Müharibə əcnəbi tələbələrin gözü ilə
Sentyabrın 27-dən erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz bir sıra yüksəklikləri, kəndləri, yaşayış məntəqələrini düşməndən azad edib, xalqımıza qələbə sevinci yaşadıb. Bununla belə, cəbhə bölgəsində, ətraf şəhər və rayonlarda mülki şəxsləri raket zərbələrinə tutan düşmən əldə olunmuş atəşkəs razılaşmasına məhəl qoymayaraq Gəncədə növbəti dəfə soyqırımı aktı həyata keçirib. Ölkəmizin ayrı-ayrı universitetlərində təhsil alan əcnəbi tələbələr “Azərbaycan müəllimi” qəzetinə açıqlamalarında azğın düşmənə qarşı mübarizədə yanımızda olduqlarını, Azərbaycanın haqq işini dəstəklədiklərini, əzəli torpaqlarımızın tezliklə düşməndən azad olunacağı günü səbirsizliklə gözlədiklərini deyirlər.
“Qarabağ Azərbaycanın tarixi torpağıdır”
Asad Ul İslam,
Pakistan vətəndaşı, Bakı Mühəndislik Universitetinin tələbəsi
- Mən pakistanlıyam, Xırdalanda yaşayıram. Bakı Mühəndislik Universitetində “İnformasiya texnologiya menecmenti” ixtisası üzrə magistrəm. Qarabağ Azərbaycanın tarixi torpağıdır və Qarabağı düşməndən azad etmək Azərbaycanın, azərbaycanlıların haqqıdır. Azərbaycanlılar öz torpaqlarının müdafiəsi üçün vuruşur. 1990-cı ildən bəri ermənilər Azərbaycan torpağını zəbt ediblər. Hətta beynəlxalq mənbələrdə erməni işğalına məruz qalan Azərbaycan torpaqları və Qarabağda nə qədər insanın qətlə yetirilməsinə dair rəqəmlər var. Erməni terrorçuları çox sayda mülki insanlar öldürüb. Onların arasında qadınlar, kişilər, yaşlılar, hətta uşaqlar da var. Düşmənin ən son hücumu Gəncəyə olub, günahsız insanlara qarşı atəş açıblar. Bunun özü bir cinayətdir. Əslində onların mülki insanları hədəfə alması gözlənilən idi. Çünki onlar Xocalı soyqırımını törətmişdilər. Hazırda onlar böyük məğlubiyyət yaşayır və yalan xəbərlərlə özlərini aldadırlar.
Azərbaycanın özünü düşməndən qoruması onun haqq işidir. Mən buradan dünyanın ən güclü ölkələrinə müraciət edərdim ki, bu situasiyaya nəzər yetirsinlər. Məsələni həll yoluna qoysunlar. Beynəlxalq təşkilatlara müraciət edərdim ki, məsələni öz maraqlarına görə deyil, insan haqlarının qorunması üçün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə sülh yolu ilə həll etsinlər.
“Ümid edirəm ki, Azərbaycanın haqlı tələbləri təmin ediləcək”
Nakibullah Əzizi,
Əfqanıstan vətəndaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistri
- Son bir neçə gündə baş verən hadisələr hamı kimi məni də üzür. Humanitar atəşkəs haqqında razılaşmaya baxmayaraq, Ermənistan Azərbaycanın müxtəlif bölgələrinə raket zərbələri endirməyə davam edir. Dinc insanlar, mülki obyektlər Ermənistan ordusu tərəfindən bilərəkdən hədəfə alınır. Dinc şəhərlər və onların sakinləri məhv edilir. Televiziyadan izlədik, Gəncədə balaca uşaqlar yaralanıb, üz-gözləri qanın içində... Bu, dəhşətdir, həmin şəkillərə sakit baxmaq olmur. Onların günahı nədir, nəyə görə belə hadisələri görməlidirlər bu yaşda? Bütün bu hallar insanlıq üçün yolverilməzdir. Müşahidələrim də onu deməyə əsas verir ki, Azərbaycan Ordusu döyüşlərdə onlardan fərqli olaraq düşmənin yalnız hərbi obyektlərinə zərbələr endirir. Orada ölənlər hərbçilərdir, dinc sakinlər deyil. Sizin əsgərlərin dinc əhali ilə işləri yoxdur. Ümid edirəm ki, Azərbaycanın haqlı tələbləri təmin ediləcək, işğal altında olan torpaqlarınız azad olunacaq, insanlar evlərində rahat yaşayacaqlar.
