Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin rəhbəri, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvləri- Məsumə Məmmədova və Ramiz Alıquliyev, həmçinin Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının hazırlanmasında yaxından iştirak edən İnformasiya Texnologiyaları və Dilçilik institutlarının əməkdaşları, o cümlədən Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin ingilis, alman, fransız, italyan, ispan və fars dilləri üzrə mütəxəssisləri, media nümayəndələri iştirak ediblər.
Akademik İ.Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin müstəqillik qazanması Azərbaycanın dövlət dil siyasətinin yeni əsaslar üzərində qurulmasına və dövlət quruculuğu işində dilin mühüm amili hesab edilməsinə, dil siyasəti sahəsində aparılan işlərin daha da genişlənməsinə üfüqlər açıb:” Dünyanın qədim dillərindən biri olan Azərbaycan dilində hələ XIII əsrdən etibarən yazılı ədəbiyyat nümunələri yaranıb, ərsəyə gəlib. Azərbaycan dili türk dilləri, ümumiyyətlə dünya dilləri içərisində özünün zənginliyinə, geniş potensialına görə xüsusi yer tutur. Təsadüfi deyildir ki, Azərbaycan dili uzun illər Qafqazda ümumünsiyyət dili statusunda çıxış edib”.
İ.Həbibbəyli Sovetlər Birliyi dönəmində o zamankı rejimin sərt maneələrinə baxmayaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olduğunu xatırladıb. Vurğulayıb ki, Ulu Öndər istər əvvəlki dövrlərdə, istərsə də müstəqillik illərində Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin geniş spektrdə inkişafına mühüm töhfələr verib.
AMEA-nın birinci vitse-prezidenti daha sonra diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4-cü bəndi Milli transliterasiya standartlarının hazırlanması məsələlərini özündə ehtiva edir. Akademikin sözlərinə görə, adıçəkilən Dövlət Proqramının digər bəndi – 6.3.9. Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanmasına həsr olunub.
Akademik, həmçinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərində Milli transliterasiya standartlarına və bu standartlar əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması məsələlərinin yer aldığını vurğulayıb.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə Milli Transliterasiya Sisteminin veb-saytını təqdim edib. O, onlayn mühitdə işləyəcək açıq sistem olan transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fransız, alman dilləri üçün nəzərdə tutulduğunu söyləyib. Həmçinin onun “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb.
S.Məmmədzadə bildirib ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilib və bu konvertasiya cədvəlləri vasitəsi ilə mətnləri Azərbaycan dilindən ingilis, rus, fransız, alman, ispan, fars dillərinə və həmin dillərdən Azərbaycan dilinə transliterasiya etmək mümkündür.
Məruzəçi veb-saytda mətnlərlə yanaşı, həmçinin qeyd olunan dillərdə fəaliyyət göstərən istənilən veb-saytın transliterasiyasının da mümkün olacağını vurğulayıb: “Bunun üçün istifadəçilər saytın transliterasiyası bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliyyət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”.
Tədbirdə çıxış edən Dilçilik İnstitutunun şöbə müdiri, professor İlham Tahirov qeyd edib ki, Milli Transliterasiya Sistemində Azərbaycan dilinə xas olan mətnlərin 8 xarici dilə transliterasiyası – konvertasiyası həyata keçirilib. Alim ana dilimizdə olan şəxs adlarının, coğrafi adların, toponimlərin əcnəbi dillərə konvertasiyası prosesində qarşıya çıxan çətinliklər, xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyasının spesifik xüsusiyyətləri barəsində ətraflı danışıb.
İ.Tahirov vurğulayıb ki, transliterasiya yazının hərfi tərkibinin (hərf-hərf) bir qrafikadan digərinə, bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərflərinə keçirilməsidir. Alim çıxışında, həmçinin transliterasiya və transkripsiya məsələlərinin qarşılıqlı əlaqəsinə də toxunub.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu öz çıxışında orta əsrlərdə ərəb və fars əlifbaları ilə yazılan Azərbaycan dilli əsərlərin, bədii ədəbiyyat nümunələrinin, həmçinin “Molla Nəsrəddin” jurnalının, “Əkinçi” qəzetinin Azərbaycan dilinə transliterasiyası məsələlərindən danışıb.
Azərbaycan dilinin elektron bazasının formalaşdırılması sahəsində əldə edilən nailiyyətlərdən söz açan akademik R.Əliquliyev isə İnformasiya Texnologiyaları və Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının – azerbaycandili.az portalının, Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və terminologiya.az veb-portalının hazırlanıb istifadəyə verildiyini xatırladıb. Qeyd edib ki, bu gün geniş elmi ictimaiyyətə təqdim olunan Milli Transliterasiya Sistemi və “Transliterasiya” veb-portalı əməkdaşlığın daha bir qiymətli bəhrəsidir. Alim milli onomastika sisteminin hazırlanması istiqamətində də işlərə start verildiyini diqqətə çatdırıb.
Tədbirin sonunda qarşıda duran problemlər və vəzifələr haqqında müzakirələr aparılıb.