* Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

 

* Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür.

 

* Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır.

 

* Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək.

 

* Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bu, bizim tarixi torpağımızdır.

 

* Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

 

* Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də  bunu  yaxşı  bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var.

 

* Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət  bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm.

 

* Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız.

 

* Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar  və  bütün  Azərbaycan  xalqı  sizinlə  qürur  duyur.  Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

 

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sentyabrın 30-da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşündə Ali Baş Komandanın çıxışından