“Dünya ermənilərin yalanlarına inanmamalıdır”
Osman Muhammed Said,
Sudan vətəndaşı AzMİU-nun “İnşaat” fakültəsinin IV kurs tələbəsi
- Artıq 4 ildir ki, Azərbaycandayam, burada çoxlu dostlarım, tanışlarım var. Qardaşım 9 il əvvəl burada oxuyub, bacılarım da hazırda Tibb Universitetində təhsil alırlar. İndi Azərbaycan mənim ikinci ölkəm kimidir. Ona görə burada, cəbhədə baş verənləri diqqətlə izləyirəm. İnsanların, uşaqların həlak olması xəbərləri gəlir, insanlar kədərlənir. Bu vəziyyət bizi də narahat edir. Ermənilərin uydurduqları yalanlara inanmırıq. Terrorçu onlardır, dinc insanları - uşaqları, qadınları öldürürlər. Sizin torpaqları ələ keçiriblər, insanları ev-eşiklərindən didərgin salıblar. İnsanlığa sığmayan vəhşiliklər törədirlər, amma özlərini humanist, sülhsevər xalq kimi göstərməyə çalışırlar. Biz bunları yaxşı bilirik. Sizin xalqınız çox mehriban və istiqanlıdır. Bunu həmişə hiss eləmişəm, ətrafımdan, dostlardan özümə qarşı həmişə isti münasibət görmüşəm. Ona görə bu gün dünya ermənilərin yalanlarına inanmamalıdır, Azərbaycanın dinc vətəndaşlarına qarşı yönələn bu hücumlara susmamalıdır.
“İraq xalqı bu gün Azərbaycan xalqının yanındadır”
Mostafa Alvan Ghanim,
İraq vətəndaşı, Xəzər Universitetinin mühəndislik fakültəsinin tələbəsi
- Dağlıq Qarabağın erməni işğalından azad edilməsi Azərbaycan xalqının bu gün yazdığı ən parlaq tarixi qalibiyyətlərindən biridir - bu tarixi yazan bir çox qəhrəman görürük. Azərbaycanın Qarabağ torpağında baş verənlər İraqın Mosul şəhərində baş verənlərlə eynidir və İraq xalqı terrorizmə qarşı müharibəsində Azərbaycan Respublikasına, xalqına və hökumətinə dəstək verməyi unutmur. İraq xalqı bu gün Azərbaycan xalqının yanındadır. Ümid edirəm, sülh qalib gələcək. Gəncə şəhərində günahsız vətəndaşların və müdafiəsiz uşaqların bombalanması yolverilməzdir, beynəlxalq ictimaiyyət və İslam dünyası bu qanun pozuntularına qarşı mübariz olmalıdır. Bütün şəhidlər üçün Allahdan rəhmət, bütün yaralılara şəfa diləyirəm.
“Qarabağ Azərbaycana məxsusdur”
Mohammad Abubakar Mohammad,
Nigeriya vətəndaşı, Xəzər Universitetinin Afrika tələbələri birliyinin rəhbəri
- Mənim fikrim budur ki, Ermənistan qanunun aliliyinə hörmət etməlidir. Təbii olaraq Azərbaycana məxsus olan bu bölgəni boşaltmalıdır. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket atəşinin açılması ilə çoxlu sayda mülki şəxs həlak oldu və bir çox insan yaralandı. Ermənilərin bu hərəkəti BMT, AB və dünya tərəfindən tamamilə qınanmalıdır. Azərbaycanda bir xarici tələbə olaraq Azərbaycan haqqında araşdırmalarımı bu ölkəyə gəlməmişdən öncə etmişdim. Azərbaycan sülhpərvər ölkədir, insanları qayğıkeş və sevimlidirlər. Şübhəsiz ki, Qarabağ bölgəsi Azərbaycana məxsusdur. Buna görə də bölgə qanuni sahibinə geri qaytarılmalıdır.
“Bu çətin dövrdə siz tək deyilsiniz: Pakistan Azərbaycanın yanındadır”
İmtiaz Ahmad,
Pakistan vətəndaşı, Xəzər Universitetinin mühəndislik fakültəsinin tələbəsi
- Bir pakistanlı olaraq Qarabağ bölgəsindəki mövcud vəziyyət məndə narahatlıq və təəssüf hissi doğurur. Bu, Ermənistanın Azərbaycana və mülki əhalisinə təcavüzünün nəticəsidir, insanlığa ziddir. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalı beynəlxalq hüquqa ziddir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə xələl gətirir. Gəncə hadisəsi, Ermənistanın günahsız vətəndaşları hədəfə alan əsl vəhşi simasıdır. Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər. Ermənistan hərbi əməliyyatlarını dayandırmalıdır. Pakistan dünyada Ermənistanı bir dövlət kimi tanımayan yeganə ölkədir. Pakistan Azərbaycanın haqq işinə ardıcıl və birmənalı dəstək verir. Bir pakistanlı olaraq mesajımı Azərbaycana və xalqına çatdırmaq istəyirəm ki, bu çətin dövrdə siz tək deyilsiniz, Pakistan Azərbaycanın yanındadır. Qarabağ Azərbaycana məxsusdur və tezliklə sizin olacaq.
Oruc MUSTAFAYEV