Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Ordubad rayonu ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyasının cari ildəki nəticələrinə həsr olunan tədbir keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ərazisində arxeoloji qazıntılar zamanı əldə olunan tapıntıların tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası Ordubad rayonu ərazisində 15 ildən artıqdır ki, arxeoloji qazıntılarını davam etdirir. Akademik Plovdağ, Aza, Dəlmə qalada aparılan tədqiqatların uğurlu nəticələrinin müxtəlif illərdə monoqrafiya və elmi məqalələrdə öz əksini tapdığını deyib.

 

Daha sonra AMEA-nın Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə apardığı qazıntı işlərinin yekun nəticələrini diqqətə çatdırıb. Bildirib ki, cari ildə Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntılarını davam etdirib. Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, son tunc dövrünə aid gil küpün içərisində boyunbağısı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib.

 

Arxeoloq həmçinin, Plovdağ yaşayış yerində aşkar olunan keramika qalıqlarından, eləcə də dağ daşından işlənilən tikililərlə bağlı iştirakçılara məlumat verib.

 

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, institutun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir Vəli Baxşəliyev, Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyeva çıxış edərək Xaraba Gilan arxeoloji ekspedisiyasının nəticələrindən söz açaraq Azərbaycan arxeologiyası üçün əhəmiyyətini qeyd ediblər.

 

Tədbir çərçivəsində Xaraba Gilan arxeoloji ekspedisiyasının ərazidə aşkar etdiyi arxeoloji materiallar video görüntü vasitəsi ilə də iştirakçıların diqqətinə çatdırılıb.