Vüsal Quliyev: “Hədəfim ölkəmizin elmi dairələrdə daha çox və dəqiq öyrənilməsi işinə töhfə verməkdir”


Azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alması və akademik fəaliyyətlərdə qazandıqları uğurlar hər birimizi sevindirir. Hər dəfə istedadlı gənclərimizin  müxtəlif ölkələrdən gələn uğur sorağını aldıqca istedad və qabiliyyətin imkanlarının hüdudsuz olması qənaətinə gəlirsən. 

 

Növbəti uğurun sahibi ABŞ-ın nüfuzlu Harvard Universitetinin  Devis Mərkəzinin   doktorant təqaüdçüsü adına layiq görülmüş Vüsal Quliyevdir.  Bu il bütün dünyadan minlərlə namizəd arasından yalnız 18 nəfər Devis Mərkəzinin tədqiqatçı doktorantı adına layiq görülüb ki, onlardan biri də həmyerlimizdir.  O, hazırda Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən və ölkənin ən prestijli diplomatiya məktəblərindən biri hesab olunan Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin siyasi elmlər üzrə doktorantı və eyni zamanda, Şanxay Hökümət Təqaüd Proqramının iştirakçısıdır. V.Quliyev həm də rəqabətin kifayət qədər yüksək olduğu  və fakültə üzrə xarici tələbələr arasından yalnız  bir namizədin seçilə biləcəyi Şanxay Şəhər Təqaüd Proqramının  (A kateqoriyası üzrə)  2018-ci il üzrə qalibidir. Bununla yanaşı, Universitetlərarası Beynəlxalq Protokol çərçivəsində və təqaüd proqramının verdiyi imkanlar sayəsində doktorantura təhsilinin bir hissəsini Yaponiyanın Kyuşi Universitetində (2019) və Türkiyə Cümhuriyyətinin Ankara Universitetində (2020) xüsusi araşdırma qrupları ilə  birlikdə beynəlxalq layihələrə imza ataraq davam etdirib.

 

“Azərbaycan müəllimi”nə eksklüziv müsahibəsində V.Quliyev Harvard Universitetinin tədqiqatçı doktorantı adına layiq görülməsi və növbəti hədəfləri  barədə danışdı.  

 

- Kimlər bu təqaüdə layiq görülə bilər? Hansısa seçim prosedurları, şərtlər varmı?

- Təhsilimin son ili üçün də müraciət etdiyim, müsabiqə və imtahanlarını müvəffəqiyyətlə keçib dünya üzrə minlərlə namizəd arasından seçilən 18 araşdırmaçıdan biri kimi Amerika Birləşmiş Ştatlarının Harvard Universitetinin Devis adına Rusiya və Avrasiya üzrə Araşdırmalar Mərkəzində birillik (2020 - 2021) doktorant tədqiqatçı olma hüququ qazanmışam.

 

Mövcud sazişə əsasən, proqramda iştirak haqqı Devis Mərkəzi, yerdə qalan digər xərclər isə Şanxay Şəhər Komissiyası tərəfindən qarşılanacaq. Mərkəzə qəbul prosesi aylar öncəsindən başlayır və müraciət tarixindən cavabın açıqlanacağı tarixə qədər təxminən yarım il vaxt tələb olunur. Mərkəzin əsas seçim kriteriyaları arasında dil bilikləri, yüksək transkript göstəriciləri, tədqiqat apara bilmək bacarıqları və həmçinin, elmi rəhbər, fakültə dekanlığı, universitet rektorluğu, elmi şura və təqaüd komissiyası tərəfindən barəndə verilmiş müsbət rəy və tövsiyə məktubları var. Bütün bu tələbləri yerinə yetirdikdən sonra  Devis Mərkəzinin direktoru tərəfindən aparılan müsahibənin və verilmiş tapşırığın nəticəsini gözləmək lazımdır. Dil biliklərinə daha çox önəm verildiyini və ana dilimdən başqa bildiyim ingilis, Çin, türk və rus dilləri proqrama qəbul olmağımda böyük əhəmiyyət kəsb etdiyini düşünürəm və əlbəttə ki, bütün bu dilləri mükəmməl səviyyədə mənimsədiyinizi təsdiqləyəcək müvafiq sənədləri də Devis Mərkəzinə təqdim etməlisiniz.

