Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyasının təqdimatı keçirilib.

 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra elmin bütün sahələri üzrə ardıcıl və sistemli tədqiqatlar aparılır, elmi-tədqiqat işlərinin nəticələri respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə işıq üzü görür. Alim rəhbərlik etdiyi institutun fəaliyyəti dövründə 80-ə yaxın kitab, monoqrafiya, dərslik və dərs vəsaitlərinin işıq üzü gördüyünü, “Cəlil Məmmədquluzadə yaradıcılığında etnoqrafiya məsələləri” adlı monoqrafiyanın da aktuallığı ilə diqqəti cəlb edən tədqiqat əsərlərindən biri olduğunu deyib.  

 

F.Səfərli vurğulayıb ki, Aytəkin Qəhrəmanova XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqının real həyat tərzini özünəməxsus şəkildə əks etdirən görkəmli ədibin yaradıcılığında təsvir olunan ailə-məişət adətlərini, sənətkarlıq sahələrini, təsərrüfat həyatı məsələlərini etnoqrafik baxımından tədqiqata cəlb edib.

 

Sonra institutun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov sözügedən monoqrafiyaya dair məruzə ilə çıxış edib.

 

İnstitutun Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyeva və kiçik elmi işçi Səbuhi Həsənov da mövzu ətrafında çıxış edərək əsərin elmi dəyərindən danışıblar.