Həqiqət Əzimova: “Arzu etmədən bu peşəni seçənlər daha ağır fəsadlara yol açırlar”


Həqiqət Əzimova 1951-ci ildə Şabran rayon Pirəbədil kəndində ziyalı ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsini bitirdikdən sonra, məzunu olduğu T.Abbasov adına Şabran şəhər 1 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1985-ci ildən isə Şabran şəhər R.Yusifov adına 2 nömrəli tam orta məktəbdə fəaliyyətini davam etdirib. Pedaqoji fəaliyyəti müddətində olimpiadalara hazırladığı şagirdlər yüksək nəticələr göstərib, dərs dediyi çoxlu sayda şagird ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Onlar arasında Həqiqət müəllimin ixtisasını seçənlər də az deyil. Həqiqət Əzimovanın rəhbərlik etdiyi siniflərin qəbul göstəricisi adətən 80%-dən çox olub. O, əzmkar pedaqoji fəaliyyətinə görə dəfələrlə rayon rəhbərliyi tərəfindən təltif olunub. 1985-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Baş müəllim”, 1989-cu ildə “Ali kateqoriyalı müəllim” adlarına layiq görülüb, 2008-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Şagirdlərinin və müəllim kollektivinin sevimlisi, rayon ictimaiyyətinin böyük rəğbətini qazanmış Həqiqət müəllimlə müsahibəmizi təqdim edirik.

 

- Həqiqət müəllim, rayon təhsilinin ləyaqətli vətəndaş yetişdirmə missiyasının sizin çiyinlərinizə düşən  payı az olmayıb və bunun öhdəsindən layiqincə gəlmisiz. Bəs məktəb sizin  həyatınızda hansı yeri tutur?

 

- Mən elə uşaqlıqdan təhsil mühitində olmuşam. Atam müəllim olub. Elə müəllimlik peşəsinə sevgini də ilk olaraq məndə o yaradıb, bu peşəni mənə sevdirib.

 

Bildiyiniz kimi, Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbi bitirmişəm. Mən orada  çox güclü müəllimlərdən dərs almışam. Şagird olanda da məktəbə böyük həvəslə gedirdim, müəllim kimi də indi böyük həvəslə gəlirəm. Bu həvəs məndə bir gün belə azalmayıb. Hər gün eyni həyəcan, eyni şövq, eyni həvəs...

 

Məktəbi, təhsili mənim həyatımın mərkəzinə müəllimlərim gətirib. Həmin müəllimlər ki, onlar dərsi bizə sinifdə öyrədirdilər. Biz müəllimlərə müqəddəs varlıqlar kimi baxırdıq. Düzdü, onlar bizimlə müəyyən məsafəni saxlayırdılar, amma eyni zamanda diqqət və qayğılarını da hiss edirdik. Mənə elə gəlir, bu, çox həssas məqamdır. Həm o məsafəni saxlamaq, həm də uşaqlara sevgini, diqqətini hiss etdirmək.  Mən də bu barədə hər zaman müəllimlərimi örnək götürmüşəm.

 

İndi görürəm, bəzi müəllimlərdə sanki o tarazlığı qorumağa, müəllim-şagird münasibətlərinə elə həssas yanaşmağa, bunun üzərində hətta düşünməyə belə həvəs yoxdur.  Bunun səbəbi isə məlumdu. Qəbul müsabiqəsində olan çatışmazlıqlar. Bəzən müəllimliyə həvəsi olmayan uşaqlar da gedib müəllimlik peşəsinə yiyələnirlər. Bu da bu gün rastlaşdığımız naxoş ab-havaya səbəb olur.

 

- Siz  lap əvvəldən öz peşənizi dəqiqləşdirmişdiniz?

 

- Bəli. Özü də çox gözəl yadımdadı. Biz C.Məmmədquluzadənin “Poçt qutusu” əsərini keçirdik. Müəllim mənə hekayəni oxutmağa başladı. “ Noyabr ayının 12-ci günü idi...”. Hə, bu cümlə mənim yaddaşıma silinməz şəkildə həkk olunub. Həmin gün evə gəldim və dedim ki, mən mütləq ədəbiyyat müəllimi olacam.

