Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, dosent İlhami Əliyevin “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan” (XVIII əsrin I yarısı) adlı monoqrafiyası çapdan çıxıb.
Tədqiqat əsərində ilk dəfə olaraq XVIII əsrin birinci yarısında Azərbaycan Səfəvi və Əfşar dövlətlərinin daxili, Rusiya və Osmanlı dövlətlərinin xarici siyasətində Azərbaycan və bu siyasətdə Naxçıvanın yeri araşdırılıb.
Naxçıvanda XVIII əsrin birinci yarısında baş verən siyasi proseslər araşdırıldıqdan sonra aydın olub ki, tarixin bu dönəmində bir sıra Azərbaycan bölgələri kimi Naxçıvanda da ictimai- siyasi vəziyyət sabit olmayıb.
1700-1747-ci illəri əhatə edən monoqrafiyada əldə olunmuş faktlar təhlil və müqayisə edilərək çıxarılan elmi nəticələr ümumiləşdirilib. Əsərin sonunda ingilis dilində onun yığcam şəkildə icmalı verilib.
Məlumat üçün bildirək ki, aparılan tədqiqatın əsas mənbəşünaslıq bazasını müxtəlif illərdə ölkəyə səfər edən əcnəbi diplomat, səyyah, coğrafiyaşünas, eləcə də tarixçilərin əsərləri və yol qeydləri təşkil edib.