Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən  akkreditasiya prosesinə dair təlimlər  keçirilib.

 

2018-2019-cu tədris ili müddətində akkreditasiyası keçiriləcək orta ixtisas təhsili müəssisələrinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin regionlardakı filiallarının əməkdaşlarına akkreditasiya prosesinin bir hissəsi olaraq özünütəhlil hesabatlarının hazırlanmasına dəstək məqsədi ilə keçirilən təlimlər başa çatıb.

 

Təlimlərin məqsədi təhsil müəssisələri tərəfindən təqdim olunan özünütəhlil hesabatlarını təkmilləşdirilmək və tələb olunan qaydada tərtib edilməsinə dəstək göstərməkdir..

 

Təlimlərdə təhsil müəssisələrinin müvafiq səlahiyyətli şəxsləri ilə birlikdə özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son 5 ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunub və akkreditasiya üçün keyfiyyət istiqamətləri ətraflı şəkildə izah edilib. 

 

Təlimlərdə ADPU-nun Şamaxı, Şəki, Cəlilabad, Ağcabədi, Quba filialları, habelə ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci, Göyçay İdarəetmə və Texnologiya Kolleci, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı İdarəetmə və Texnologiya Kolleci, Ağcabədi Pedaqoji Kolleci, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci, Tovuz Dövlət Sosial İqtisadi Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci və Sabirabad Dövlət Sosial İqtisadi Kollecindən nümayəndələr iştirak ediblər.

 

İştirakçılar akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd edərək təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulayıblar.