Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyası işıq üzü görüb.
Nəşr Naxçıvanın 95 illiyinə həsr olunub.
Monoqrafiyada 1995-2019-cu illərdə muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafının ən mühüm cəhətləri tədqiq edilib, onun dinamik inkişafı, baş verən dəyişikliklər, qazanılan nailiyyətlər faktiki materiallar əsasında öyrənilib.
Monoqrafiyada göstərilib ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir; Bu müəyyənləşmə Azərbaycanı qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətə çevirib.
Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan da dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi istiqamətində, həmçinin özünün sosial-iqtisadi, mədəni inkişafında uğurlu fəaliyyət göstərib, yüksək nailiyyətlər qazanıb.
Nəşrdə muxtar respublikanın keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı başlıqda verilən tədqiqat materiallarında əhatəli şəkildə oxucuların diqqətinə çatdırılıb.