Təhsil işçiləri, elm xadimləri, məktəblilər Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini bəyan edirlər
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə rəşadətli ordumuzun 27 il öncə işğal olunmuş torpaqlarımızın mərhələ-mərhələ azad olunması istiqamətində əldə etdiyi uğurlardan qürur hissləri keçirdiyimizi bildiririk.
27 il Cəbrayıl həsrəti ilə yaşayan ahıl həmyerlilərimiz, Cəbrayılı kiçik yaşlarında məcburən tərk etmiş orta yaşlı insanlarımız, Cəbrayıl haqqında yalnız valideynlərindən eşitmiş gənclərimiz igid əsgərlərimiz rayonumuzun ərazisində addımladıqlarını görəndə sevincdən göz yaşlarını saxlaya bilmirlər.
Həmin vaxtdan başlayaraq ölkə iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiyası, elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafı və müasir dövlət quruculuğu üçün həyata keçirilən layihələrin nəticələri bu umidlərimizin əsassız olmadığını təsdiqlədi.
Siz ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası ətrafında ölkəmizin iqtisadi, siyasi, sosial və hərbi qüdrətinin yüksəldilməsi istiqamətlərində apardığı məqsədyönlü fəaliyyəti öz məntiqi sonluğuna çatdırmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək əzmindəsiniz. Bu gün Azərbaycan xalqının iqtidar-müxalifət də daxil olmaqla bütün zümrələri Sizin ətrafınızda birləşərək ölkəmizin milli mənafeyini və ərazi bütövlüyünün müdafiəsinə səfərbər olmuşdur.
2003-cü ildən başlayaraq Sizin rəhbərliyinizlə ölkədə həyata keçirilən uğurlu islahatlar və xüsusən silahlı qüvvələrimizin gücünün dünya səviyyəsinə qaldırılması hər bir vətəndaşımızda ordumuza və onun Ali Baş Komandanına inam hisslərini qat-qat artırdı.
Sizin son illərdə “Qarabağ düyünü”nün açılması istiqamətində dünyanın şər qüvvələrinin kürəyini yerə vuran qrossmeysterlərə məxsus gedişləriniz o qüvvələrin bir çoxunu neytrallaşdıra bildi. Bu problemin həlli üçün Sizin bilavasitə iştirakınızla aparılmış çoxsaylı danışıqlarda, müxtəlif beynəlxalq səviyyəli platformalarda, o cümlədən BMT-nin, Qoşulmamaq Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının kürsülərindən beynəlxalq hüququn müddəalarına və tarixi həqiqətlərə söykənən inamlı və məntiqli çıxışlarınız dünyanın siyasi aləmində Azərbaycanın haqq işini tanıtdırdı.
Nəhayət, bu ilin iyul ayından indiyədək 30 ildən artıq bir müddətdə əzab-əziyyətini yaşadığımız münaqişənin həllini sürətlə yaxınlaşdıran qətiyyətli addımlarınız ölkə ictimaiyyətini vahid şəkildə ətrafınıza toplayaraq qələbəyə səfərbər etdi.
Sentyabrın 27-dən başlayaraq hərbi əməliyyatlar üçün verdiyiniz əmrlərin davamlı olaraq uğurla yerinə yetirilməsi ilə yanaşı bu müddətdə beynəlxalq səviyyədə edilən təzyiqləri məharətlə dəf etməyiniz, dünyanın aparıcı televiziya kanallarında Azərbaycanın haqlı mövqedə olduğunu əsaslı şəkildə sübut etməyiniz düşməni zəlil gündə qoydu və hər bir Azərbaycan vətəndaşında ölkə Prezidentinin dünya miqyaslı siyasətçi və hərbi strateq olduğunu bir daha sübut etdi.
Bütün Cəbrayıl camaatının adından Sizə və fəaliyyətinizə daim hərtərəfli dəstək verən Birinci vitse-prezident Mehriban xanıma bizlərə belə möhtəşəm qələbə sevincini bəxş etdiyinizə görə dərin minnətdarlığımızı bildiririk.
Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, ailə səadəti və Azərbaycanın dünya dövlətlərinin sırasında daha da yüksək mövqe tutması yolunda böyük uğurlar arzulayırıq.
Bizim gözlərimiz Qarabağdadır, ordumuzun cəbhədəki yeni uğurlarını gözləyirik.
Bu gün “Torpaq - uğrunda ölən varsa, Vətəndir” devizi altında hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində iştirak etməyi, lazım gələrsə şəhidlik zirvəsinə yüksəlməyi özünə şərəf hesab edərdi.
Əminik ki, yaxın günlərdə Sizin “twitter” səhifənizdə yeni rayonlarımızın, qəsəbələrimizin, kəndlərimizin, nəhayət Dağlıq Qarabağın işğaldan azad olduğu haqqında xəbərləri oxuyacağıq, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunacaq.
