Təhsil naziri Emin Əmrullayev yeni tədris ili ərəfəsində “Real” televiziyasına müsahibə verib
Təhsil naziri Emin Əmrullayev Real TV-nin “Mir Şahinin vaxtı” verilişində qonaq olub. Verilişdə Təhsil naziri ilə maraqlı və səmimi fikir mübadiləsi aparılıb.
- Emin müəllim, sizi yeni dərs ili, həm də Təhsil naziri təyinatı münasibətilə təbrik edirəm. Tamaşaçılarımıza isə həm də yeni Təhsil nazirimizi tanıtmaq istərdik. Sizi tamaşaçılara necə təqdim edək?
- Təşəkkür edirəm. Mən 1982-ci ildə Bakıda doğulmuşam. Təhsilimin əsas hissəsini - orta və ilk ali təhsilimi Azərbaycanda almışam. Ali təhsilimin bakalavr pilləsini Azərbaycan Dövlət İdarəçilik Akademiyasında oxumuşam. Daha sonra xaricdə təhsil almışam. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetində təhsil almışam. Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb əsasən təhsil sahəsində - həm özəl, həm də dövlət sahəsində işləmişəm. 2013-cü ildən Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsinə qəbul olmuşam.
Bilirsiniz, Dövlət Proqramı məzunları dövlət qulluğuna imtahansız qəbul olurlar. Mən də bu fürsətdən istifadə edib dövlət qulluğunda karyerama başlamışam, daha sonra müxtəlif vəzifələrdə çalışaraq bu ilin iyul ayının 27-də möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə Təhsil naziri təyin olunmuşam.
- Ölkənin, dövlətin çox əhəmiyyətli bir strukturuna rəhbərliyə başlamısınız. Hətta bəzi ölkələrdə Təhsil Nazirliyinə “güc strukturu” da deyirlər. Bizdə nə vaxt bu mənanı kəsb edəcək Təhsil Nazirliyi?
- Təbii ki, bu, siz də qeyd etdiniz, həm böyük etimaddır, həm də böyük bir məsuliyyətdir. O mənada ki, mənə elə gəlir ki, təhsil sahəsində görülən işlərin nəticəsi 20-30 ildən sonra görünür.
Ona görə də bizim hazırda gördüklərimiz - istər cəmiyyətdə, istər ətrafda, insanların davranışı, iqtisadiyyatımız, əmək bazarımız əsasən 20-30 il bundan əvvəlki təhsilimizin güzgüsüdür. Güc strukturu dedikdə, baxır, siz gücə necə tərif verirsiniz? Yəni, güc strukturu nədir? Birmənalı olaraq düşünürəm ki, təhsil hər bir mənada ölkənin gələcəyini müəyyən edən əsas amildir. Bu gün bizim təhsil sahəsində gördüyümüz işlərin nəticəsini 30 ildən sonra görür, hiss edir və başa düşürük. Yəni, bu məsələ uzun müddətdə təhsil sisteminin, Təhsil Nazirliyinin gündəlik şəkildə məşğul olduğu bir məsələdir. Düşünürəm ki, bunu həmişə nəzərə almaq lazımdır. Yəni, təhsil bir gündə, 5 gündə, hətta 5 ildə belə, çox ləng dəyişən, amma dəyişiklikləri dayanıqlı olan bir sahədir. Yəni, burada baş verən dəyişikliklər uzunmüddətdə çox geniş davam edir, bir neçə nəsillər bu dəyişiklikləri özündə daşıyır.
“Biz şagirdlərimizi keçmişi düşünərək hazırlamamalıyıq”
- Maraqlı bir yerə gəlib çatdıq sizinlə. Bu gün inkişaf saatla gedir. Elə mobil telefonların formasına, imkanlarına fikir versək, kifayət qədər maraqlı vəziyyət yaranır. Təhsil naziri olaraq siz gələcək fəaliyyətinizi proqram və proqnoz şəklində uzlaşdırsanız, bu gün 6 yaşında məktəbin qapısını açıb içəri girən uşaq müəyyən bir müddət keçəndən sonra, məsələn, 11 il keçəndən sonra, bəlkə də gələcəkdə 12- 13 ildən sonra necə olacaq? Bu müddətdən, məktəbi qutarandan sonra düşdüyü mühit, sizin proqnoza görə eynimi olacaq? Yəni, bu gün uşaq 10 il sonrakı cəmiyyətə nə dərəcədə düzgün istiqamətləndirilərək hazırlanacaq? Həmin o inkişaf mühitinə düşə biləcəkmi?
- Bu, bir nömrəli sualdır əslində. Siz də bildiyiniz kimi, dəyişikliyin və inkişafın sürəti fəqlidir. Çünki biz özümüzün zaman oxu ərzində sürətimizi çox düzgün müəyyən etməliyik. Burada bir neçə məsələ var. Biz şagirdlərimizi keçmişi düşünərək hazırlamamalıyıq. Bir çox hallarda biz məzmun barədə, məktəb haqqında danışanda valideynlər, mən məktəbə gedəndə belə deyildi, deyirlər, yəni, keçmişə baxıb bu günü müqayisə edirlər. Amma bu uşaqlar 30 yaşları olanda əmək bazarı necə olacaq, bu, çox vacib məsələdir.
- Tamamilə doğrudur...
