Universitet sərgidə elmi nailiyyətlərini və startap layihələrini təqdim edir
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir. ADNSU-nun stendində sərgi iştirakçılarına universitetin energetika fakültəsinin müəllim və tələbələrinin hazırladıqları Dəniz Dalğa Elektrik Stansiyasının maketi, qaz-neft mədən fakültəsinin professor və müəllimlərinin layihələri, eləcə də “eazi START” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin “Kubi rub” və “Smart Keyboard” startap layihələrinin prototipləri, Azərbaycan, rus və ingilis dillərində prospektlər, bukletlər, iki dildə (Azərbaycan və ingilis dillərində) nəşr olunan “Oil and İndustry” jurnalı təqdim olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin stendinə maraq göstərən sərgi ziyarətçilərinin suallarını cavablandırıb, ali məktəbdə gerçəkləşdirilən layihələr, yeniliklər barədə onlara məlumat verib. ADNSU-nun stendi önünə vaxtilə bu ali məktəbin məzunu olmuş onlarla insan yaxınlaşaraq son illər universitetdə baş verən müsbət dəyişiklikləri böyük məmuniyyətlə müşahidə etdiklərini qeyd ediblər.
Sərginin birinci və ikinci günü bir sıra iştirakçı şirkətlər tərəfindən ADNSU-nun təqdim etdiyi layihələrə maraq göstərilib, perspektiv əməkdaşlıq məsələlərinin müzakirəsi üçün görüşlərin keçirilməsinə dair razılıq əldə edilib.
Professor M.Babanlı sərgidə iştirak edən digər yerli və xarici şirkətlərin stendləri ilə tanış olub, universitetlə tərəfdaş olan müəssisələrin rəhbərləri ilə görüşüb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi öz işini iyunun 1-də başa vuracaq.
25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 312 neft-qaz şirkəti iştirak edir. Bu şirkətlər 38 ölkəni təmsil edir. Sərgi sahəsinin 40%-ni 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.