Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev qədim tarixə malik, yerli əhali arasında Əlincəçay mahalı kimi tanınan Culfa rayonu ərazisində bir sıra yaşayış məskənlərindən günümüzədək gəlib çatan epiqrafik abidələrə həsr olunan əsərin müasir dövr üçün aktuallığından danışıb. Bildirib ki, Culfanın ərazisi orta əsrlərin müxtəlif dövrlərinə aid epiqrafik abidələrlə çox zəngindir. Rayon ərazisi indiyədək arxeoloji cəhətdən müəyyən qədər öyrənilsə də, Əlincəçay mahalı ərazisindəki kitabələr tam və sistemli şəkildə toplanıb tədqiq edilməyib, onlara xüsusi tədqiqat işi həsr olunmayıb. Vaxtında qeydə alınmaması və tədqiq edilməməsi, bu cür abidələrin əksəriyyətinin açıq havada olması, təbii qüvvələrin təsirinə daha çox məruz qalması səbəbindən həmin kitabələrin bir hissəsi zaman keçdikcə sıradan çıxıb, özlərində əks etdirdikləri dəyərli tarixi faktlarla birlikdə məhv olublar.
Diqqətə çatdırılıb ki, tədqiqat əsərində Azərbaycanın orta əsrlər dövrü siyasi-iqtisadi və mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə görkəmli şəxsiyyətlərin, o cümlədən Azərbaycan hökmdarlarının, orta əsrlər zamanı Əlincəçay mahalından çıxmış və ya orada yaşamış dövlət xadimlərinin, hərbçi-sərkərdələrin, sufi təriqət rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların, başqa insanların adları, daşıdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri və sair aşkar edilərək elmi dövriyyəyə daxil edilib.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, dosent İlhami Əliyevin “Əlincəçay mahalının epiqrafik abidələri” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə digər çıxış edənlər ictimaiyyətə təqdim olunan monoqrafiyanın elmi dəyərindən danışıblar. Qeyd olunub ki, monoqrafiya Əlincəçay mahalına məxsus epiqrafik abidələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəri, tədqiqatçılar üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslığa da ən qiymətli töhfədir. Bildirilib ki, mahala daxil olan yaşayış məskənlərindən günümüzədək gəlib çatan, yerli sənətkarlar tərəfindən hazırlanan sənduqə,qoç heykəl tipli qəbirüstü xatirə abidələri orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə-bədii daşyonma, xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə imkan verməklə bərabər, bu sənətlərin yüksək dərəcədə inkişaf etdiyini təsdiq edən çox sanballı qaynaqlardır.
Sonda müəllif Fəxrəddin Səfərli çıxış edərək 1995-2019-cu illərdə çap olunan elmi əsərlərin statistikasına toxunub, elm adamları, tədqiqatçılar üçün yaradılan hərtərəfli şərait, diqqət və qayğıdan məmnunluğunu ifadə edib.