Rəşad Xanlarov: “Uzaqdan təhsil zamanı, ixtisasdan asılı olaraq müxtəlif onlayn simulyatorlardan istifadə etməyi nəzərdə tuturuq”
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbə qəbulu yekunlaşdı. Nəticələr həm də tələbatın göstəricisidir. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən müəssisə 2020-2021-ci tədris ilinə böyük yeniliklərlə başlayıb. Mərkəzin direktoru Rəşad Xanlarov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində tələbə qəbulunun nəticələrindən və yeni dərs ilinə hazırlıqlarından danışıb.
- 2020-2021-ci tədris ili üçün keçirilən qəbul prosesi hər yerdə yekunlaşdı. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vəziyyət necədir?
- Bütün peşə müəssisələrində olduğu kimi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində də qəbul prosesi yekunlaşmaq üzrədir. Qeyd edək ki, digər peşə müəssisələri ilə müqayisədə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi pilot mərkəz olduğundan qəbul prosesi 3 mərhələdə: iyulun 6-31-i, avqustun 10-24-ü və sentyabrın 4-14-ü tarixlərində həyata keçirilib. Üç mərhələ üzrə ümumilikdə 900 müraciətçi müsabiqədə iştirak edib.
- 3 mərhələdə keçən qəbul prosesinin nəticəsi necədir? İxtisaslar üzrə yerlər dolub?
- Bilirsiniz ki, ən müasir texniki baza ilə təchiz olunmuş mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrotexnika, avtomatika və inşaat istiqamətləri üzrə artıq 2019-cu ildən etibarən kadr hazırlığı aparılır. 2020-2021-ci tədris ili üçün bu istiqamətlərin “Torna və frezer dəzgahlarının operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Mebel ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” ixtisasları üzrə 1, “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə 3 illik (subbakalavr) təhsil üzrə ümumilikdə 640 vakant yer elan olunub. Bu il üçün nəzərdə tutulmuş qəbul planı üzrə qəbul göstəricisi keçən illə müqayisədə daha yüksək olub. Dövlət hesabına olan bütün ixtisaslar üzrə ayrılmış yerlər dolub. Vakant yerlər, sadəcə ödənişli əsaslarla təhsil həyata keçirilən bir necə ixtisas üzrədir. Avtomobil və İKT istiqamətləri üzrə müraciət sayının çoxluğu artıq qəbulun birinci mərhələsindən müşahidə olunurdu. Qəbul prosesinin sonunda bu istiqamətlər üzrə, təhsil növündən asılı olmayaraq, boş yer qalmayıb. Subbakalavr qruplarının dolması da bu pilləyə olan tələbatın göstəricisidir.
- İlk subbakalavr qrupu neçə nəfər olacaq?
- 2020-2021-ci tədris ilindən etibarən Mərkəzdə subbakalavr dərəcəsi üzrə yüksək texniki peşə təhsil pilləsi üzrə təhsil verilir. İlkin olaraq “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatı” ixtisaslarına qəbul elan olundu. Hər ixtisas üzrə bir qrup fəaliyyət göstərəcək və hər bir qrupda artıq 20 nəfər təhsilalan yerləşdirilib. Növbəti illərdə mərkəzdə tədris olunan digər 6 ixtisas üzrə subbakalavr dərəcəsinin tətbiqi nəzərdə tutulub. Xüsusi ilə qeyd etmək istərdim ki, sözügedən 3 illik proqram da koreyalı mütəxəssislərlə birlikdə ölkənin sənayedə olan kadr ehtiyaclarına uyğun hazırlanıb. Bununla yanaşı, ilkin mərhələdə Azərbaycan Texniki Universiteti ilə razılıq əldə olunub. Razılığa əsasən, subbakalavrlarımız təhsilini AzTU-da davam etdirmək imkanı qazanıblar.
- Dərsin formatı necə olacaq?
- Mövcud karantin vəziyyətini nəzərə alaraq tədris ilinə ikinci və üçüncü kurs tələbələri ilə başladıq. Onlarla onlayn dərslər davam edir. 2020-2021-ci tədris ilinə yazılanlar üçün məsafədən təhsilin oktyabrın 1-dən başlanılması nəzərdə tutulub. Oktyabrın 15-dən karantin qaydalarına tabe olmaqla hibrid təlim formatı - həm onlayn və əyani dərslər tətbiq ediləcək.
“Microsoft” ilə əməkdaşlıq çərçivəsində “Microsoft Teams” proqramından onlayn dərslər təşkil etmək üçün istifadə etdik. Müvəffəqiyyətli təcrübəmizi digər peşə təhsili müəssisələrinin mühəndis və müəllim heyəti üçün təlimlər verərək bölüşdük. Bu məqsədlə xüsusi bir layihənin icrasına başladıq. Bu layihə onlayn dərslə yanaşı, onlayn platforma yaratmağı təmin edir. Beləliklə, həmkarlarımız internet üzərindən tədris materialı yaratmağı və ondan istifadə edərək dərs keçməyi öyrəndilər.
