Naxçıvan Dövlət Universitetində 2017-2018-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş ümumuniversitet elmi konfrans keçirilib. Plenar iclası universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib.
Elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev universitet TEC-nin tələbələrin elmi fəallığının və elmi dünyagörüşünün artırılmasındakı rolundan, fakültələr üzrə cəmiyyətin sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb.
“TEC-in qarşısında duran vəzifələri haqqında” məruzə edən universitet TEC-in sədri, “riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Bətulə Əlizadə bildirib ki, qurumun başlıca vəzifəsi tələbələrdə elmə marağı və münasibəti müsbət istiqamətə yönləndirməkdən ibarətdir. Vurğulanıb ki, hər tədris ilində olduğu kimi cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb.
Konfrans işini bölmələrdə davam etdirib.