Lənkəran Dövlət Universitetində (LDU) 2020/2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
LDU-dan verilən məlumata görə, onlayn formatda keçirilən tədbirə universitetin professor-müəllim heyəti, dekanlar, kafedra müdirləri, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Gənclər Təşkilatının rəsmiləri və fəal tələbələr qatılıblar.
Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov cari tədris ilinin xüsusi karantin rejimində başlandığını, COVİD-19-un tədris prosesinin normal qaydada təşkilinə əngəl yaratdığını deyib və bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin fəaliyyətindən, LDU-da bu yöndə atılan addımlardan söz açıb.
O, ali məktəbdə yeni tədris ilində həyata keçiriləcək layihələrdən –yeni tədris binası, tələbə yataqxanası, müəllimlər üçün xidməti mənzillərin inşasından, universitetin Elmi kitabxanasının əsaslı təmirindən və s. barədə də danışıb.
N.İbrahimov əmin olduğunu bildirib ki, universitet kollektivi birlikdə bütün çətinliklərin öhdəsindən gələcək və yeni tədris ilində yeni təhsil uğurlarına imza atacaq.
Çıxış edən müəllim və tələbələr universitetin nüfuzu, uğurlar qazanması istiqamətində bundan sonra da çalışacaqlarını bildiriblər.