 

Yəni, uşaq özü əmin olmalıdır ki, nəyi istəyir. Çünki peşə insanın ömrü boyu bir hissəsini təşkil edir. Düzgün peşə seçilməzsə həmin insan natamam qalır və bu da cəmiyyətə öz təsirini göstərir. Xüsusən, arzu etmədən  müəllim peşəsini seçənlər  daha ağır fəsadlara yol açırlar.

 

Bu sahədə isə həm də aidiyyəti qurumun üzərinə iş düşür. Təklif edərdim ki, ixtisas seçimi qruplar daxilində də yarımqruplara ayrılsın və müəllim peşəsi kimi önəmli və məsuliyyətli bir peşə üçün müəyyən xüsusi həssaslıq göstərilsin. İndi məsələn, yüksək balla müəllimlik peşəsini seçənlər üçün xüsusi təqaüd ayrılır. Bu, çox gözəl addımdır. Amma fikrimcə, yenə də bu sahədə edilməli olan dəyişikliklər var.

 

Bir də, başqa bir məsələni qeyd etmək istəyirəm. Mənim üçün ən həssas mövzulardan biri də budur. Azərbaycan dili və ədəbiyyatın qəbul proqramında ayrılması. Azərbaycan dili və ədəbiyyatı ata və anadır. Onları ayırmaq olmaz. Vicdanlı, milli dəyərlərə bağlı vətəndaş yetişdirmək, mütaliəsiz demək olar ki, mümkün deyil.  İndi isə mütaliə çox zəifdir. Mən deyərdim ki, hətta yoxdur.  Uşaqlar kitabxanaya getmir.

 

Bunun nədən qaynaqlandığı da məlumdu. Bir tərəfdən, indi informasiya bolluğu dövrüdür, bir tərəfdən də, həmin o bayaq qeyd etdiyim məsələ; ancaq öz qruplarına daxil olan fənləri oxuyurlar və deyirlər ki, bu bizə lazım deyil.  Uşaq bunu  dərk etmir. Dərk etmir ki, əslində hansısa peşəyə yiyələnsə də, yiyələnməsə də ilk olaraq əsl insan kimi yetişmək, şəxsiyyətini formalaşdırmaq, özünü dərk etmək üçün ədəbiyyat ona mütləq lazımdır.

 

- Sizcə, uşaqları necə cəlb etmək olar, kitabxanaya, ədəbiyyata?

 

- Birinci, ədəbiyyatı bütün qruplara salsınlar, ikinci, müəllimlər uşaqlarda həvəs yaratmağa çalışsınlar və bunun üçün mümkün bütün metodlardan istifadə etsinlər. Mən əvvəllər hər ay “S.Vurğun həftəsi” keçirirdim. Uşaqların hamısına tapşırıqlar verilir, oxuduqları kitab haqqında yazılı rəyləri toplanır, şifahi təqdimatları dinlənirdi. Hər dəfə uşaqlarda daha böyük həvəs müşahidə edirdim. Bilirəm, indi həmin tədbirlərə uşaqları cəlb etmək asan deyil. Amma bunu deyib dayanmaq da bir müəllimə yaraşmaz. Hər zaman bir həll yolu vardır, sadəcə o yolu tapmaq lazımdı. Bir də, məktəbdə rəhbərlik tərəfindən yüksək tələbkarlıq lazımdır. Məktəbdə ciddilik hökm sürməlidir. Cəmiyyət nə qədər inkişaf etsə, nə qədər böyük dəyişikliklər olsa da, hər zaman üçün düzgün olan və dəyişməməli qaydalar var. Bunlardan biri də məktəbdə ciddi, tələbkar ab-havanın hökm sürməli olmasıdır.

 

-  Ümumiyyətlə, şagird nailiyyətinə aparıb çıxaran yol necə olmalıdır?

 

- Bilirsiz, müəllim peşəsi çox şərəfli olmaqla yanaşı, həm də çox məsuliyyətli, həssaslıq tələb edən peşədir. Və məsələ də ondadır ki, əsl müəllim məsuliyyətli olmağa çalışmır, onun məsuliyyətsiz olmaq kimi nə bir fikri, nə bir hissi olur. Əsl müəllim məsuliyyəti genində daşıyır, hər bir nəfəsində. 

