Sərgidə 100-ə yaxın istehsal və xidmət müəssisəsinin məhsul nümunələri nümayış olunur


Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar. Sərgiylə tanış olan qonaqlara məlumat verilib ki, mərkəzin əsas fəaliyyət istiqamətləri ölkəmizdə aparılan iqtisadi islahatlar, dünya iqtisadiyyatındakı yeniliklər, sahibkarların bilik və iş təcrübələrinin artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi, reklam və marketinq işinin təşkili kimi sahələrdə sahibkarların maarifləndirilməsidir. Qeyd edilib ki, mərkəzdə muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur.

 

Qonaqlara muxtar respublikanın ənənəvi brend məhsulları olan qaya duzu, mineral sular, bitki çayları, dağlardan toplanmış müalicəvi əhəmiyyətli bitki çayları və onların kapsulları haqda da məlumat verilib. Bildirilib ki, zəngin floraya malik Naxçıvan ərazisində 150-dən çoxu rəsmi dərman bitkisi olan 2900-dən çox bitki mövcuddur. Muxtar respublikada özəl bölmənin təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları,  “Dizayn Holdinq”, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çoxsaylı kiçik və orta müəssisələr tərəfindən istehsal olunan məhsulların da sərgidə öz yerini tutduğu qonaqların diqqətinə çatdırılıb.

 

Vurğulanıb ki, muxtar respublikanın mövcud resusları hesabına istehsal edilən tikinti materialları, sement, kərpic, daş məhsulları, tibb sahəsində istifadə olunan müxtəlif qazlar yerli təlabatı 100% ödəyir. Bununla yanaşı daş məhsulları, sement, mebel məmulatları İran, Türkiyə və Gürcüstana ixrac edilir. Əl işlərinin sərgiləndiyi güşədə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2009-cu il 7 fevral tarixli sərəncamı ilə sənətkarların fəaliyyətlərinin stimullaşdırılması məqsədilə xalq yaradıcılığı günlərinin keçirilməsi və sərgidə yer alan və Naxçıvan abidələrinin üstünlük təşkil etdiyi nümunələr qonaqların marağına səbəb olub.

 

Muxtar Respublikada son illər yaradılmış istehsal və xidmət obyektlərini əks etdirən və 858 istehsal müəssisəsini özündə birləşdirən xəritədə maşınqayırma, kimya, tikinti, enegetika, mədənçıxarma, metallugiya, yüngül, mebel, yeyinti və aqrar sənayesi, soyuducu anbarlar, istixana kompleksləri, heyvandarlıq, quşçuluq, arıçılıq, limonçuluq təsərrüfatlarının öz əksini tapdığı qeyd edilib.