 

- Təqaüdə iddia edənlər əsasən hansı ölkələrin vətəndaşlarıdır?

- Proqram bütün dünya mütəxəssisləri üçün açıqdır və bu il qəbul olunanlar arasında Azərbaycan, Gürcüstan, Danimarka, Rusiya, Estoniya, Qazaxıstan, İtaliya, Bolqarıstan, Amerika, Böyük Britaniya, Qırğızıstan, Almaniya, Norveç kimi ölkələrin vətəndaşları daxildir. Bu mütəxəssislərin bir qismi nüfuzlu universitetlərin professoru, bir qismi diplomat, bir qismi də mənim kimi doktorantlardır.

 

- Bu təqaüd sizə nə kimi imkanlar qazandırır?

- Çin Dövlət Təqaüd Proqramı nəzdində oxuduğum magistr təhsili dövründən başlayaraq Cənubi Qafqaz, ən əsas da Azərbaycanla bağlı layihələrin hazırlanmasında aktiv rol oynamışam və daha öncə çalışdığım Şanxay Sosial Elmlər Akademiyasının Çinşünaslıq İnstitutunda ölkəmizlə bağlı məqalələrin yazılmasında yaxından iştirak etmişəm. 2017-ci ildə adıçəkilən mövzuda Yaponiyanın Fukuoka şəhərində yerləşən Kyuşi Univeristetində təşkil olunan beynəlxalq konfransda çıxış etmişəm.

 

Devis Mərkəzinin də əsas tədqiqat dairəsi Avrasiya ölkələri, xüsusən  Rusiya və post-sovet ölkələri, bölgədə cərəyan edən siyasi və iqtisadi proseslərdir. Son illər Çinin artan iqtisadi və siyasi gücünün fonunda Cənubi Qafqaz ölkələri və xüsusən, Azərbaycanla qurulan əlaqələrin təhlili də mərkəzin maraq dairəsindədir. Bununla yanaşı, Azərbaycanın da son illər qeyri-neft sektorunun inkişafına verdiyi önəm, ölkələrarası nəqliyyat və bölgə inkişafı üçün zəruri olan infrastrukturunun qurulmasında  aparıcı ölkə olması ölkəmizin nüfuzlu elm ocaqlarında və araşdırma mərkəzlərində marağın yaranmasına təsir edən faktorların önündə  gəlir.

 

Hər bir mütəxəssisə məlum olduğu kimi, Harvardın zəngin kitabxanası dünyadakı akademiklərin çalışmaq istədikləri bir nömrəli məkandır. Universitetin öz kitabxanalarına və eyni anda qarşılıqlı saziş əsasında əməkdaşlıq etdiyi digər dünya miqyaslı kitabxana və elektron data bazalara giriş yalnız Harvardda çalışan və oxuyanların yararlana biləcəkləri imtiyazlardandır. Həmçinin, nüfuzlu beynəlxalq konfrans və seminarlarda ödənişsiz iştirak haqqı və dünyanın ən güclü mütəxəssislərinin mühazirələrinə qatıla bilmə və müəyyən layihələrdə əməkdaşlıq etmə şansımızın olmasıdır.

 

- Tədqiqatlarınız və növbəti hədəflər barədə nə deyə bilərsiniz?

- Hazırda Ankara Universiteti Asiya Pasifik Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birlikdə ikinci kitabımızın nəşrini bitirmək üzrəyik. Eyni zamanda, Şanxay Beynəlxalq Araşdırmalar Universiteti üçün diplom işi yazmaqdayam və paralel olaraq 10 ay ərzində doktorant araşdırmaçı kimi fəaliyyət göstərəcəyim Harvard Universitetinin Devis adına Rusiya və Avrasiya üzrə Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birlikdə “Cənubi Qafqaz ölkələrinin Çinin “Bir kəmər və bir yol” layihəsinin  Mərkəzi və Şərqi Asiya dəhlizindəki rolu və önəmi” adlı layihəmiz üzərində işləyəcəyik. Növbəti mərhələdə hədəfim Harvard Universitetinin birillik post-doktorantura proqramına qəbul almaq və Devis Mərkəzi nəzdində Cənubi Qafqaz regionu üzrə Araşdırma İnstitutunun qurulmasında və ölkəmizin elmi dairələrdə daha çox və dəqiq öyrənilməsi işinə töhfə verməkdir.

 

Oruc MUSTAFAYEV