Sentyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi imkanları-2020” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.
Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, universitetin xarici dillər kafedrasının dosenti, ABŞ-ın Fulbrayt proqramının məzunu Sevinc Ələkbərzadənin moderatorluğu ilə xarici dil müəllimləri üçün keçiriləcək konfransda ABŞ-ın aparıcı universitetlərinin alimləri xarici dilin distant tədrisinin təkmilləşdirilməsi yolları, onlayn mühitdə tədris və öyrətmə, onlayn tədris kontekstində tələbələri cəlbetmə, müasir təhsilalanlar, effektiv dərs kitabları və onlayn tədris mövzularında çıxışlar edəcək, eləcə də müzakirələr aparacaqlar.
Beynəlxalq konfrans UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. Konfransın sessiyalarında spikerlərə izləyicilər tərəfindən sual vermək imkanı da yaradılacaq.
Beynəlxalq konfrans 07.09.2020-ci il tarixində Bakı vaxtı ilə saat 18:00-da (ABŞ vaxtı ilə səhər 09:00) başlayacaq.
Konfransın spikerləri:
Dr.Qram R.Smit - ABŞ Boston kollecinin Linç Təhsil və İnkişaf məktəbinin xarici dil müəllimi, elmi tədqiqatçı.
Maryna Teplova - ABŞ İllinoys Dövlət Universitetinin ingilis dili kafedrasının doktorant müəllimi.
Tasito Kuri - ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun rəhbəri.
Gizela Kornejo- ABŞ Beynəlxalq TEFL Təlim İnstitutunun akademik rəhbəri.