Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Oruc Həsənlinin 70 illik yubileyi qeyd olunub.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev alimin yubileyinin  Naxçıvanda yüksək səviyyədə təşkil edilməsini ölkəmizdə elmə, görkəmli şəxsiyyətlərə verilən qiymət kimi dəyərləndirib.  O.Həsənlinin elmi və pedaqoji fəaliyyətindən danışan bölmə sədri qeyd edib ki, elm xadimi 1975-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universitetində) assistent, müəllim, baş müəllim, 1993-2008-ci illərdə Naxçıvan Özəl Universitetində (indiki “Naxçıvan” Universitetində) tədris və elmi işlər üzrə prorektor vəzifələrində çalışıb, daha sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru olub.  2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib. O, həmçinin  Naxçıvan Ali Məclisinin deputatı, Naxçıvan  Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik  Şurasının üzvü olub.

 

İ.Hacıyev bildirib ki, alimin respublikamızda və xaricdə 220-dən çox elmi əsəri, 26 monoqrafiya və kitabı işıq üzü görüb.

 

Qeyd olunub ki, pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərən O.Həsənlinin rəhbərliyi ilə 1 elmlər, 10 fəlsəfə doktoru hazırlanıb.

 

Daha sonra tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Bakı Elm-Təhsil Mərkəzinin prezidenti Fərahim Sadiqov, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, professor Akif İmanlı  alimlə bağlı  çıxış ediblər.

 

Tədbirdə görkəmli alimin kitab və monoqrafiyalarından ibarət sərgi təşkil olunub, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı slayd da  nümayiş etdirilib.