Fərid MANSUROV, Olimpiya və ikiqat dünya çempionu: Erməni təmsilçisini məğlub edərək dünya çempionu oldum


“Düşmənin  təxribatlarına cavab olaraq əks-hücuma keçən şanlı ordumuzun qələbələri hər birimizi sevindirir.  Vətənimizin ərazi  bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması   uğrunda döyüşlərdə canından keçən şəhidlərimizə Allah rəhmət eləsin. İndi  onların  ruhu sevinir.  Ona görə ki, uğrunda canından keçdikləri Vətən torpağı  artıq düşmən tapdağından azad olunur”.  Bu sözləri Olimpiya və ikiqat dünya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib. 

 

- Vətən sözlə ifadə olunmayan, insanın canınından, qanından qiymətli bir  varlıqdır: Fərd olaraq hər bir kəs Vətəni  qəlbində yaşadır.  Vətənimiz olan Azərbaycan bizim hüzur tapdığımız bir yerdir.  Təbii ki, insan öz canını  çox sevir. Amma, Vətən görün nə qədər şirin və doğma bir hissdir ki, onun uğrunda hər birimiz canımızı gözümüzü qırpmadan qurban verə bilərik.  Bir şeyi də xüsusi qeyd etmək istərdim ki, biz mənfur və  hiyləgər bir düşmənlə mübarizə aparırıq.  Onlar işğalçılıq siyasəti yürüdürlər, biz isə öz torpaqlarımızı işğaldan azad edirik.  Bu məsələdə xalqımızın birliyini qeyd etmək istərdim. Bu gün hər bir Azərbaycan vətəndaşının istəyi və arzusu  birdir.  Xalqın  bu məsələdə birliyi çox vacibdir. Hamı Azərbaycan  Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  ətrafında sıx birləşib. Ordumuz da xalqımızın sevincini və onun inamını bilir.  Bəli, qürurla deyə bilərik ki, bu gün Azərbaycan ordusu öz ərazi bütövlüyünü təmin edir. İşğalçını yerində otuzdurmağı bacarır.  Bunun nəticəsidir ki,  ermənilər döyüşdə öz postlarını, silah-sursatlarını, tanklarını, zirehli maşınlarını qoyub qaçırlar. Cəsur, döyüşkən, qəhrəman ordumuz düşmən tapdağı altında olan yaşayış məntəqələrimizi bir-bir azad edir.  Mən məğrur, qəhrəman ordumuzla fəxr edirəm. İnşallah, işğal altında olan bütün ərazilərimiz geri qaytarılacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq.  Bu gün Azərbaycan dövlətinin üçrəngli bayrağı Cəbrayılda, Suqovuşanda, Murovdağda, bir sıra yaşayış məntəqələrimizdə dalğalanır.  İnşallah, bu bayraq Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Qubadlıda, Kəlbəcərdə, Zəngilanda  və düşmən tapdağı altında olan digər yaşayış məntəqələrimizdə də dalğalanacaq! Cənab Prezidentimizin dediyi kimi, erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından! Çünki, Qarabağ Azərbaycandır!

 

-  Fərid müəllim, beynəlxalq turnirlərdə, yarışlarda düşmən ölkəsinin təmsilçisi ilə qarşılaşanda hansı hissləri keçirmisiniz?

- Tək mən yox, bir çox idmançılar yarışlarda erməni idmançısı ilə qarşılaşıb. Düşünürəm ki, mənim həmin an keçirdiyim hissləri hər bir idmançı və hər bir Azərbaycan  vətəndaşı keçirib. Danimarkada  dünya çempionatında erməni  rəqibimlə qarşılaşdım.  Həmin an ancaq bir şeyi fikirləşdim. Nəyin bahasına olursa-olsun mən erməni güləşçisini udmalıyam. Finala  çıxmağım və dünya çempionu olmağım barədə düşünmədim. Mənim üçün ən vacib ermənini udmağım idi. Elə oldu ki, həmin yarışda mən erməni və digər ölkələrin təmsilçilərini  məğlub edərək dünya çempionu oldum.

 

Sonda fürsətdən istifadə edib,  xalqımızı torpaqlarımızın işğaldan azad olunması və qələbələrimiz münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirəm. Qeyd etmək istəyirəm ki, mən də ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyə hazıram.  Əsgər qardaşlarımın cismən yanında olmasam da, qəlbim onların yanındadır.  Allah əsgərlərimizi qorusun.

 

Rəşad ZİYADOV