- Gələcək necə olacaq, bu qeyri-müəyyəndir. Mənə elə gəlir ki, 30 il bundan əvvəl siz yəqin mobil telefonların bugünkü imkanlarından danışmayacaqsınız. Çox az adam ağlına gətirməzdi ki, seçdikləri ən yuxarıdakı deyil. Bundan sonrakı 20 il necə olacaq, çox çətindir təsəvvür etmək. Amma bununla belə, bəzi şeylər aydındır, daha çevik, daha yaradıcı, dəyişikliyə tez uyğunlaşa bilən vətəndaşlar, o cümlədən də təbii ki, milli-mənəvi dəyərlərini itirməyən, öz vətənini, öz ölkəsini sevən vətəndaşlar Azərbaycan üçün birmənalı olaraq ən vacib aktivlər, dəyər olacaq. Yəni, inkişaf bu istiqamətdə getməlidir. Biz başa düşməliyik ki, bu gün 6 yaşı olan Azərbaycan vətəndaşı 10 ildən sonra artıq özünün qonşusu, kənd və qəsəbəsində yaşayan insanlarla rəqabətdə olacaq. Bu rəqabət qlobal olmayacaq. Çünki sərhədlərin mənası itir. Bu gün Azərbaycanda ən son texnologiyanı, elektronikanı, rəqəmsal qaydada istehsal edib dünyaya satmaq üçün hər hansı sərhədi keçməyə ehtiyac yoxdur, bunun üçün qərarvermə, yaradıcı düşüncə, digər mədəniyyətlərdən olan insanlarla ünsiyyət, əməkdaşlıq edib dil tapmaq, belə deyək, ticarət etmək bacarığı ən vacib bacarıqlar olacaq. Yəni, təhsildə fundamental bacarıqlar mənə görə həmişə var və həmişə qalacaq. İstər riyazi biliklərdir, istər yazmaq-oxumaqdır, bunlar fundamental bacarıqlardır. Söhbət bundan əlavədən gedir. Bəzi hallarda bizdə belə bir söz işlədilir ki, biz artıq yaddaş məktəbindən, belə deyək, uzaqlaşırıq, bacarıqlar istiqamətində gedirik. Amma yenə də yaddaş öz-özlüyündə təhsilin çox vacib bir hissəsidir. Və təhsilalan çox şeyləri yadında saxlamalıdır. Əgər 60-cı illərdə öyrəndiklərini yadında saxlayaraq gəlib imtahanda danışırdınsa, XXI əsrdə bu, kifayət etmir. Yadda qalan informasiyaya yaradıcı yanaşıb, yeni bir şey yaratmaqdan gedir söhbət. Yəni, hazırda biz təhsilalanlarımıza bunu təşviq etməliyik. Çox sadə dildə desək, bu gün bizim təhsilimiz məcburdur ki, biz təhsil sistemi olaraq artıq qloballaşma dövründə həmin o standartlara uyğun şəkildə irəliyə getməliyik. Bu, çox vacibdir. Yenə, eyni zamanda, unutmamalıyıq ki, biz hardan gəlirik, biz kimik, yəni, kimliyimiz çox vacib məsələdir. Milli dəyərlərimiz üçün çox vacib məsələdir. Həmin dəyərlərimizdən irəli gələrək hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının Azərbaycanın ehtiyaclarını başa düşməsi, Azərbaycanın qlobal dünyada yerini başa düşməsi və həmin ehtiyacları müdafiə etməsi üçün əlindən gələni etməsi və müvafiq bacarıqlara malik olmasıdır. Bu bacarıqlar yalnız emosional bacarıqlar olmamalıdır. Bu, çox vacib məsələdir, yəni, sevmək emosional bir duyğudur, çox vacibdir, zəruridir. Amma kafi deyil. Kafi olması üçün həm də bacarıqlar lazımdır ki, əmək bazarında, qlobal dünyada məhz bu rəqabətliliyə davam gətirə bilək. Düşünürəm ki, bu, vacib məsələdir.
“Oxumağa həvəs yaratmaq müəllimin əsas fəaliyyətidir”
- Biz bir vaxtlar müəllimə öyrədən kimi baxırdıq. Bu gün müəllimlərin çox ciddi rəqibləri yaranır: sosial şəbəkələr, internet və s. Müəllim bizim anlayışımızda klassik intellektual vahid, hətta ştat vahidi kimi deyil artıq. Müəllimin yerinə internet girir, çox ciddi şəkildə girir. Artıq biz bunun real şahidləri və iştirakçılarıyıq. Bu baxımdan Azərbaycan müəlliminin öhdəliyinin dəyişməsini necə şərh edərdiniz?
- Bu da mühüm dəyişiklikdir. Biz müəllimi ümumi zaman oxuna qoysaq, Azərbaycan məktəbi tarixinə baxsaq, XIX əsrin sonu, XX əsrin əvvəllərində, ümumiyyətlə, müəllim 100 il bundan əvvəl də verilmiş kənddə, qəsəbədə əsas informasiya daşıyıcısı idi. Ona görə də müəllim müqəddəs idi, çünki hamı ondan öyrənirdi. Hətta çoxları “müəllimlər görəsən yemək yeyirmi, yatırmı” kimi suallar verirdi. İndi uşaqlar bu sualı vermir. Və bəzən biz təəccüblənirik ki, niyə belədir. Artıq müəllim müqəddəsliyini itirdimi? Burada məsələni 2 yerə bölməliyik məncə. Müəllimin öyrədən olaraq, tərbiyəçi olaraq, nümunə olaraq müqəddəsliyi daim qalmalıdır. Amma müəllim başa düşməlidir ki, siz dediyiniz kimi, artıq yeni rəqibləri var və bəzi hallarda bu rəqiblərlə rəqabət aparmaq bir o qədər mənasızdır. Burada həmin rəqiblərlə əməkdaşlıq önəmlidir. Həmin rəqiblərlə mübarizə aparırsa, dediyimiz İKT ilə, internetlə rəqabət aparırsa, onu inkar edirsə, müqavimət göstərirsə, uzunmüddətli vədədə bu müəllimin nə təhsilalana, nə valideynə, nə də cəmiyyətə heç bir faydası yoxdur. Çünki bu mübarizənin qalibi aydındır. Amma bir müəllim internetlə, İKT ilə əməkdaşlıq edirsə, onu öz məqsədləri üçün öyrənirsə, öyrətmək üçün öyrənirsə, öyrənmək üçün istifadə edirsə, bu halda inanıram ki, həm öyrənənlər, həm də cəmiyyət üçün faydalı bir müəllim olacaq. Amma bir məsələni də istərdim qeyd edim. Müəllim sözü dilimizə keçmə sözdür və mənası öyrədəndir. Amma psixoloji nöqteyi-nəzərdən biz öyrədən və öyrənən arasında çox vacib bir fərqi ayırd etməliyik. Təhsil öyrənmək haqqındadır, öyrətmək deyil. Siz öyrənmirsinizsə, mən sizi nə qədər çox öyrətsəm də siz öyrənə bilməzsiniz. Yəni, öyrənmək həvəs və psixoloji motivasiya ilə bağlıdır. Məncə, biz bunu başa düşməliyik. Bir çox hallarda bu, neqativdir. Ancaq mən bunu deməliyəm o mənada ki, sinifdə şagird oxumayanda müəllim onun üstünə qışqırır və bərk qışqıranda elə başa düşülür ki, o, daha yaxşı öyrənəcək. Amma belə deyil. Şagirdin, təhsilalanın öyrənməsi üçün, ümumiyyətlə, təhsil texniki proses deyil, yəni, bildiyimizi bir mənbədən digərinə ötürmürük. Bu, psixoloji prosesdir. Bu, beynin inkişafıdır. Bu, hafisənin inkişafıdır. Bu, bacarığın və yaradıcılığın inkişafıdır. Bu, yalnız həvəslə bağlıdır. Yəni, oxumağa həvəs olmalıdır. Oxumağa həvəs yaratmaq müəllimin əsas fəaliyyətidir. Müəllim dedikdə, biz daha geniş yanaşmalıyıq. Valideyn də müəllimdir. Müəllim də təhsil verəndir. O cümlədən ətraf mühit də müəllimdir.
- İndiki şəraiti nəzərə alsaq, hətta bu gün valideyn də müəllimlə həmkarlıq edir...
- Tamamilə doğrudur. Yəni, insan doğulandan bu həyatdan gedənə qədər öyrənir. Onun öyrənməsinə nə təsir edir - bu, əsas sualdır. Müəllim də təsir edir, mühit də təsir edir, internet də təsir edir. Ətrafdakı insanların davranışları da təsir edir. Ətrafda gördüyü yaşlı əminin-dayının davranışı da təsir edir və s. Bu mühit bizim uşağımızı öyrədir.
“Təhsilin birinci və önəmli hissəsi dəyərdir”
- Google var, kalkulyator var. Bu baxımdan, tutaq ki, şagirddən Şirvaninin doğum tarixini soruşmaq nə dərəcədə maraqlıdır və ya kalkulyator varsa vurma-çıxmanı uşağın öyrənməsi nə dərəcədə vacibdir? Bu mənada, mən deyirəm ki, müəllim artıq yavaş - yavaş mahiyyət etibarı ilə köhnəlmir ki? Onun yeni formatı necə olmalıdır?
- Müəllim heç vaxt aradan çıxa bilməz. Müəllim prosesin vacib bir hissəsidir. Müəllimin gücü onun təhsil sisteminin gücündən artıq ola bilməz. Bu, vacibdir. Sual müəllimlərin tək bilik və bacarığında deyil, məsələyə münasibətindən, dəyərlərindən, davranışından asılıdır. Məncə, ən vacib məsələ budur. Bayaq dediyim məsələdir. Yəni vacib olan sinif otağına girən müəllimin gələcəklə bağlı, keçmişlə bağlı olan məsələyə münasibətidir. Müəllim hesab edirsə ki, sinif otağındakı uşağı özü məktəbdə olandakı kimi tərbiyə etməlidir, bəlkə də ola bilər. Çünki tərbiyə və dəyər çox dəyişməyib. İnsanlar 18-ci, 19-cu, 20-ci və 21-ci əsrdə də dürüst və səmimi olmalıdırlar. Vətənlərini sevməlidirlər, yəni dəyərlər, mən, ümumiyyətlə, düşünürəm, təhsilin birinci və önəmli hissəsi dəyərdir. Biz bilikdən daha çox insanlara dəyər verə bilərik. Şirvani misalı nümunəsini çəkdiniz. Şirvaninin nə vaxt doğulduğunu bilməkdənsə şairi sevməyi öyrətmək lazımdır. Yəni, bu fərqi istərdim görək. Biz bunu məktəbdəki müəllimin tərəfindən görək. Və sevgi özü bir dəyərdir. Məsələn, bu dəyər, vətənə sevgi - bu dəyərlər həmişə eyni olub. Amma 21-ci əsrdə vətəni sevməklə yanaşı, bacarıqlar olaraq 19-cu əsrin bacarıqları ilə vətəni sevmək bildiyim qədər zəruridir. Amma kafi deyil, yəni, kifayət deyil. 21-ci əsrin başqa-başqa bacarıqları var. İnsan ancaq vətəni sevirsə, ancaq digər bacarıqları yoxdursa, bu, müəyyən mənada uzunmüddətli məyusluğa gətirib çıxara bilir. Vətənin ehtiyaclarını başa düşürsən, amma ona kömək edə bilmirsən, çünki ona kömək etmək üçün başqa bacarıqlar lazımdır. Bu mənada biz bacarıq, dəyər, yəni bu səriştələrdən ki, danışırıq - bir az pedaqoji dildə danışırıq - bunun kökündə olan dəyərlərdir. Dəyər və bacarıqların ümumi bir vəhdətindən danışırıq. Müəllimlərimiz sinif otağında bundan danışanda başa düşməlidirlər ki, hamı əlaçı olmayacaq, hamı hər şeyi bacarmayacaq, amma hamının yaxşı dəyərləri ola bilər.
“Təhsil və iqtisadiyyat ən uyğun bağlantıdır”
- Təhsil nazirimizin yeni olmasından istifadə edib və dediklərinizə əsasən belə bir sual vermək istəyirəm, hansı yeniliklər gözləyir təhsilimizi?
- Yəni, əslində təhsildə son dövrlərdə bir davamlılıq var. Düşünürəm ki, mənim təyinatım və Təhsil naziri kimi vəzifəmdə olmağıma çox kömək edən bir məsələdir. Özümdən əvvəl olan işlərin davamlılığı və ardıcıllığını təmin etmək çox vacibdir. Çox məsələlər var. Belə danışsaq, cənab Prezidentlə videokonfransda bir neçə tapşırıqlar verildi. Ümumi fəlsəfi, konkret, uzunmüddətli hədəflər qeyd edildi. İlk növbədə, təhsilin məzmunu, yəni biz uşaqlarımıza nə öyrədirik və niyə öyrədirik sualı önəmli məsələdir. Bəzən biz uşaqlara onların istədiyini yox, onlara nə lazım olduğunu yox, öz arzularımızı öyrədirik. Bu, çox vacibdir. O mənada ki, hər bir fənn mütəxəssisi hesab edir ki, bu, normaldır. Mən insanların səmimiliyinə və ölkənin gələcəyinə inamını sual altına almıram, sadəcə bu, normal və təbii prosesdir. Hər bir fənn mütəxəssisi fizika, kimya, biologiya, tarix - 17 fənnin şagird üçün zəruri olduğuna inanır və səmimi olaraq inanır. Sual ondan ibarətdir ki, verdiyiniz bilik 10-20 ildən sonra uşağa lazımdırmı? Əmək bazarında lazım olacaqmı, bu, bir məsələdir, yəni məzmun istiqaməti. İkinci istiqamət müəllimlərlə bağlıdır. İlk növbədə, müəllimlərin bacarıqları və hazırlığı öz yerindədir. Amma dəyərlərə söykənən təhsilin önə çıxması vacibdir. Biz daha çox dəyərlər haqqında danışmalıyıq. Ümumiyyətlə, insan bacarıqları ilə onun dəyərləri arasında çox böyük asılılıq var. Yəni, insan məsuliyyətsizlik edirsə, o savadsız ola bilməz. Vaxtında ev tapşırıqlarını edirsə, məktəbdə yəqin ki, onda hansısa bir savad, bilik formalaşır. Başqa bir dəyişiklik, biz təhsilə sırf pedaqoji-tərbiyə formatında baxırıq. 7 ildir ki, mən Təhsil Nazirliyində işləyirəm və bir çox təhsil işçiləri ilə ünsiyyətdəyəm. Biz hələ təhsilə iqtisadiyyat kimi baxmırıq. Yəni, təhsil və iqtisadiyyat məncə ən uyğun bağlantıdır. Bu gün təhsildə atdığınız addımlar 20 ildən sonra bizim iqtisadiyyatımızdır. Biz bacarıq iqtisadiyyatından, innovasiyalardan danışırıq. Bu, öz kökünü təhsildən götürür. Burada başqa bir məsələ, biz nəyi başa düşməliyik - təhsilə nə vaxt başlayırıq sualı çox önəmlidir. Məsələn, bizim bir çox insanlarımız, valideynlərimiz, bu repetitorluqdan da görünür, inanırlar və tam səmimi inanırlar ki, uşaq eybi yoxdur, çox özünü yormasın, 8-9-cu sinfə çatanda ona repetitor tutarıq və o hazırlaşar gəlib çatar yoldaşlarına. Buna texniki baxış var. Bu, bir bilikdir, məsələ, bir yükü hansısa A nöqtəsindən B nöqtəsinə köçürməkdən gedir.
- Niyə gedirlər bu yola...
- Niyə, ona görə ki, yanaşma düz deyil. Təhsil nə vaxt başlayır, bu önəmli məsələdir, ümumiyyətlə, bu, artıq insanın, elmi nöqteyi-nəzərdən də sübut olunub ki, erkən yaşı onun digər həyatını müəyyən edən amildir. Bir misal deyim, bəzən biz haqlı olaraq inanırıq ki, azərbaycanlılar çox istedadlı, fərqli istedadlı xalqdır. Bizim özümüzün istedadlı xalq olduğumuza inanıram. Mən də düşünürəm, istedadlı xalqıq, amma bunun bir qədər, gəlin, davranış tərəfinə baxaq. Həqiqətən də bir çox azərbaycanlılar təhsilləri o qədər də yüksək olmasa da kifayət qədər yaradıcı, bacarıqlı və uğurludurlar. Bu, niyə baş verir, düşünürəm ki, bu, ailə strukturumuzla bağlıdır.
Bizim ailə strukturunda uşaq kiçik olanda bir yaşından 3 yaşına qədər onunla hamı oynayır, danışdırır, sağa-sola dartır, ailələr, adətən, çoxuşaqlıdır, ailələrdə uşağın öyrənmə mühiti var. Məsələn, Qərb mədəniyyətində bir uşaqlar azdır. İkincisi, nəvə-baba uşağın yanındadır və bu, bizim təbii özəlliyimizdir ki, biz bundan düzgün şəkildə yararlanmalıyıq. Məsələn, bizdə, ola bilər, məktəbəqədər təhsillə əhatəlilik aşağıdır, amma bizim məktəbəqədər təhsil o qədər də strukturlaşmış şəkildə olmasa da bizim ailəmizdə var. Bunun mahiyyəti nədən ibarətdir: yeniliklərdən danışırıqsa, məncə, biz erkən yaş təhsilinə nə vaxtdan başlamalıyıq sualı var. Nə qədər çox tez başlayırıqsa, bir o qədər düz edirik. Nə qədər gecikiriksə, bir o qədər ləngiyirik. Bildiyimiz hədəflərə çata bilmirik. Bəzən adamlar bu əlaqəni qurmaq istəmir. Və yaxud da bunu üzunmüddətli olduğuna görə danırlar. Həqiqət bundan ibarətdir ki, məktəbəqədər təhsilə yatırılan investisiya iqtisadi yöndən ən böyük geri qayıdış verən investisiyadır, təxminən 28 faiz və daha çox, yəni, hər bir manat 28 manat kimi qayıdır. Amma 20-25 ildən sonra, yəni, 25 il gözləmək lazımdır. Biz universitetlərimizin, ali təhsilimizin fəlsəfəsinə, mahiyyətinə qayıtmalıyıq. Gözləntilərimizə qayıtmalıyıq, o mənada gözləntilərə ki, universitet haradır? Diplom almaq üçün yerdir, yoxsa bilik qazanmaq üçün yerdir? Yəni, bizim uşaq universitetə niyə gedir, yəni, onun kağızı olacaq, yoxsa əmək bazarının tələblərinə uyğun bacarığı olacaq?
“Təhsil elə də rahat bir proses deyil”
- Təhsil islahatları bizə nə verdi, məsələn, kurikulumlardan sonra təhsil leksikonumuza daxil olmuş digər terminlər var, onlardan çox danışılır. Sizcə, vəziyyət aydınlaşdı, yoxsa qəlizləşdi?
- Bu suala belə cavab verim. Biri var islahat, biri var islahatın kommunikasiya və qavranması. Bunları fərqləndirək. İslahatın mahiyyəti nədədir? 2008-ci ildən baş verən islahatların mahiyyəti ondan ibarət idi ki, biz ayrı-ayrı mövzulara toxunurduq, biz bacarıqlara toxunmurduq. Deyək ki, uşaq hansısa nitq hissələrini öyrənir. Birinci dərsimiz olurdu isim, sifət və s. Bununla biz öyrənə-öyrənə gedirdik. Mahiyyət bu mənada dəyişir ki, biz deyirik ki, bunlar var, buna dəyməməliyik. Bunları uşaqlar öyrənməlidir. Bunun inkarından söhbət getmir. Bizim öyrənəcəyimiz şey dəyişir. Uşaq oxuduğunu anlamalıdır. Biz hələ də oxu bacarığı deyəndə, bir dəqiqədə uşaq neçə söz oxuyur, bu, bir ölçmədir. Uşaq sözləri oxuyur və siz onları sayırsınız. Bir uşaq 67, digəri 72 söz oxudu. Bir də var ki, həmin oxuduğu 72 sözə bağlı ona sual verirsiniz ki, sən oxudun, nə başa düşdün, öz sözlərinlə onu mənə yaza bilərsənmi? Bu, artıq bacarıqdır. Bir neçə bacarıq var, uşaq oxuya bilməlidir, oxuduğunu anlamalıdır, onu yazılı şəkildə ifadə etməyi bacarmalıdır. Və əmək bazarında bunlar lazımdır. Biz sizinlə hazırda bu bacarıqların mübadiləsi ilə məşğul oluruq. Siz mənə sual verirsiniz, mən cavab verirəm. Amma biz bunları kommunikasiya edə bilərik. İnsanlar hələ də sual verirlər ki, kurikulum ləğv olunacaqmı? Bu sual onu göstərir ki, biz kurikulum sözünün mahiyyətini hələ təhsil sistemi olaraq tam başa düşə bilməmişik. Kurikulun ərəb sözüdür, məzmun verirəm deməkdir. Bunlar, təhsilin məzmunu necə ləğv oluna bilər? Bu proqram necə ləğv oluna bilər? Yəni, bu sual verilirsə ki, gəlin kurikulumu ləğv edək, deməli, bizim kommunikasiya problemimiz var. Problem kurikulumda deyil. Problem ondadır ki, bunu adamlar başa düşmür. Gəlin, insanlara onu izah etməyə çalışaq ki, islahatın mahiyyəti yenə də bundan ibarətdir ki, əslində bir neçə fundamental bacarıq var ki, o insanın həyatını dəyişir. Yəni, insan oxuduğunu başa düşürsə, bu, artıq, böyük işdir. O nə qədər sürətlə oxuyursa, oxuduğuna mövqe bildirə bilirsə, bu, bir az yuxarı bacarıqdır. Oxu onda mövqe formalaşdırır. Bu mənada bizim cəmiyyətimiz məncə, bir qədər rahatlığa doğru gedir, lakin təhsil elə də rahat bir proses deyil. Bilikli, savadlı olmaq öz-özünə baş vermir. Bunun masa arxasında oturub kitab oxumaqla, saatlarla kitab oxumaqla çox böyük əlaqəsi var. Yəni, bir saat bütün uşaqlar oxuya bilir, 2 saat yəqin ki, çox uşaq oxuya bilir, 3 saat çox uşaq oxuyacaq, ancaq gündə 6-7-8 saat 10 ildən artıq oxumağa və öyrənməyə vaxt sərf eləmək çox vacibdir ki, biz bacarıqlı vətəndaş və insan yetişdirə bilək.
- Təhsilin idarə edilməsi sizi qane edirmi, yəni, o nə vaxt vahid olacaq?
- Bu, bir qədər çətin sualdır, nə mənada? Nə vaxt vahid olmağını deyə bilmərəm. Amma vahid olmalıdırmı, bu, ayrı bir sualdır. Bu, sadəcə olaraq bir kontekstlə bağlıdır. Müəllim sinfin qapısını bağlayandan sonra uşaqlarla birlikdə qalır. Təhsil Nazirliyi əməkdaşları, yerli təhsil idarəetmə orqanlarının əməkdaşları, müfəttişlər o otaqda yoxdur. Orada bir müəllim və bir də şagirdlər var. Proses orada baş verir. Bu prosesin 99 faizi bizim eyni zamanda başlayan 77 min sinifdə baş verir. Bu 77 min sinifdə baş verənlər müəllimin vicdanına bağlıdır.
“Müəllimlərin işə qəbulunda dürüstlük var, ədalət var”
- Bu, obrazlı ifadədir, yoxsa doğrudan da 77 min...
- Bizim 77 minə yaxın sinfimiz var. Bu sualın cavabı ondan ibarətdir ki, 77 min sinifdə baş verən prosesi kamera qoyub izləmək mümkün deyil. Qalır müəllimin vicdanına və s. Ona görə aşağıda düzgün idarəetmə olarsa, təbii ki, yuxarılara doğru yük də bir az azalır. Problem harada baş verir? Biz görəndə ki, bu baş verir, başlayırıq birləşdirməyə və düşünürük ki, düz edirik. Bu, yalnız davranışı düzəldir. Məsələn, müəllimlərin işə qəbulu bir mərkəzdən həyata keçirilir, bu, özünü doğruldur. Burada artıq dürüstlük var, ədalət var. İndi bunu yerlərə versək, nə baş verə bilər? Bu, ayrı bir sualdır. Ona görə bizim cəmiyyətin davranışına və dəyərlərinə qayıdan məsələdir. Baxın, təhsildə səmimi danışırıqsa, 2 sual çox dəyişib.
Biz təxminən 15 il bundan qabaq necə müəllim olmaq olar, mən neyləməliyəm ki, müəllim olum kimi suallar eşidirdik. Bunun cavabı var - müəllimlərin işə qəbulu imtahanında iştirak etməlisən. Başqa yol yoxdur. Bu, vahid bir sistemdir. Bu, düzgün sistemdir. Hamıya ədalətli yanaşma var.
Başqa ölkələrdə bu belə deyil. Bizim ən çox sevdiyimiz Finlandiyada və Sinqapurda da belə deyil. Müəllim seçimində əvvəlki qaydalara qayıda bilərikmi? Yəqin ki, yox, niyə yox? Çünki bizim hələ də müəyyən mənada arxayınlıq və etibarlılıq məsələmiz var. Bir-birimizə qarşı, söhbət nazirliyin etibarından getmir. İnsanların bir-birinə etibarından gedir. Bu tip dəyərlər - etibar etmək, məsuliyyətli olmaq, öz işinə dürüst yanaşmaq, yerlərdə müəyyən mənada əminlik yaratmağa qədər biz daha çox mərkəzləşdirilmiş sistemlərdən istifadə etmək məcburiyyətində qalacağıq. Bu, yaxşıdır, pis - sözün düzü, mən bu sualı dəqiq cavablandıra bilmərəm, çünki kontekstdən asılıdır.
“Təhsil hamının işidir”
- Sizin bu gün şəklinizi çəkib və bir neçə il bundan sonrakı şəklinizlə müqayisə etmək istərdim. Çünki siz çox ağır bir yükün altına girmisiniz. Lakin üzünüzdə bir əminlik var. Necə bilirsiniz, bir neçə ildən sonra da bu əminlik hissi qalacaq? Siz bir neçə ildən sonra da bu işin öhdəsindən gəldiyinizə dair Azərbaycan Prezidentinə hesabat verə biləcəksinizmi?
- Mən sualı belə qoymazdım. Niyə qoymazdım? Çünki təhsil sisteminin bir adamdan asılı olmasına inanmıram. Ümumiyyətlə, istənilən bir işin baş verməsi üçün hər adam öz işini yaxşı görməlidir - vaxtında və düzgün. O zaman iş alınır. Bunun nümunələri var. Deyək ki, bizim olimpiadalar. Son illərdə uşaqlar orada yaxşı medallar qazanırlar və s.
Olimpiadalar niyə uğurludur? Çünki hərə öz işini düzgün qurur, uşaqlar oxuyur, müəllimlər dərs keçir, valideynlər dəstəkləyir, koordinatorlar olimpiadaların, müsabiqələrin dürüstlüyünu təmin edir.
Logistika ilə məşğul olanlar onların biletlərini vaxtında alır, onlar artıq bir gün əvvəl yola düşürlər və s. Yəni, hərə öz işini düz görəndə bizdə nəsə alınır. Bu, birincisi. İkincisi təhsil, mən düzdü, Təhsil naziriyəm, məncə Təhsil nazirinin işi təhsili idarə etmək, tənzimləmə prosesini düzgün etməkdir. Amma təhsil hamının işidir. Yəni, məktəb kimə məxsusdur, çox vacib sualdır. Kənddəki məktəb kimindir. Mənim deyil, hər halda. O kənddə olan adamlarındır, çünki o kənddə olanların uşaqları oxuyur. Bir cavab da var. Azərbaycanda doğulmuş vətəndaş bu ölkənindir. İkincisi, onun valideynlərinindir. Üçüncüsü, müəlliminin şagirdidir. Təhsil Nazirliyi üçün təhsilalandır və s. Yəni, hərə öz işini düz görməlidir. Hərə öz işini düz görmürsə, bu, qətiyyən məsuliyyəti kiminsə boynuna atmaq deyil, məsuliyyəti paylaşmaqdır. Biz bunu başa düşmürüksə, bir adamdan möcüzə gözləyiriksə, onda böyük ehtimalla sizin sualınızın cavabı yoxdur. Yəni, bu alınmayacaq, mümkün deyil. Bir adamın transformasiyası, hətta Təhsil Nazirliyinin belə imkanları məhduddur. Məncə, bizim əsas mesajımız bu olmalıdır ki, evdə, məktəbdə hərə öz işini düz görsün.
Nazirliyin öz işini düz görməyinə mən söz verirəm, qurumun rəhbəri olaraq. Amma ailələrdə ev mühitinin yaxşılaşdırılmasına biz dəstək göstərməyə hazırıq və bu işi etməliyik. Lakin hər birimiz, valideynlər öz məsuliyyətini başa düşməlidir ki, insanın yetişməsində onun çox böyük payı var.
Amma mən əmin deyiləm bizim hansımızın daha çox payı var - mənim, yoxsa uşağın ata və anasının? Biz 1 milyon 600 min məktəblidən danışırıq. Amma bu məsuliyyət paylaşılır, paylaşmağa hazıram. Amma mənim məsuliyyətimdirmi? - bu, ayrı sualdır. Bu mənada hərə öz işini düz başa düşəndə, gözləntilər düzgün formalaşanda, yəni, gözləntiləri biz düzgün formalaşdırmalıyıq. Yəni, bu, bizim işimizdir. Yeri gələndə sizin də, mənim də işimdir, hamımızın işidir. Uğurlu oluruqsa, hamımız uğurlu oluruq. Uğursuz oluruqsa, hamımız uğursuz oluruq. Dərsliklərdə ola bilsin, bir-iki səhv olsun. Məsələ bu deyil. Məsələ budur ki, 99 faiz hərf səhvi olmayan məzmunu uşağa düzgün çatdıra bilirikmi, gəlin ondan danışaq. Ötən il uşaqlar 700 bal toplaya bilməmişdilər. İmtahanda dəyişiklik olmuşdu. İmtahanlar yeni idi və s. Cəmiyyətin birinci sualı bu idi ki, uşaqlar niyə 700 bal yığmadı? Məncə, bu sual, ümumiyyətlə, səhvdir. Bu il isə yığdı, nə baş verdi. Biz öz arzumuza, təhsil öz məqsədlərinə çatdımı? Mənə elə gəlir ki, çatmadı. Təhsil ümumiyyətlə, heç vaxt öz məqsədinə çatmır. Çünki onun qabağında həmişə yeni məqsədlər yaranır. Həmişə dəyişən dünyaya uyğunlaşa bilmək kimi məqsədi var onun. Bu mənada uğurlu olmaq çox nisbidir, amma mükəmməl olmaq, yəqin ki, mümkün deyil. Ancaq daha yaxşı olmaq olar. Mükəmməllik həmişə çətindir. Həmişə nələrsə çatmayacaq. Amma bundan daha yaxşı etmək olar. Bu işdə məsuliyyət ən vacib faktordur. Hesab edirəm ki, nöqsanlar olacaq. Amma hesab edirəm ki, daha yaxşı etmək mümkün olacaq. Burada iştirakçılıq və digər maraqlı tərəflərin yaxından bu işə meyil etməsi ən vacib faktordur.
“Qınaqdan dəstəyə keçmək vacib məsələdir”
- Bəşəriyyət ciddi rejimdə fəaliyyət göstərir. Pandemiya şəraitidir. Eyni zamanda müəllimlərimizin keyfiyyətinə də sizin münasibətinizi soruşmaq istəyirəm. Biz adi vəziyyətdə, normal şəraitdə yaşamış insanlar olaraq təbii ki, müəllimlərimizi də, həkimlərimizi də bu mühitin formalaşdırdığı vahidlər kimi qəbul edirik. Bu baxımdan, müəllimlərimizin keyfiyyəti sizi razı salırmı?
- Bildiyiniz kimi, ümumiyyətlə, müəllimlərlə bağlı yaxşı xəbər ondan ibarətdir ki, son dövrlərdə müəllimlərin istər əməkhaqlarının artırılması, istər onların rəğbətləndirilməsi istiqamətində çox böyük addımlar atılır, çox böyük işlər görülür. Fürsətdən istifadə edib ölkə rəhbərliyinə təhsil işçiləri adından öz minnətdarlığımı bildirirəm. Çünki bu dəyişikliklər müəyyən mənada tarixi əhəmiyyət daşıyır. Yəni, bu gün Azərbaycan kəndində müəllim, bəlkə də ən yüksək əməkhaqqı alan insandır. “El bilir ki, sən müəllimsən..” ifadəsi də yarandı və s.
Müəllimliyə gənclərin də gəlişi və yüksək bal toplayan, müəllim olmaq istəyən və s. bu işlər onu göstərir ki, müəllim nüfuzu 10 il bundan əvvəlki dövrlərlə müqayisə edildikdə fərqli bir səviyyədədir. Bu, nailiyyətdir və buna sevinməliyik.
