Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Memarlığın əsasları” kafedrasının müdiri, Əməkdar memar, professor Nazim Nağıyev Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Bu barədə universitetin Elmi Şurasının iclasında AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova məlumat verib. Professoru 75 illik yubileyi münasibəti ilə təbrik edən rektor nazirliyin döş nişanını ona təqdim edib.

 

Məlumat üçün qeyd edək ki, N.Nağıyev görkəmli memar, dəyərli alimdir. Müxtəlif illərdə “Azdövlətlayihə” İnstitutunda şöbə rəisi, Azərbaycan Dövlət Tikinti Komitəsinin mənzil-ictimai tikinti baş idarəsinin rəisi, Moskva şəhərinin Bakıda yerləşən  böyük filialının “Sentrosoyuzproyekt” Layihə İnstitutunun baş mühəndisi, sonra isə direktoru kimi çalışıb. 1989-cu ildə Azərbaycan Respublikasının Dövlət Tikinti Komitəsinin sədr müavini, sonralar sədrin birinci müavini, sədr əvəzi vəzifələrinə qədər yüksəlib. 1996-cı ildən AzMİU-da çalışır, müxtəlif illərdə “Memarlıq və şəhərsalma” kafedrasında professor, memarlıq fakültəsinin dekanı, 2001-ci ildən isə “Memarlığın əsasları” kafedrasının müdiri kimi fəaliyyət göstərir. 20-dən çox elmi-tədqiqat işinin, 40-dan artıq elmi məqalənin, bir sıra dərsliklərin, iki monoqrafiyanın müəllifidir. 1992-ci ildə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, 1994-cü ildə həmin akademiyanın vitse-prezidenti, 2000-ci ildə birinci vitse-prezidenti seçilib. 1995-ci ildə Azərbaycan Dövlət Tikinti Komitəsinin İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun fəxri doktoru adına layiq görülüb. 1990-cı ildə Azərbaycanın “Əməkdar memarı” fəxri adı, 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.