Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Zoom proqramı vasitəsilə təşkil edilən onlayn seminarda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Bayram Rüstəmov təqdim olunacaq məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sabir Əliyev “Qoca Veronikanın Saçları ulduz topasına aid olan 17 Com maqnit ulduzunun kompleks tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi tədqiqat işində 17 Com maqnit ulduzunun fotometrik, maqnit və spektral dəyişən maqnit müşahidələr əsasında kompleks tədqiq edildiyini bildirib. Diqqətə çatdırıb ki, işin əsas məqsədi daha çox təkamül etmiş bu ulduzun atmosferinin əsas parametrlərini və təkamül statusunu müəyyənləşdirərək eyni tip cavan maqnit ulduzları ilə müqayisə etməkdən ibarətdir.
Aparılan tədqiqatlar zamanı 17 Com maqnit ulduzunun baş ardıcıllığın ən çox təkamül edən ulduzları qrupuna aid olması aşkar edilib.