Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə yüngül atletika idman növündən rayon və şəhərlər üzrə “Könüllülər Kuboku” yarışması keçirilib.

 

Mingəçevir Dövlət Universitetindən (MDU) bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd könüllü təşkilatlarda fəaliyyət göstərən gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğuliyyətə cəlb edilməsi, gənc könüllülər arasında sağlam həyat tərzi, idman vasitəsi ilə sosial fəaliyyətin artırılması, gənc könüllülər arasında idmanın inkişafı, könüllü idman üzrə beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsi, iştirakçılara vətənpərvərlik hisslərinin aşılanması və könüllü-gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.

 

Kubokda Mingəçevir Regional “ASAN Xidmət Mərkəzi, Gənclər Evi, Mingəçevir Turizm Kolleci, MDU və 10 saylı tam orta məktəbin könüllüləri iştirak ediblər.

 

Sonda 10 saylı tam orta məktəbin könüllüləri birinci yerə, MDU-nun könüllü tələbələri ikinci yerə, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin könüllüləri isə üçüncü yerə çıxıblar.

 

Yarışda I, II və III yеrləri tutan komandalar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Könüllüləri şəhər (rayon) idman idarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri ilə təltif olunublar.

 

Qeyd edək ki, MDU-nun tələbələrini bu yarışa İdman və Sağlamlıq Kompleksinin direktoru Fərman Məmmədov hazırlayıb.