güc alan Azərbaycan-Türkiyə həmrəyliyi hər birimizdə böyük qələbəyə əminlik hissi yaradıb. Bütün bunlar, Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndində və işğalda olan digər tarixi torpaqlarımızda dalğalanacağına inamı artırır.

 

Şübhə yoxdur ki, Azərbaycan xalqının böyük ruh yüksəkliyi şəraitində davam edən Vətən müharibəsində əldə edəcəyimiz şanlı qələbə müasir tariximizdə yeni səhifələrin açılmasını şərtləndirmiş olacaq. Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrin memarı möhtərəm Prezidentimizin aşağıdakı fikirləri Azərbaycan dövlətinin strateji baxışlarını aydın ifadə edir: “Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq”.