Sumqayıt Dövlət Universitetində I kursa qəbul olunan bakalavr və magistrantların universitetlə tanışlıq görüşləri keçirilib.
SDU-nun rektoru, professor Elxan Hüseynov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Rektor cəbhə bölgəsində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində işğal olunmuş torpaqlarımızın bir qismində artıq Azərbaycan bayrağının dalğalanmasına diqqət çəkib, xalqın bu qələbələrdən qürur hissi keçirdiyini deyib.
Universitetin tarixi, müasir inkişaf mərhələləri barədə məlumat verən E.Hüseynov onu da bildirib ki, Sumqayıt Dövlət Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini gündən-günə genişləndirən ali təhsil ocağıdır. Onun sözlərinə görə, müasir texnoloji imkanlar universitetdə geniş tətbiq olunur ki, bu yeniliklər tələbələrin təhsilalma imkanlarını daha da əlçatan edir.
Görüşdə ayrı-ayrı fakültələrin dekanları tələbə adını qazanan gəncləri təbrik edib, təhsilə və gəncliyə göstərilən dövlət qayğısından danışıblar.
SDU-da tələbələr üçün yaradılmış şərait, ali təhsil müəssisəsində mövcud olan mərkəzlərin fəaliyyəti, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, Microsoft Teams və Zoom platformaları üzərindən onlayn şəkildə keçirilən dərslər, müxtəlif formatlı elektron məlumatlar və kitabxanadan istifadə qaydaları haqqında tələbələrə məlumat verilib.
Hər tələbə öz ixtisasına uyğun auditoriya və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda, əcnəbi dinləyicilərin hazırlıq otağında, Erasmus+Petra təlim və öyrənmə mərkəzində, Erasmus+ Moodle elektron laboratoriyasında, Linqvistik mərkəzdə və açıq səmada elektroenergetika üzrə Tədris muzeyi , eləcə də yüksək gərginlikli yarımstansiya Tədris poliqonu ilə tanış olublar.
Sonra tələbələr asudə vaxtlarının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol,voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş köşklərə baxıblar. Bildirilib ki, universitetin idmançı tələbələri respublika, Avropa, Asiya və dünya səviyyəli idman yarışlarında iştirak edirlər.
Qeyd edək ki, I kursa qəbul olunan bakalavr və magistrantların universitetlə tanışlıq görüşləri oktyabrın 16-dək davam edəcək.