Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı və tələbəsi birgə təşəbbüslə Vətən müharibəsi çərçivəsində düşmənlə informasiya mübarizəsində fəal iştirak edir. Əsas məqsəd işğalçı Ermənistan tərəfindən yayılan saxta və təxribatçı məlumatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə töhfə verməkdir.
Universitetdən bildirilib ki, MDU kollektivinin fəal üzvləri sosial şəbəkələrdə işğalçı ölkənin insanlığa qarşı yönələn müharibə cinayətləri, mülki şəxsləri ağır artilleriyadan atəşə tutması və ön cəbhədən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə raket zərbələri endirilməsi barədə dəqiq məlumatlar paylaşırlar. Əsasən Facebook, Twitter və İnstagram hesablarında fəallıq göstərən tələbə və əməkdaşlar Azərbaycan, ingilis və rus dillərində paylaşımlara üstünlük verirlər. Onlar düşmən tərəfindən paylaşılan yalan məlumatların ifşa olunmasına yardım göstərməyə çalışırlar.
Eyni zamanda, MDU fəalları belə bir həssas dövrdə sosial şəbəkələrdə yalnız rəsmi qaynaqlara əsaslanan məlumatların yayılması zəruriliyi barədə təbliğat aparılmasına da xüsusi diqqət yetirirlər.
Qeyd edək ki, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad olunması istiqamətində aparılan Vətən müharibəsinin ön cəbhəsində MDU-nun kafedra müdiri, bir neçə əməkdaşı və məzunu da xidmət edir.