“Almaniyada təhsil aldığım müddətdə yiyələndiyim elmi biliklərimi, araşdırma təcrübəmi Bakı Dövlət Universitetindəki tədrisimdə tətbiq etməyə çalışacağam”
Məlumdur ki, müasir dünya reallıqları şəraitində hər bir ölkənin inkişafı yüksək ixtisaslı, müasir səriştə və bacarıqlara sahib insan kapitalından, onun intellektual səviyyəsindən çox asılıdır. Bu isə bir çox hallarda ölkənin davamlı inkişafında həlledici rol oynayan elmi-tədqiqatçıların hazırlanmasını zərurətə çevirir. Bu mənada 2018-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ölkəmizdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfədir. Proqram çərçivəsində doktorantura təhsili almaq hüququ qazanan gənclərimizdən biri də Asif Mustafayevdir. O, hazırda Almaniyanın Köln Universitetində “Kibercinayətkarlıq” ixtisası üzrə PhD/doktorantura təhsili alır. Əvvəlcə müsahibimizlə yaxından tanış olaq.
Tanıtım: 1984-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. 2001-ci ildə Aşağı Layısqı kənd orta məktəbini bitirib. Elə həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanında rayon üzrə ən yüksək - 678 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 2005-ci ildə bakalavr pilləsini uğurla başa vurub. 2007-2013-cü illərdə Azərbaycan Respublikasının ədliyyə orqanlarında çalışıb.2013-cü ildə Köln Universitetindən dəvət alıb, təhsilini Almaniyada davam etdirib. 2014-2017-ci illərdə Köln Universitetinin hüquq fakültəsinin magistratura pilləsini “Dövlət hüququ, beynəlxalq hüquq və Avropa Birliyi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda, 2016-cı ildən həmin universitetin hüquq fakültəsində media cinayətkarlığı, informasiya texnologiyaları hüququ, beynəlxalq cinayət hüququ əsas olmaq üzrə dövlət imtahanı pilləsində əsaslı hüquq təhsili alıb. 2018-ci ildə Köln Universitetinin hüquq fakültəsində iki professorun elmi rəhbərliyi altında “Kibercinayətkarlıq sahəsində Almaniya və Azərbaycan qanunvericiliyinin beynəlxalq normalarla birlikdə müqayisəli təhlili” mövzusunda doktorantura təhsilinə başlayıb. 2019-cu ildən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasında alman bölməsində Avropa hüququ istiqamətində saathesabı dərs deyir. Ədliyyə Akademiyasında kibercinayətkarlıq mövzusunda təlimçi olaraq çıxış edir. 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
- Dövlət Proqramına qəbul olunmağınız barədə təəssüratlarınız necədir?
- Dövlət Proqramına qəbul olunmağımın mənim üçün böyük bir nailiyyət olduğunu düşünürəm. İstər sənəd qəbulu, istərsə də ümumilikdə qəbul prosesi həqiqətən yüksək səviyyədə təşkil olunmuşdu. Öncə bildirim ki, sənəd qəbulu beynəlxalq səviyyədə təqaüd fondlarının sənəd qəbulu şərtləri və prosesləri ilə müqayisədə daha asan, əlçatan və praktik xarakter daşıyırdı. Qəbul prosesi və müsahibə mərhələsi öz yüksək keyfiyyətli təşkilatçılığı ilə yadımda qaldı. Müsahibə mərhələsinə olduğun ölkədən “skype” proqramı ilə online qoşulmaq imkanı yaradılmışdı. Müsahibə mərhələsi video kamera ilə çəkiliş də daxil olmaqla, çox şəffaf formada aparıldı. Pandemiya dövrünə düşməsinə, əməkdaşların evdən çalışmalarına baxmayaraq, proses dövründə yaranmış bütün suallara, bütün məsələlərin həllinə yüksək diqqət, peşəkarlıq ilə yanaşılmışdır. Bunun üçün bu prosesdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.
Universitetlərimizin elmi bazasının zənginləşdirilməsi
- DP-nin yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasında rolunu necə qiymətləndirirsiniz?
- Öncə bildirim ki, bu proqram bizim hər zaman vacibliyini dilə gətirdiyimiz bir işi görməkdədir. Belə ki, universitetlərimizin elmi bazasının zənginləşdirilməsi üçün bu proqram əvəzsiz önəm daşıyır, çünki doktorantura təhsili üçün göndərilmiş şəxslər dünyanın ən qabaqcıl universitetlərində elmi işlərini müdafiə edəcəklər. Bu universitetlərin hər biri yüksək elmi-tədqiqat ənənəsinə, seçilmiş professor-müəllim heyətinə malik olduqları üçün qabaqcıl universitetlər sırasındadırlar. Bu elm ocaqlarında, onların elmi çevrəsində yetişmiş şəxslərin vətənə qayıdaraq çalışacaqları universitetlərdə necə faydalı olacaqlarını təsəvvür etmək çətin deyildir. Bu proqramın əhatə etdiyi illər ərzində elm adamlarımızın xarici ölkələrin qabaqcıl universitetlərində təhsil alması ilk mərhələdə kifayət edəcəkdir ki, universitetlərimizə yeni nəfəs gəlsin, ali məktəblərimiz dünya universitetləri ilə elmi rəqabətə girə bilsin. Bu proqram təkcə ixtisaslaşdığımız elm sahələri baxımından deyil, təhsil aldığımız xarici universitetlərdəki elmi disiplini, ənənəni, elmi-tədqiqat atmosferini, elmə olan marağı və digər bu kimi universitetlərin keyfiyyət seçimində önəmli olan xüsusiyyətləri ölkəmizin universitetlərinə gətirmək təcrübəsinin formalaşması baxımından da çox önəmlidir.
“Kibercinayətkarlıq sahəsində beynəlxalq qanunvericiliyin müqayisəli təhlilini araşdırıram”
- Doktorant olaraq hansı mövzu üzərində işləyəcəksiniz? Tədqiqat mövzunuz dünyada nə dərəcədə prioritetdir?
- Elmi işim hazırda daha çox aktuallaşmaqda olan kibercinayətkarlıq mövzusundadır. Doktorluq işimdə kibercinayətkarlığın və bu sahədəki Almaniya, Azərbaycan və beynəlxalq qanunvericiliyin müqayisəli təhlilini araşdırıram. Kibercinayətkarlıq tarixi baxımından yeni, yəni, informasiya texnologiyalarının ortaya çıxması ilə bərabər yaransa da, hazırda ən sürətlə inkişaf edən, tədqiqatına ciddi elmi potensial ayrılmalı olan bir sahədir. Çünki texnologiya sürətlə inkişaf edir. Bu kateqoriyadan olan cinayətlər də öz qurbanlarının sayına görə dünyada ən geniş yayılmış əməllərdəndir. Transmilli xarakter daşıması, cinayətlərin üstünün açılmasındakı çətinliyi, bəşəri təhlükələrə səbəb olma və digər bu kimi xüsusiyyətləri baxımından kibercinayətkarlıq və onun tədqiqatı hazırda dünyanın ən qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutlarının diqqət mərkəzindədir.
- Tədqiqatlarınız tərəfdaş universitetə nə kimi töhfələr verə bilər?
- Bir universitetin beynəlxalq nüfuzunun və rəqabətliliyinin yüksəldilməsinin əsas şərtlərindən biri onun elmin yeni sahələrində tədqiqat qabiliyyətinə, müasir dövrlə ayaqlaşa bilən elmi bazaya yiyələnməsidir. Bu baxımdan ən geniş yayılmış və ən geniş insan kütləsini öz qurbanına çevirən kibercinayətlərə də universitetlərimiz geniş yer ayırmalı, bu sahənin hər yöndən tədqiq edilməsinə diqqət göstərməlidir. Tərəfdaş ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin hüquq fakültəsində kibercinayətkarlıq sahəsi yeni bir sfera sayılır və ona görə də ciddi tədqiqatı diqqətdə saxlamaq zərurəti yaranır. Dissertasiya mövzusunun seçilməsində həmçinin ölkəmizdə bu sahədə aparılan tədqiqatların azlığı da böyük rol oynamışdır. Doktorluq dissertasiyamı uğurla başa vurduqdan sonra bu sahədə ixtisaslaşmış elm adamı kimi ilk görmək istədiyim işlərdən birincisi fakültəmizdə bu sahəyə diqqətin artırılmasına, bu sahənin ayrıca, yaxud media cinayətlərinin tərkibində tədris edilməsinə nail olmaqdır. Bununla yanaşı, fakültənin tərkibində media və kibercinayətkarlıq mərkəzinin yaradılmasına nail olmağa çalışacağam ki, bu da öz növbəsində tələbələr arasında bu sahəyə marağın artırılmasına, kibercinayətkarlıq sahəsində mütəxəssislərin yetişdirilməsinə yol açacaqdır. Bütün bunların Bakı Dövlət Universitetinin kibercinayətkarlığı hüquqi tərəfdən dərindən ələ alan və tədqiqatını aparan universitet kimi ölkədə və dünyada öz layiqli yerini tutması yolunda töhfəsini verəcəyinə inanıram. Bundan başqa, Almaniyada təhsil aldığım müddətdə yiyələndiyim elmi biliklərimi, metodologiyanı, araşdırma təcrübəsini, elmi işgüzarlığı, elmi disiplini və cavabdehliyi də Bakı Dövlət Universitetindəki tədrisimdə bacardığım qədəri ilə aşılamağa, tətbiq etməyə çalışacağam.
“İnformasiya texnologiyaları ilə yanaşı kibercinayətkarlıq da inkişaf etməkdədir”
- Kibercinayətkarlıq son illərdə ən sürətli inkişaf edən elmi istiqamətlərdəndir. Bu nə ilə bağlıdır?
- Tamamilə doğrudur. Biz artıq informasiya texnologiyasının çox sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu inkişaf o qədər sürətlidir ki, adi bir texnoloji yenilik bir ildən sonra xeyli köhnəlmiş hesab oluna bilir. Süni intellekt, robot texnologiyası artıq elə bir inkişaf həddindədir ki, yavaş-yavaş bu texnologiya artıq insanları əvəz etməyə başlayıb. Əksər peşə sahibləri bu dəyişikliyə məruz qalacaqdır. Kibercinayətlərin meydana çıxması təxminən elektron hesablayıcı maşınların yaranması və inkişafı ilə eyni dövrə təsadüf edir. İnformasiya texnologiyaları inkişaf etdikcə kibercinayətkarlıq, onun törədilmə üsulları, məsuliyyətdən yayınma imkanları da inkişaf etməkdə, dəyişməkdədir. Burada ortaya çıxan ən böyük problem ondan ibarətdir ki, kibercinayətkarlıq hüququ informasiya texnologiyasının inkişafı ilə ayaqlaşa, onun yüksək inkişaf sürətinə yetişə bilmir. Bu, isə öz növbəsində bu sahədəki qanunvercilikdə xeyli boşluqların, bəzən ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Artıq robotlar tərəfindən törədilən əməllərə (robot crime), eləcə də süni intellektin səhvlərinə görə məsuliyyət məsələsi yeni hüquqi problem sayılır. İnsanlar artıq günlərinin xeyli hissəsini virtual aləmdə keçirir, öz işlərini internet üzərində görməyə başlayıb. Son illər ölkədə onlayn alqı-satqı kifayət qədər artmağa, müxtəlif yerli və xarici saytlar vasitəsilə vətəndaşlarımız dünyanın istənilən ölkəsindən müxtəlif mallar sifariş etməyə başlayıb. Bu tendensiya xüsusilə mövcud pandemiyaya görə daha da sürətlənmiş oldu. Bu, özlüyündə rahatlıq, stressiz bir alqı-satqı növü olsa da, təbii ki, mənfi tərəflərini də özü ilə gətirməkdədir. Belə ki, internet üzərindən sifariş verən hər bir şəxs öz şəxsi məlumatlarını, bank hesab nömrələrini bəyan etməlidir. Bu da öz növbəsində pishing (müxtəlif manipulyasiya vasitələrilə şəxsi məlumatların ələ keçirilməsi) üçün əlverişli imkan deməkdir. Artıq insanların bank hesablarından cüzi məbləğlərin naməlum formada yoxa çıxması ölkədə nadir qarşılanacaq bir hadisə deyildir. Şübhəsiz ki, bunların əksəriyyəti avtomatlaşdırılmış formada aparılan pishing hücumlarının nəticəsidir. İnformasiya texnologiyasının, digitallaşmanın yüksək sürətli inkişafı, real əməliyyatların artıq internet üzərindən həyata keçirilməsi internet və kompüter cinayətlərinin sayının və çeşidlərinin artması ilə nəticələnəcək. Qeyd edilənlər xüsusilə hazırkı dövrdə pandemiya səbəbilə daha da sürətli bir hal alması ilə bizim kibercinayətlərə hazırlıqsız məruz qalmağımıza, habelə mübarizə strategiyamızı formalaşdırmaqda ləngiməyimizə səbəb ola bilər. Bu da öz növbəsində strateji baxımdan həssas olan sözügedən sahəyə xüsusi diqqətlə yanaşılmasını labüd edir.
“Texnoloji metodların tətbiqində daha da diqqətli olmalıyıq”
- Mövcud pandemiya şəraiti təhsildə müxtəlif texnologiyaların tətbiqini qaçılmaz etdi. Texnologiyaların zərərli təsirlərindən, xüsusən də təhsil sahəsində, qorunmaq mümkündürmü? Bu barədə nə kimi tövsiyələriniz olardı?
- Doğrudur. Təsadüfi deyil ki, dünya, eləcə də ölkəmiz rəqəmsallaşma və həyatımızda informasiya texnologiyalarının tətbiqində 10 ilə qət edəcəyi inkişaf yolunu bir virusun səbəb olduğu pandemiya müddətində keçmiş oldu. Biz hazırlıqsız olmağımıza baxmayaraq, təhsildə müxtəlif proqramların tətbiqi vasitəsi ilə uzaqdan tədrisi həyata keçirməyə məcbur olduq. Burada söhbət xüsusilə məktəblilərdən getdiyi üçün həmin texnoloji metodların tətbiqində daha diqqətli olmalıyıq. Bu zaman xüsusilə şagirdləri onların şəxsi məlumatlarının, video və şəkillərinin etibarlı formada qorunmasına təminat verən metodlar tətbiq edilməlidir. Çox vacib olmadığı halda əlavə məlumatların bəyan, onların surətlərinin əlavə edilməsindən yayınmaq lazımdır. Çünki tətbiq etdiyimiz bütün proqramlar ayrı-ayrı transmilli korporasiyalara məxsusdur və onların bizim məlumatlarımızı hansı formada və necə qoruduğundan heç də həmişə əmin ola bilmərik. İnternet üzərində qeyri-etik materialların, şantaj və hədə-qorxu kimi halların geniş yayıldığı bu dövrdə gənc nəsli bu cür neqativ əməllərdən qorumağa borcluyuq. İnanıram ki, İT sahəsində kifayət qədər mütəxəssisə sahibik və onlar artıq bütün bunları nəzərə almaqdadır. Ən əsas tövsiyəm isə valideynlərə ondan ibarət olardı ki, uşaqların bütün gün ərzində kompüter arxasında vaxt keçirmələrinə, onların kompüter oyunlarına aludə olmamalarına, real sosial həyatdan qopmamalarına diqqət etməlidirlər. Bu strateji və gələcəyimizi maraqlandıran bir problemdir. Hazırda isə biz ümid edək ki, pandemiya tez bir zamanda aradan qalxsın və tezliklə normal tədris yoluna qayıdaq.
- Kibercinayəkarlıq sahəsində kadr hazırlığına necə baxırsınız və bu məsələni ölkəmiz üçün nə dərəcədə prioritet hesab edirsiniz?
- Öncə də qeyd etdiyim kimi, kibercinayətkarlıq durmadan sürətlə inkişaf edir, şaxələnir, mücərrədləşir. Bu cinayətlərə qarşı mübarizənin ən effektiv üsulları, texniki, təşkilati və digər bu kimi sahələrə aid tədbirlərdən ibarətdir. Ancaq yalnız texniki tədbirlər kifayət etmir. Kifayət qədər effektiv, adekvat qanunvericilik aktları işləyib hazırlamaq, qəbul və tətbiq etmək baxımından ictimai-hüquqi münasibətlər də bu mübarizədə önəmli rol oynamaqdadır. Burada xüsusilə qabaqcıl ölkələrin qanunvericilik, hüquqi təcrübəsini araşdıran, bu təcrübəni mənimsəyən hüquqşünasların yetişməsi çox önəmlidir. Bu, həm də ona görə önəmlidir ki, kibercinayətkarlıq transmilli cinayətlər kateqoriyasına daxildir və onlara qarşı mübarizə beynəlxalq əməkdaşlığı vacib edir. Məsələn, bizə qarşı hər hansı bir ölkədən törədilən kiber hüquq pozuntusunun cəzalandırılması üçün vacibdir ki, həmin ölkədə də bu əməl cinayət sayılsın. Bu isə ölkə qanunverciliklərinin beynəlxalq normalara uyğunlaşdırılmasından keçir. Beynəlxalq təcrübəyə, beynəlxalq hüquqi aktlara kifayət qədər bələd olan hüquqşünas-ekspertlərə sahib olmağımız imkan verəcək ki, öz qanunverciliyimizi beynəlxalq standartlara uyğunlaşdıra, qanunvercilikdəki hər hansı bir boşluğu müəyyən edib aradan qaldıra bilək. Bu, çox önəmlidir.
- Gələcək hədəfləriniz barədə.
- Hazırda kibercinayətkarlıq sahəsində qanunverciliyini və təcrübəsini araşdırdığım Almaniya bu cinayət əməllərini müəyyən edərək öz milli qanunverciliyinə daxil edən ilk ölkələrdəndir. Bir çox ölkələr Almaniyanın bu sahədəki təcrübəsindən geniş faydalanır. Qeyd edim ki, oxuduğum Köln Universitetinin hüquq fakültəsi hüquq tədrisi baxımından Almaniyada 5-ci sırada dayanır. Hesab edirəm ki, ölkəmizin bu sahədəki qanunverciliyinin, hüquq ədəbiyyatının zənginləşməsi üçün faydalı işlər görə bilərəm. Fikrimcə, elmi fəaliyyətimin ilk obyekti birbaşa cinayət hüququ ilə bağlı ədəbiyyat olmalıdır. Bu baxımdan istərdim ki, əldə etdiyim nəzəri və praktiki biliklərimi hüquq ədəbiyyatlarında, kommentariyalarda və digər qaynaqlarda əks etdirərək, internet və kompüter cinayətlərinin həmin qaynaqlarda daha aydın və dolğun formada təsvir olunmasına nail olum, eyni zamanda həmin mənbələrin zənginləşdirilməsinə, həmçinin qanunverciliyimizin təkmilləşdirilməsinə öz töhfəmi verim.
Bununla yanaşı, bu sahədə tədqiqat aparan bir elm adamı kimi təhsilimizin və onun timsalında Bakı Dövlət Universitetinin inkişafı, uğur qazanması üçün səylərimi əsirgəməyəcəm. Mənim Almaniyada özümü daha rahat, qayğısız hesab etdiyim, getmək üçün darıxdığım, saatlarla məhsuldar elmi işlə məşğul olduğum yer Köln Universitetidir. Bunu, fikrimcə, əksər alman universitetlərinə şamil etmək olar. Alman universitetləri öz elmi aurası, pozitiv enerjisi ilə tələbələri təhsilə, elmə cəlb etməkdədir. Bu, mənim arzum və uzaq hədəfimdir ki, doğma Bakı Dövlət Universiteti də bu xüsusiyyəti ilə həmişə seçilmiş olsun. Ümidvaram ki, universitetimizin bundan sonrakı inkişafı da uğurla davam etdiriləcək, milli tariximizin dəyərli bir hissəsi olan bu təhsil ocağı yalnız öz tələbə kontingentinin deyil, bütün Azərbaycan gəncliyinin intellektinə işıq tutacaqdır. İnanıram ki, doktorantı olduğum proqram bu arzumun reallaşmasına öz töhfəsini verəcəkdir.
Oruc MUSTAFAYEV