Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində məsələyə aydınlıq gətirib
Avqustun 27-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni dərs ilinin başlanması ilə əlaqədar brifinqi keçirildi. Ölkə ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən tədbirdə Təhsil naziri yeni dərs ilinin başlanması ilə bağlı müəyyən təklif və planlar barədə ətraflı məlumat verdi.
Təhsil naziri E.Əmrullayev cari ilin martın 3-dən pandemiya səbəbindən ölkəmizdə təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığını və nəticədə tədris ilinin ikinci semestrinin tamamilə onlayn şəkildə keçdiyini xatırladıb. Yeni tədris ili necə başlayacaq: ənənəvi və ya onlayn? Nazir əlavə edib ki, bu suallara cavab vermək üçün Təhsil Nazirliyi dünyanın UNİCEF, Dünya Səhiyyə Təşkilatı və digər qurumların təklif və tövsiyələrini nəzərə alıb. Təhsil İnstitutu, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri ilə müzakirələr aparılıb, təkliflər hazırlanıb.
Emin Əmrullayev ayrı-ayrı təhsil səviyyələri üzrə təhsil müəssisələrinin açılması məsələsinə aydınlıq gətirib. Nazir qeyd edib ki, pandemiya dövründə təhsillə bağlı ictimaiyyət ənənəvi və distant təhsilin hansının yaxşı olması barədə düşünür. Ancaq biz ən uyğun və riskli olmayan təhsil barədə düşünməliyik. “Ən səmərəli olan təkliflər əsas götürülməlidir. Ümumi məntiq ondan ibarətdir ki, təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Differensial yanaşma əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir”.
Nazir, ilk növbədə, bağçaların fəaliyyətinin başlanması barədə danışıb. Təhsil naziri qeyd edib ki, bağçalar xüsusi qayğının tələb olunduğu sahədir və bu sahədə distant təhsil mümkün deyil. Ə.Əmrullayev deyib ki, təklif odur ki, uşaq bağçalarının fəaliyyəti sentyabrın 15-dən başlayaraq bərpa edilsin: “İlk növbədə o yerlərdə ki, virusun yayılma səviyyəsi azdır, orda uşaq bağçaları fəaliyyətə başlasın. Oktyabra qədər pisləşmə müşahidə edilsə, uşaq bağçalarının mərhələli açılmasını təklif edirik”.
Məktəbəqədər və icma əsaslı məktəblərin fəaliyyətinin bərpasına gəlincə, Təhsil naziri qeyd edib ki, bu səviyyə üzrə dərslərin ənənəvi olaraq oktyabrın 1-də başlanması nəzərdə tutulur. Bu il 120 min uşağın məktəbəqədər təhsilə başlamasını deyən nazir təhsilin bu səviyyəsi üzrə dərslərin adətən həftədə 4 gün keçirildiyini qeyd edib. Nazir məktəbəqədər qruplarda tədrisin bu il yenə də oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla başlanmasının planlaşdırıldığını bildirib: “Noyabrın 2-nə qədər bu rejimdə işləyə bilsək, bu, müəyyən mənada uğur hesab edilə bilər”.
Təhsilin ibtidai siniflər səviyyəsində bərpasına gəlincə, E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən ibtidai siniflər dərsə başlayacaq. İbtidai təhsildə I sinif şagirdlərinin həftədə 3, digər sinif şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib: “Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epidemioloji vəziyyət gərgindir”.
Təhsil naziri V-IX siniflərdə dərslərin başlanması barədə danışanda qeyd edib ki, sentyabrın 15-dən orta məktəblərin V-XI siniflərində dərslər onlayn qaydada başlayacaq. “1 oktyabr tarixindən V-IX siniflərin məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Epidemioloji vəziyyət imkan verərsə, 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış qaydada tədrisə cəlb etməyi nəzərdə tuturuq”. Nazir teledərslərin mart ayına qədər davam etdirilməsinin nəzərdə tutulduğunu da deyib. Xüsusi karantin rejimi dövründə Təhsil Nazirliyi tərəfindən teledərslər və “Virtual məktəb” layihələri davam etdiriləcək. “Bəzi valideynlər uşaqlarını məktəblərə göndərmək istəmirlər. Bu valideynlərlə xüsusi razılaşma əldə olunacaq. Məktəbə gəlməyən şagirdlər valideynlərin nəzarəti ilə teledərsləri izləyəcəklər və “Virtual məktəb”də tədrisə qoşulacaqlar”.
Təhsil naziri X və XI sinif şagirdlərinin məktəblərə 15 oktyabr tarixindən qayıtmasının planlaşdırıldığını bildirib. E.Əmrullayev nəzərə çatdırıb ki, sentyabrın 15-dən qeyd olunan siniflər üçün tədris onlayn olacaq. Peşə təhsili müəssisələrinin fəaliyyətinin başlanması barədə planlar barədə danışan nazir qeyd edib ki, peşə məktəblərində təhsil distant formada təşkil ediləcək, peşə ixtisasları üzrə isə əyani tədris nəzərdə tutulur. Peşə məktəblərində də tədris sentyabrın 15-də başlayacaq. Peşə təhsili müəssisələrində tədris məzmunu məsafədən (“Virtual məktəb” və teledərslər vasitəsilə) çatdırılacaq. Bildirilib ki, peşə təhsilində bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində keçiləcək. Sentyabrın 15-də ali təhsil alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində distant formada davam etdiriləcək. 1-ci kurslar sentyabrın 15-dən qəbul olunduqları ali təhsil müəssisəsinə gələ biləcəklər.
