Prezident İlham Əliyevin sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsindən

 

* Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi. Çünki görürdü ki, Azərbaycan gəncləri təhsildən kənarda qalırlar və beləliklə, gələcəkdə onların inkişafı və yüksək yerlərə çıxması problemli ola bilər.

 

* Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu.

 

* İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqında yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edilirdi, Azərbaycanda hərbi texnika istehsal olunurdu. Bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu.

 

* Hələ Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, böyük nifrət hissi var idi, mən bunu dəqiq bilirəm. Bunun nəticəsində Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Heydər Əliyev amili imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun yaxın ətrafı demək olar ki, ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı.

 

* İndi baxın, müstəqillik dövründə, hələ 30 ili tamam olmayıb, amma biz hansı işləri görürük. Bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir… Bu gün biz infrastruktur layihələrinin  təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik... Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi.

 

* Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların  sayına  görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.

 

* 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz Dağlıq Qarabağı müvəqqəti olaraq itirdik. Mən bugünkü müsahibədə müstəqilliyə qədər bəzi məqamları dilə gətirdim ki, Azərbaycan ictimaiyyəti bu hadisələri unutmasın, gənc nəsil də bunu bilsin. Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Bu haqda kifayət qədər tarixi sənədlər var. İkinci erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!