Bununla Siz bir milyondan artıq vətəndaşlarımızın doğma yurdlarına qayıtmasını, əlli milyondan artıq azərbaycanlının bir yumruq kimi birləşməsini təmin edəcəksiniz.
Bundan əlavə, Siz mənfur düşmənlərimizin “böyük Ermənistan” xülyasının üstündən birdəfəlik xətt çəkmiş sərkərdə olaraq dünya tarixinə düşəcəksiniz. Çünki bu xülyanın təsirinin yönəldiyi Türkiyə, Rusiya və Gürcüstan xalqları ermənilərin özgə torpaqlarını ələ keçirmək alqoritmini Qarabağdakı hadisələrdən öyrənəcək və “böyük Ermənistan” xülyasını yalnız virtual aləmdə saxlamaq üçün əllərindən gələni edəcəklər.
Allah Sizi və rəşadətli ordumuzu qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Dərin hörmət və ehtiramla,
Cəbrayıl ziyalılarından bir qrupu
Ramiz Hümbətov - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, Həsən Hüseynov - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, Havar Məmmədov - Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, Qəzənfər Kazımov - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Novruz Quliyev - AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Çingiz Quliyev - Əməkdar həkim, tibb elmləri doktoru, professor, Əhməd Məmmədov - Əməkdar mühəndis, texnika elmləri doktoru, professor, Nailə Verdizadə - Kimya elmləri doktoru, professor, Hüseyn İbrahimov - Fizika-riyaziyyat elmləri doktoru, professor, Qənimət Səfərov - İqtisad elmləri doktoru, professor, Farda İmanov - Coğrafiya elmləri doktoru, professor, Eldar Hüseynov - Tibb elmləri doktoru, professor, Əyyub Kərimov - Fəlsəfə elmləri doktoru, professor, Sahib Fərzəliyev - Texnika elmləri doktoru, professor, Tahir Kazımov - Əməkdar mədəniyyət işçisi, Yaqut Abdullayeva - Əməkdar artist, Kərəm Əliyev - İqtisad elmləri namizədi, Zemfira Mehdizadə - Fizika-riyaziyyat elmləri namizədi, Ramiz Hüseynov - Texnika elmləri namizədi, Natiq Əhmədov - Texnika elmləri namizədi, dosent, Arzuman Bayramov - Texnika üzrə fəlsəfə doktoru
Bakı şəhəri
Hörmətli və əziz Prezidentimiz.
İndi biz, bütün Azərbaycan hər gün, hər saniyə qələbə sevinci ilə yaşayırıq. O günü səbirsizliklə gözləyirik.
Kaş əsgər yaşında olaydım və çox istəyərdim ki, Vətənimizin bu günündə, Qarabağ Qələbəsində mənim də payım olsun.
Mənim əmim Samir Xasıyev də torpaqlarımızın azadlığı uğrunda şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır. Mən əmimlə fəxr edirəm. Qələbədə payım olmasa da, yaşım çatanda respublikamızın sərhədlərinin yadelli işğalçılardan qorunmasında mütləq iştirak edəcəyəm.
Hörmətlə,
Xasıyev Nicat,
Bakı şəhəri 82 saylı orta məktəbin 9-cu sinif şagirdi
Salam, İlham baba.
Mənim 11, qardaşım Ziyanın 7 yaşı var. Biz hərbçi övladlarıyıq. Sizə və Ordumuza çox təşəkkür edir və uğurlar arzulayırıq.
Sizin sayənizdə ordumuz bu gün çox uğurla irəliləyir. İnşallah, tezliklə qələbə qazanarıq və atam da böyük zəfərlə evimizə geri dönər.
Allah Azərbaycanı və Sizi qorusun! Biz hər zaman Sizinləyik!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Qafarlı Səmidə Rəşad qızı,
Gəncə şəhəri, şagird
Azərbaycan xalqının əvəzedilməz möhtərəm Prezidenti,
cənab Ali Baş Komandan.
Siz artıq biz ağdamlıların 27 illik həsrətinə son qoyursunuz. Ağdam camaatı, bütün qarabağlılar Sizin arxanızdadır, bütün xalq bu haqq savaşında Sizinlə həmrəydir. Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür.
Cənab Prezident, mənim iki övladım hazırda döyüş bölgəsində igid əsgərlərimizlə çiyin-çiyinə torpaqlarımızın azadlığı uğrunda mübarizə aparır. Mən bir ana kimi bununla qürur duyuram.
Allahdan bircə arzum var. Ağdamımız, Qarabağımız yağı düşməndən tezliklə azad edilsin. Sizin Ağdama ilk gəlişinizdə 27 ədəd qurban nəzir etmişəm ki, Sizin ayaqlarınız altında kəsilsin. Çünki 27 ildən sonra bizə həyat bəxş edən Sizsiniz, əziz xilaskarımız.
Biz Sizinləyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Nərminaz Nəcəfova,
Ağdam rayon 36 saylı məktəbin direktoru,
Binəqədi rayonu, Mehdiabad qəsəbəsi