Bir çox insan zəif internet sürətinin məsafədən öyrənməyə mane ola biləcəyinə inanır. Bu vəziyyətdə onlayn dərsi qeyd etmək və saxlamaq mümkündür. Yəni, şagird hər hansı səbəbdən bir dərsi buraxıb, daha sonra proqrama qoşulmaqla video dərsi izləyə bilər. Yeri gəlmişkən, bütün dərsliklərimiz də rəqəmsallaşdırılıb və onlayn əldə edilə bilər. Distant təhsilin əyani təhsili tamamilə əvəz edə bilməyəcəyini başa düşürük, lakin mövcud pandemiya şəraitində bu üsul ən yaxşı həll yoludur.
Uzaqdan təhsil zamanı, ixtisasdan asılı olaraq müxtəlif onlayn simulyatorlardan istifadə etməyi nəzərdə tuturuq. İnformasiya və kommunikasiya texnologiyaları ilə əlaqəli ixtisaslar üçün kodlaşdırma şəklində praktiki hissə və ya qrafik dizaynın yaradılmasının da onlayn həyata keçirilməsi tədris prosesində heç bir problem yaratmır.
- Mərkəzlə bağlı gözləntilər böyükdür. İnfrastruktur baxımından tələbələrin tələbatı tamamilə ödənilirmi? İstər verdiyi təhsil, istərsə də onlar üçün yaratdığı şəraitə görə.
- Əlbəttə. Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Belə ki, mərkəzdə tətbiq olunan kurikulumlara əsasən təşkil olunan tədris prosesinin 60-70 faizi praktiki məşğələlərdən ibarətdir. Bu da təhsilalanların tədris olunan materialları daha yaxşı qavramasına və təcrübi bilik və bacarıqlara yiyələnməsinə imkan yaradır.
Mərkəz 30-dan artıq yerli və xarici şirkətlərlə dövlət-özəl tərəfdaşlıq modeli əsasında əməkdaşlıq edir. Qurulan əməkdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də tədris olunan kurikulumlara dair tərəfdaş şirkətlərin müvafiq şöbələri tərəfindən rəylər hazırlanır. Bunun əsas məqsədi isə tətbiq olunan tədris proqramının dinamik dəyişən əmək bazarına uyğunlaşdırılmasıdır. Bu isə tələbələrin peşəkar bacarıqlarının inkişafına, təcrübə proqramları və təkmilləşdirmə kursları keçirilməsinə, həmçinin məzunların tərəfdaş şirkətlərdə iş imkanları əldə etməsinə şərait yaradır.
Artıq ötən ilin məzunlarının bir qismi Abşeron Avtomobil Mərkəzi (“Mercedes Benz”), “İmprotex Motors” (“BMW”, “BMW Motorrad”, “MINI”, “Rolls-Royce” və “Yamaha”), STP, Bakı Gəmiqayırma Zavodu, “Şərq Motors”, “Bravo”, “Helind”, STDC, “Global İnteriors Group”, “Yeni Həyat” kimi şirkətlərdə işlə təmin olunublar. Bu əməkdaşlıq çərçivəsi həm genişləndirilir, həm də inkişaf etdirilir. Yeni tədris ilinin başlanması ilə əlaqədar işlə təmin olunan məzunlarımızla yeni təhsilalanlar üçün istiqamət məqsədli müsahibələr aparırıq. Onlar Sənaye və İnnovasiyalar üzrə BDPTM haqqında ümumi fikirlərini, burada təhsil almağın onlara qazandırdığı üstünlükləri bizimlə bölüşürlər. Həmçinin xüsusi bacarığı olan, lakin ixtisas seçimində tərəddüd edən şəxslərə peşə təhsilinin onlara nə qazandıracağı, nə üçün bu mərkəzi seçmələrinin üstünlük olduğunu göstərən video materiallar hazırlanır.
Şəraitə gəlincə, müasir təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, 2 yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyib. Tədris prosesinin effektivliyinin artırılması üçün mərkəz 4300-dən çox texniki avadanlıqla təchiz olunub. Yataqxanaların hər birində 90 tələbənin yaşaması üçün zəruri olan şərait yaradılıb. Hər iki yataqxana binası yeni tədris ilindən etibarən fəaliyyətə başlayır.
- Necə bilirsiniz, tələbələriniz daha çox məktəb məzunudur, yoxsa işləyən, pul qazandığı işin incəliklərini öyrənmək istəyənlər? Bəlkə peşə təhsil sənədinə ehtiyac duyan çoxdur?
- Artıq ilkin mərhələdə keçirdiyimiz müsahibələr zamanı yeni tələbələrimiz haqqında ümumi fikir formalaşıb. Ötən ilin təcrübəsi də onu göstərdi ki, mərkəzdə təhsil almaq istəyənlər arasında tam orta təhsil müəssisələrini bitirmiş tələbələrlə yanaşı, müxtəlif yaş kateqoriyalarında, fərqli peşə sahibləri, eləcə də ali təhsilli və magistr pilləsinə çatmış şəxslər də mərkəzdə təhsil almağa çox maraqlıdırlar.
Ruhiyyə DAŞSALAHLI