 

Mən gənc yaşda bir oğul itirdim. Bu bir ana üçün çox böyük dərddir. Amma mən bu dərdi bir dəfə də olsun məktəbə daşımadım. Məktəbin darvazasına qədər gəlib o dərd mənimlə, içəri girəndə isə artıq mən övladını itirmiş bir ana yox, gələcəyi əllərinə əmanət edilən uşaqların anası - Həqiqət müəlliməm. Övlad dərdimi evdə çəkməliyəm, məktəbdə isə şagirdlərimin oxuması dərdini...

 

Şagirdin uğuruna aparan yolda pillələri müəllimlər və valideyn düzür. Bunlardan birində çatışmazlıq olarsa, şagird çox çətinlik çəkir və təəssüf olsun ki, bir çox halda uğura yetə bilmir.

 

Bəzi müəllimlər sinif rəhbəri olmağın mahiyyətini tam dərk etmirlər. Sinif rəhbəri olmaq ikiqat məsuliyyətdir. Daha çox həmin sinfə diqqət etməli, maraqlanmalı, nailiyyət üçün çalışmalısan. O sinifdə oxuyan şagirdlərin hər bir problemi ilə bir müəllim olmaqla yanaşı, sinif rəhbəri kimi maraqlanmalısan.

 

Sinif rəhbəri olduğum vaxtlarda hər gün sinif  jurnalındakı qiymətləri şagirdlərin özləri ilə müzakirə edirdim. “Niyə bu gün filan fəndən aşağı qiymət almısan? Nə çətinliyin var?”, tez-tez valideyn iclası keçirirdim. İndi bəzi valideynlər də daha səthi yanaşırlar övladlarının təhsilinə. Sanki hər şeyi müəllimdən gözləyirlər.

 

- Əvvəlki valideynlərlə indiki valideynlər arasında nə fərq var? Münasibət sizi qane edirmi?

 

- Atam rayon təhsil şöbəsində Metodkabinet müdiri olub. Çox işləyirdi. Amma buna baxmayaraq bizim təhsilimizlə yaxından maraqlanırdı. Hər gün dərslərimi soruşurdu. İşdən evə gec gəldiyi vaxtlar olurdu. Bir gün məni yuxudan oyadıb “Əlifba”nı soruşdu. Bir səhv elədim. Onda atam başımı sığallayıb dedi:  “Ağıllı qızım, mən əllərimi yuyub yeməyə oturunca sən səhv elədiyin hissəni yenidən öyrən”.  Elə də oldu. Atam məndən dərsimi soruşub sabaha hazır olduğuma əmin olandan sonra yemək masasına əyləşdi.

 

Mən hər zaman şagirdlərimin valideynlərinə deyirəm ki, hər şeyi atın kənara, siz indi övladınız üçün gələcək qurmağa çalışırsız, amma onlar üçün ən yaxşı gələcək onların təhsilidir. Buna əsas diqqət edin, övladlarınızın təhsili ilə maraqlanın. Qalan hər şeyi onlar özləri qazanacaq. Savadlı, təhsilli övladlar sizin xoşbəxt qocalığınızdır.

 

- Əgər müəllim olmasaydınız?

 

- Bunu təsəvvür belə etmək istəmirəm. Mənim həyatım mənasız, rəngsiz olardı. Uşaqların mənim həyatıma qatdığı rəngləri, onlar sayəsində hiss etdiyim qürur duyğusunun yerini başqa bir sənətlə doldurmaq olmazdı.

 

Mənim artıq 66 yaşım var. Fiziki olaraq qocalsam da, mənən çox cavanam. Bu, şagirdlərimin sayəsindədir.  Bəzən fikirləşirlər ki, müəllimin müəyyən olunmuş yaşı tamam olubsa işdən çıxmalıdır. Və çox vaxt gənclər bunu elə etinasızlıqla ifadə edirlər ki... Onların işləməyə ehtiyacı var, bunu mən anlayıram. Mənim indi hər şeyim var, maddi baxımdan heç nəyə ehtiyacım yoxdu.

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi