Məlumdur ki,  sentyabrın 1-də Azərbaycanda “Təhsildə yeni çağırışlar” Beynəlxalq  Forumu keçiriləcək.

 

Forumun Təşkilat komitəsinin sədri, TAM Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) baş direktoru Cəfər Mənsimi tədbir ərəfəsində TAM-ın təşkilatçılığı və Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə təcrübə, aktuallıq, mübadilə başlıqları altında reallaşdırılacaq forumun əsas hədəfləri , eləcə də TAM -ın fəaliyyəti barədə  “Azərbaycan müəllimi”nə müsahibə verib. 

 

- Təhsil sahəsində gördüyünüz işlər maraq doğurur.  Bu sahəyə necə gəldiniz?  TAM Teaching Advancement Matrix-ə (Tədrisdə Ali Matriks) qədərki yolunuz haqqında nə deyə bilərsiniz?

- Bugünə qədər gördüyüm işlərin hərəsi fikrimdə bir hekayə canlandırır. 5 il öncə işıq üzü görmüş “Uğur Kitabı”mın təqdimatında "Şöhrət"  ordenli Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bir hekayə danışmışdı: “Uğursuz döyüşlərin birində Əmir Teymurun ayağı yaralanır və o, daşın arxasında gizlənir.  Bu zaman ətrafındakı bir qarışqa onun diqqətini çəkir. Qarışqa buğda dənini öz yuvasına aparmağa çalışır və yuxarı qalxanda dən yerə düşür. Qarışqa nə az, nə çox, 69 dəfə dəni götürməyə cəhd edir. Nəhayət, 70-ci cəhdində dəni yuvasına aparır. Əmir Teymur istədiyini əldə etmək üçün inadından dönməyən qarışqaya baxıb deyir ki, qarışqa mübarizə aparıb məqsədinə çatır, mən niyə mübarizə etməyim? Bunu deyib ayağa qalxır və yüksək səslə “çəkilin, Əmir Teymur gəlir” hayqıraraq irəliləyir və qalib gəlir... Mənim  26 il öncə başlayan həyatım da öz məqsədindən əl çəkməyən, dəfələrlə yemini yerə salsa da, usanmadan onu öz yuvasına aparan inadkar qarışqanın həyatına bənzəyir. Edisonun 3678 cəhddən sonra lampa kəşf etməsi kimi.  İctimaiyyətlə əlaqələr (bakalavr) və təhsilin idarə olunması (magistiratura) üzrə təhsil almağım, təhsil aldığım universitetin tarixində ilk dəfə olaraq ictimai fəaliyyətimə görə ödənişsiz təhsil almaq imkanı qazanmağım, universiteti qırmızı diploma bərabər olan “Şərəf” statusu və “Azərbaycandakı dövlət məktəblərinin brendləşməsi ehtiyacının dəyərləndirilməsi” adlı olduqca yeni mövzuda elmi işimin müdafiəsilə tamamlamağım, hazırda Doğu Akdeniz Universitetinin kommunikasiya fakültəsinin doktorantı olaraq təhsilə davam etməyim, bugünə qədər təhsil, uğur və yaradıcı düşüncə mövzularında tanınmış 300-dən çox mütəxəssislə müsahibələrim (mərhum professor Lütfü Zadə,  professor, nobel mükafatı laureatı Aziz Sancar,  professor  Laurie Santos, Betül Mardin, Zülfü Livaneli, Andria Zafirakou, Michael Michalko, Saku Tuominen, Peter Tabichi və b.), reallaşan çoxsaylı  ideyalarım, rəhbərlik etdiyim layihələr (“Təbiət mənəm”, “Uşaqlar və biz”, “Tanıyaq, tanıtdıraq”, “Dünyada mənim Vətənim” və s.), əsas təşkilatçılarından biri olduğum beynəlxalq təhsil forumları (I Beynəlxalq PR Yaradıcılıq Forumu, Akademik Gənclər  Forumu), çap olunan kitablarım (Önceki sen olma, Yeni Sen Yarat və b.) və s.  hər biri inadkarlığım nəticəsində reallaşıb... 

 

Həyatımın hər mərhələsində jurnalist Arzu Soltanın məndə formalaşdırdığı “Yol yoxdur, demə, yox yoldur” fəlsəfəsi və həyat təcrübəmin məndə yaratdığı “Gözəllikdə çirkinlik axtarma, çirkinlikdə gözəllik axtar”, “Qarşımızdakı hər kəs bizim bilmədiyimiz nəyisə bilir”, “Sən nəyə hazırsansa, o da hazırdır və uğur bir seçimdir” fəlsəfəsi həmişə mənimlədir.

 

Bir məqsədim var: özümü tamamlamaq, insanların özünü tamamlamasına kömək edərək onları tam yoluna dəvət etmək...

 

- Natamamlığı nədə gördünüz ki, TAM yaratmaq istədiniz? Niyə TAM?

- Yaxın keçmişdə Kıbris Doğa Məktəblər Şəbəkəsinin Araşdırma və İnkişaf Mərkəzində məsul vəzifədə işləyərkən, təhsildə ehtiyac hiss olunan məsələləri daha dərindən görmək imkanı qazanmışdım. Məktəb illərindən müşahidə etdiyim və elə o illərdən müxtəlif qəzetlərdə çap olunan təhsillə bağlı məqalələrim, eləcə də təhsilin idarə olunması ixtisası üzrə təhsil alarkən fərqinə vardığım məsələlər iş mühitində özünü daha qabarıq göstərirdi. İş mühiti müəllimlərin özlərini və şagirdlərini daha dərindən kəşf etməsi, başqa sözlə,  onların öz tamlarını bilməsi, yaradıcı düşüncə və effektiv kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi,  həyat eşqlərini artırması, həyata daha pozitiv  baxması, müsbət vərdişlər formalaşdırması, özlərinə daha inamlı olması, müəllimlərin şagirdlərinə daha uğurlu vətəndaş olmalarında kömək etməsi və daha uzaqgörən olmaq üçün daha çox yol qət etməyimizin vacibliyini təsdiqlədi. Əslində TAM ideyası Kıbrıs Doğa Məktəblər Şəbəkəsinə gəlmədən öncə mənimlə idi. Demək olar ki, o vaxtdan indiyə kimi hər gün TAM ideyası, fəlsəfəsi haqqında düşünürəm…

 

Məktəbdə oxuyarkən yaratdığım “Yeni istedadlar” Uşaq və gənclər təşkilatı ilə hər bir insanda hansısa şəkildə istedadın olması inamından yanaşaraq  onları kəşf etməyi planlaşdırmışdıq. İllər keçdikcə daha dərindən anladım ki, biz bir uşağı kəşf edəcəyiksə, müəllim yüzlərlə, minlərlə uşağın özünü tamamlamasına köməklik etmək gücünə malikdir.

 

TAM Teaching Advancament Matrix-i 2020-ci ilin fevralında ixtisasca həkim olan Vüqar Rəsulovla birlikdə təsis etdik. “Özünü TAM-amla” şüarı ilə yola çıxan TAM-ın əsas məqsədi müəllim peşəkarlığını yüksəltmək, müəllimlərin şəxsi və pedaqoji inkişafını dəstəkləmək, yerli və beynəlxalq təhsil işçilərinin əməkdaşlıq və təcrübə mübadiləsini təşkil etmək, öyrənmə və öyrətmə prosesində kreativ yanaşmaları artırmaqdır.

 

TAM fəlsəfəsinə görə, cəmiyyəti tamamlayan ən önəmli vasitəçi müəllimdir. Müəllimin məqsədinin reallaşması üçün öncə onun özünü tamamlaması lazımdır. Bunun üçün müəllim özünün, eləcə də şagirdinin tamını bilməlidir. Yalnız belə olduqda effektiv öyrənmə reallaşır.

 

TAM-ın simvolu nar çiçəyidir. TAM komandasına görə, nar çicəyi dinamikliyi və tamlığı əks etdirir. Yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirmək istərdim. Bəzən bizdən “matriks” sözünün nə olduğunu soruşurlar. Beynəlxalq söz olan  “matriks” nəyinsə əsasını, özülünü, onun formalaşmasını təşkil edən platforma mənasını ehtiva edir. 

 

- TAM Teaching Advancement Matrix tərəfindən 1 sentyabrda “Təhsildə Yeni Çağırışlar” Beynəlxalq Forumu keçiriləcək. Forumun Təşkilat Komitəsinin sədri olaraq tədbirin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Ölkəmizin təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan və artıq xeyli insanın iştirak üçün qeydiyyatdan keçdiyi “Təhsildə yeni çağırışlar” Beynəlxalq Forum 1 sentyabr tarixində TAM-ın təşkilatçılığı və  Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilati dəstəyi ilə keçiriləcək. Təcrübə, aktuallıq və mübadilə başlıqları altında keçiriləcək forumun əsas hədəfi yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarının müzakirəsidir. Forumda müxtəlif ölkələrdən qabaqcıl təhsil ekspertləri çıxış edəcəklər.

 

Forumun əsas məruzəçisi (keynote speaker)  PİSA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiy­mətləndirilməsi proqramı) direktoru Andreas Schleicherdir. Cənab Andreas Schleicherin TAM komandası olaraq təşkil etdiyimiz forumda çıxış etməsi bizim məsuliyyətimizi daha da artırır. Bildiyiniz kimi, şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı - PİSA-nın nəticələri bütün dünyada ciddi müzakirə edilir. Ölkələr təhsilin keyfiyyətini bu proqram vasitəsi ilə ölçür. KİV bu nəticələri manşetlərə çıxarır, mütəxəssislər bu nəticələrə istinad edir...

 

Forumun açılışında Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov çıxış edəcəklər.

 

Forumda, həmçinin The Global Teacher Prize- 2018 müsabiqəsinin qalibi Andria Zafirakou, Britaniya Təhsildə Liderlik, İdarəetmə və İnzibatçılıq Cəmiyyətinin (BELMAS - The British Educational Leadership, Management and Administration Society) rəhbəri, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanks, UNICEF Azərbaycanın Təhsil proqramlarının rəhbəri Leyla Həsənova,  Milli Məclisin  Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Şimali Kipr Türk Cümhiriyyətinin ikinci prezidenti və sabiq təhsil naziri Mehmet Ali Talat, xalq yazıçısı Çingiz Abdullayev, Doğu Akdeniz Universitetinin doktorantı, beynəlxalq təlimçi Arzu Soltan, Türkiyənin Yenilikçi Öğrenme Məktəblər Şəbəkəsinin yaradıcısı Kayhan Karlı çıxış edəcəklər.

 

Məlumdur ki, COVID-19 pandemiyası nəticəsində 193 ölkədə təhsil müəssisələrinin fəaliyyəti dayanıb. Bir çox ölkələr kimi, Azərbaycan da məsafədən təhsilə keçməyə məcbur olub.  Odur ki, mövcud vəziyyəti təhlil etməyə, təhsildəki yeni çağırışları müzakirə etməyə ehtiyac yaranıb. Postpandemiya dövründə   təhsildə keyfiyyəti artırmaq üçün nələr etməliyik? Təhsilin keyfiyyətli olması üçün hansı imkanlar var? Təhsilin tərifində, təhsilverənlərin rolunda hansı dəyişikliklər yaranacaq? Təhsilverənlər hansı bacarıqlarını inkişaf etdirməlidir? Forum zamanı çıxışlar və müzakirələr vasitəsilə bu kimi sualların cavablandırılması nəzərdə tutulur. Forumun moderatorları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Dos. Dr. Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarpten olacaq.  

 

- TAM Teaching Advancement Matrix hansı qurumlarla əməkdaşlıq edir?

- TAM PİSA, UNİCEF Azərbaycan nümayəndəliyi,  Təhsil Nazirliyi yanında İctimai Şura, Kıbrıs Doğa Məktəblər Şəbəkəsi, o cümlədən bir sıra xarici universitetlərin təhsilin idarə olunması üzrə fakültələrindəki müəllim-professor heyəti ilə əməkdaşlıq edir.

 

- Bilirik ki,  forum günü TAM-ın təsis etdiyi TAM təhsil jurnalının da təqdimatı keçiriləcək. Jurnal hansı ehtiyacdan yaranıb?

- Bəli, TAM adlı jurnalın ilk buraxılışı “Təhsildə yeni çağırışlar” Beynəlxalq Forumda təqdim ediləcək. Əsas məqsəd bütün öyrənmə proseslərinin maraqlı, yaradıcı, yeni tərəflərindən söz açıb onları təbliğ etmək, təhsil sahəsində  hiss olunan boşluqları tamamlamaqdır. Jurnalın baş redaktoru Doğu Akdeniz Universitetinin kommunikasiya və media çalışmaları fakültəsinin doktorantı, beynəlxalq təlimçi, jurnalist Arzu Soltandır. Jurnalın ilk buraxılışında yerli və xarici mütəxəssislərin təhsillə bağlı müxtəlif yazıları, müsahibələri yer alacaq. Ana mövzumuz və məqsədimiz öyrənmə prosesinə bütün tərəflərin kreativ yanaşmalarını əhatə etməkdir.
 

Oruc MUSTAFAYEV