Nazir xüsusi məktəblər və ya internat tipli müəssisələrin fəaliyyətinin bərpasından danışaraq qeyd edib ki, bunlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan məktəblərdir. Bu müəssisələrin də uşaq bağçaları formatında sentyabrın 15-dən oktyabrın 1-ə qədər müvafiq plan əsasında mərhələli şəkildə açılması planlaşdırılır. Onun sözlərinə görə, burada uşaqlar yataqxanada qaldıqları üçün fərqli protokollardan istifadə olunur: “Amma həmin protokollar hazırlanmaqdadır. Bu, təbii ki, Operativ Qərargahın Tibbi Bölməsi ilə razılaşdırılır. Bu məsələlər razılaşdırıldıqdan sonra ictimaiyyətə təqdim ediləcək”.
Təhsil naziri ümumtəhsil müəssisələrində şagird sıxlığı və yoluxma hallarının bu məsələyə təsiri barədə məlumat verib. Bildirilib ki, ölkədə ümumilikdə fəaliyyət göstərən 4439 məktəbdən cəmi 182-də 1500 və ya daha çox şagird təhsil alır, digər məktəblərdə şagird sayları əsasən aşağıdır: “Ümumiyyətlə, 53 faiz və yaxud 2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır. Digər 47 faiz və ya 2104 məktəbdə isə şagird sayı 200 nəfərdən çoxdur. Yəni ümumilikdə şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində elə də ciddi problemlə üzləşəcəyimizi düşünmürük. Amma bununla bağlı daha detallı təhlilə baxsaq, cəmi 338 sinifdə şagird sayı 40-dan yuxarıdır. Bunlar bizə problemli siniflər kimi görünür, o mənada ki, bu siniflərdə şagirdlərin 2-yə və ya 3-ə bölünməsi sualı var. Yerdə qalan 99,5% sinifdə şagird sayı 40-dan aşağıdır. Yəni həmin siniflərdə yarım qruplardan danışanda 20 nəfərdən az haqqında danışırıq. Şagird sayının 30 nəfərdən az olduğu siniflər təxminən 93,3 faiz təşkil edir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil. “Biz daha çox Bakı və Abşeron ərazisində, xüsusilə də bəzi qəsəbələrin ərazisində yerləşən məktəblərdən danışırıq. Bu məktəblərin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron Rayon Təhsil İdarəsi tərəfindən, eyni zamanda digər yerli təhsili idarəetmə orqanları tərəfindən müvafiq planlar əsasında fəaliyyət göstərməsini planlaşdırırıq”.
Nazir Emin Əmrullayev məktəblər açıldıqdan sonra zəruri sanitar-epidemioloji tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq: “Virusun yayılmasının qarşısını almaq üçün xəstəliyin vaxtında aşkarlanması, aşkarlanmış halların təcrid edilməsi, təcrid olunmuş və təmasda olmuş insanların siyahısının müəyyən edilməsi vacibdir. Ona görə belə hal müəyyən edilərsə, valiydeynlərə, məktəb ictimaiyyətinə çatdırılmasında maraqlıyıq. Hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq. Bununla bağlı xüsusi qaydalar da hazırlanır”.
Təhsil naziri qeyd edib ki, kütləvi yoluxma olan məktəblərdə distant təhsilə keçilə bilər. “Bu və ya digər təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyıq”.
Nazir təhsil müəssisələrində zəruri sanitar-epidemioloji tədbirlərdən danışanda ümumtəhsil müəssisələrində çalışan 120 min müəllim və texniki işçi ilə bağlı faktın nəzərə alınmalı olduğunu bildirib. E.Əmrullayev deyib ki, həm məktəbin daxilində, həm də məktəbdən kənar hər bir müəllim, valideynin bu prosesə təsiri var: “Ola bilər ki, hansısa marketdə, nəqliyyatda maska taxmamağın tədrisə təsiri başa düşülməsin. Ancaq hər bir vətəndaş qaydalara riayət etməlidir ki, tədris ənənəvi formada davam etsin”.
Təhsil naziri yeni tədris ilinin başlanması ilə əlaqədar hər bir vətəndaşın üzərinə düşən konkret vəzifələrdən danışıb və qeyd edib ki, məktəblərin açılmasında mühüm məqamlardan biri ehtiyatlılıqdır. Ehtiyyatlılıq hər birimiz üçün xüsusi önəm daşımalıdır. Müvafiq tədbirlərə və qaydalara əməl etməklə biz təhsilin normal fəaliyyətinə qayıda bilərik. Digər tərəfdən, biz gələcəyə ümid və inamla baxmalıyıq. Nazir üzunmüddətli təhlükənin olmadığı təqdirdə ənənəvi təhsilə qayıtmağın mümkünlüyünü də istisna etməyib. Müvafiq qaydalara hamı tərəfindən əməl olunması normal təhsilə qayıdışın baş verməsinə səbəb olacaq.
Daha sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Oruc MUSTAFAYEV