Bu keyfiyyət sualına cavab verir. Daha yaxşı edə bilərik. Amma eyni zamanda başa düşməliyik ki, bütün baş verənlərin səbəbkarı müəllim deyil, müəllim də bu ölkənin vətəndaşıdır, onun da öz ailəsi var, qayğıları, həyatı var və s. Daim müəllimlərə dəstək olmaq lazımdır, məncə. Müəllimi qınamadan dəstəyə keçid çox vacibdir. Biz hardasa problem görəndə birinci reaksiyamız qınamaqdır. Şikayəti qaldırmaq və qınamaq ki, mən gördüm ki, problem var, niyə bunu həll etmirsiniz. Fərqi yoxdur, hansı səviyyədən danışırıqsa. Amma dəstək çox vacibdir. Problem varsa, onu necə həll edək? Yəni, məsələn, pandemiya problemi var. Biz bunu dana bilmərik. Bunun konkret günahkarını tapmaq çox çətindir. Göstərək ki, filankəs edib. Kimdir günahkar - yanaşma bu olmamalıdır. Yanaşma bu olmalıdır ki, biz nə edək? Həll yolu nədir? Gəlin bu istiqamətdə öz beynimizi və səylərimizi birləşdirək. Məsələn, biz danışırıq, yeni norma nədir, bir sinifdə 30, 20 uşaq olmalıdır, yoxsa 15 uşaq? Sualın 2 cavabı var. Biri çox texniki cavabdır. Bunu səhiyyədən olan həmkarlarımızla bir yerdə cavablandırmağa çalışırıq ki, yoluxma 15 uşaq olanda necə təsir edir, 10 uşaq olanda necə təsir edir. Oradan gələn cavaba uyğun olaraq biz bunu tənzimləyə bilərik. Bu məsələnin texniki tərəfidir. Bəli, növbəti tədris ilində uşaqlar siniflərə daha az sıxlıqda gəlməlidir. Bunu başa düşürük ki, əvvəlki kimi yox, yarımsiniflər, yarımqruplar şəklində olmalıdır. Uşaqların üçdə biri də ola bilər hətta. Yəni, söhbət bundan gedir. Amma məsələnin digər tərəfi davranış tərəfidir. Yəni, sinfə gələn müəllimin, şagirdin psixoloji durumu çox vacib məsələdir. Biz ona çətin dövrdə hansı dəstək veririk, bu zəmanədə 20 şagirdin qabağına çıxan müəllimə cəmiyyət çox böyük dəstək verməlidir. Necə ki, biz həmin dəstəyi öz həkimlərimizə verməliyik. Bu dövrdə həkimlərimizin, səhiyyə işçilərimizin böyük mənəvi dəstəyə ehtiyacı var. Bizim borcumuzdur onlara dəstək vermək. Bu mənada qınaqdan dəstəyə keçid ən vacib məsələdir və müəllimlərimizin daha yaxşı olması üçün həm onlara dəstək olmalı, həm də bir qədər əvvəl danışdığımız o müqəddəslik - emosional müqəddəsliyə doğru getməliyik.
“Hər bir müəllim daim hazırlıqlı olmalıdır”
- Bəs, müəllimlərin səviyyəsi, sertifikasiya barədə nə deyə bilərsiniz...
- Sertifikasiya ilə bağlı mahiyyət nədən ibarətdir? Ondan ibarətdir ki, hər bir müəllim daim hazırlıqlı olmalıdır. Müəllimin hazırlıqlı və müasir tələblərə cavab verməsi təhsilalanın öyrənməsinə təsir edən amildir. Təbiidir ki, insanlar, müəllimlərimiz xüsusilə bundan çox təlaşlanır. Düşünürəm ki, bu, prosesdir. Bunun ədalətli bir proses olmasına söz verirəm. Bu, ədalətli olacaq. Dürüst bir prosesdir. Amma mahiyyəti ondan ibarət deyil ki, hansısa müəllimi işdən çıxardaq, əmək müqaviləsi ləğv olunsun. Mahiyyət ondan ibarətdir ki, müəllim sertifikasiyaya gəlir, özünü müasir tələblə müqayisə edir və başa düşür ki, tələbin səviyyəsindədir, ondan yuxarıdadır və ya ondan aşağıdadır. Aşağıdadırsa, bu halda müəllimə daha bir il vaxt verilir ki, o həmin tələbə gəlib çatsın. Bu, ədalətlidir. Mərhəmət çox önəmli dəyərdir. Amma onu yerində və müvafiq qaydada tətbiq etmək lazımdır. Bu günləri hamıya mərhəmətli olanda uzunmüddətli vədədə biz səmərəliliyi itiririk. Çünki ədalətlilik özü də müəyyən mənada mərhəmətlilikdir. Məsələn, müəllimlərin işə qəbulu imtahanı. Biz bilirik ki, yalnız 8 min insan işə qəbul olunacaq 46 mindən. Bizim bir mexanizm olmalıdır, bu mexanizm də var, o da imtahan mexanizmidir. Nə deməkdir bu? İstənilən halda 38 min adama biz yox deməyə məcburuq, çünki bizim 46 min arzu edənimiz, cəmi 8 min yerimiz var. Bu mənada kimsə deyir ki, mənim 2 balım çatmırdı, qoy gəlim müəllim işləyim. Biz yenə də təhsilimizin harada olmasından danışırıq. Biz deyirik ki, 48 balı olan müəllim ola bilər. Demək 44 balı olan müəllim şərti olaraq deyək ki, Bakıda işləyə bilməz. Şərt bu gün budur. 48 balın nə olduğunu danışa bilərik. Bu, ayrı bir mövzudur. Mənim daima, son 7 ildə Nazirlikdə işlədiyim və müəyyən mənada təəssüflə qarşılaşdığım məsələ ondan ibarətdir ki, bir çox hallarda biz səyləri illərə bağlayırıq, nailiyyətlərə bağlamırıq. Yəni, məsələn, uşaqlar xaricə bu və ya digər yolla ali təhsil almağa gedir, sonra gəlirlər ki, axı bu uşaq 4 il ora gedib-gəlib. Mən başa düşürəm, gedib-gəlib, ancaq biz təhsildən danışırıq, 4 ilin sonunda heç nə öyrənməyibsə, məmur olaraq ona diplom verməyə mənəvi haqqımız yoxdur. Yəni səlahiyyətlərimizi qoyuruq qırağa. Belə bir sual ki, 4 il gedib-gəlib, ona bir mərhəmət edə bilərsinizmi? Məncə bu, düzgün dəyər deyildir. Sadəcə biz mərhəmət edə bilərik, siz yalançı bir mühəndis yaratmaqla yüz minlərlə insana mərhəmət etməmiş olursunuz. Ümumiyyətlə, belə qərarların verilməsində biz fərdi faydalılıq yox, ictimai faydalılığa, məsələnin ictimai əhəmiyyətinə baxmalıyıq.
- Təşəkkür edirəm Emin müəllim. Azərbaycan tamaşaçılarını yeni dərs ili münasibətilə təbrik edirəm. Bütün tamaşaçılar kimi özümü də çox uğurlu bir Təhsil naziri təyinatı münasibətilə təbrik etmək istəyirəm.
- Təşəkkürlər, çox sağ olun.