SDU-da Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib


Mayın 30-da Sumqayıt Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Bir ömrün manifesti”adlı  tədbir keçirilib.

 

Tədbirdə Mir Cəlal millətimin yetirmələri, ədəbiyyatşünas-alimlər Təhsin Mütəllimov, Abdulla Abbasov,  İfrat Əliyeva, Cəlil Nağıyev iştirak ediblər.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov böyük ədib Mir Cəlal Paşayevin zəngin irsindən, Azərbaycan elminin, təhsilinin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərindən bəhs edib, görkəmli alimin yubiley tədbirlərinin ölkəmizdə və xaricdə qeyd olunmasını Azərbaycan ədəbiyyatına, ziyalısına verilən yüksək dəyər kimi qiymətləndirib. Bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində özünəməxsus yer tutan böyük ədib Mir Cəlal Paşayev bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edib. Onun hekayələri, romanları və digər janrlarda olan əsərləri həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur.

 

Tədbirdə Mir Cəlalın yetirmələri, ədəbiyyatşünas-alimlər Təhsin Mütəllimov, Abdulla Abbasov, İfrat Əliyeva, Cəlil Nağıyev çıxış edərək ədiblə bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki,  Mir Cəlal sayı-hesabı bilinməyən böyük bir filoloq ordusunun yetişməsi və formalaşmasında mühüm rol oynayan əsl müəllim idi. Həmçinin çox gözəl realist yazıçı idi. Mir Cəlalın özünəməxsus, bənzərsiz fərdi üslubu, yazı tərzi var. Bu mənada onu kimsəyə bənzətmək mümkün deyil. Amma Mir Cəlalı ədəbi prinsipinə, həyatı təsvir  üsulu və metodlarına görə  Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev kimi XX əsr realistlərinin davamçısı saymaq olar. Ədib əsərlərin başlıca bədii məziyyəti ondan ibarətdir ki, hansı quruluşda yazılmasından asılı olmayaraq, həyat həqiqətini ifadə edir və xalqının rəğbətini qazanır.

 

Sonra SDU-nun “Azərbaycan və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri, professor Avtandil Məmmədov “Mir Cəlal və milli-mənəvi dəyərlərimiz”, professor Rafiq Əliyev “Qüdrətli ədəbiyyatşünas və  hekayələr ustası” mövzularında məruzə edərək  görkəmli alimin keşməkeşli ömür  yolundan,  Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən söz açıblar.

 

Xalq yazıçısı Mir Cəlalın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Tədbirin sonunda professor Avtandil Məmmədovun Mir Cəlal Paşayevin xatirəsinə həsr etdiyi “Müəllimlərin müəllimi” adlı şeiri səsləndirilib.