Məlum olduğu kimi, UNESCO-nun “Futures of Education” Beynəlxalq Komissiyasının yeni, “Covid sonrası dünyada təhsil: ictimai fəaliyyət üçün doqquz ideya” adlı hesabatı nəşr edilib. Diqqət çəkən məqamlardan biri ideya olaraq verilmiş aşağıdakı fikirdir: “müəllim peşəsini və müəllim əməkdaşlıqlarını qiymətləndirin. Müəllimlərə innovasiya və yenilikləri tətbiq etmələri üçün sərbəstlik verməli, əməkdaşlıq göstərə bilmələri üçün şərait yaradılmalıdır”.

 

Fizika fənn müəllimi olaraq, öz həmkarlarımı yeni tədris ilində innovasiya və yenilikləri tətbiq etmək üçün qısamüddətli layihə nümunəsi ilə tanış etmək istərdim. Bu baxımdan ümumtəhsil məktəblərində tədrisinə 6-cı sinifdən başlanılan fizika dərslərinin pandemiya dövrü ərzində 7-ci sinifdə effektli davam etdirilə bilməsi üçün qısamüddətli şagird layihəsi icra etmək mümkündür. Belə bir layihənin əsas məqsədi virtual dərslər və teledərslər vasitəsilə keçirilmiş 6-cı sinif fizika fənninin son tədris vahidi olan “Qarşılıqlı təsirlər və hərəkət”in yaradıcı tətbiqetmə vasitəsilə möhkəmləndirilməsi, 7-ci sinif fizika fənninin ilk tədris vahidi olan “Mexaniki hərəkət”in tədrisi zamanı adaptiv öyrənmə mühitinin təmin olunmasıdır. Düşünürəm ki, istənlən fənni tədris edən qabaqcıl müəllim qrupları yeni tədris ilinin əvvəlində birgə əməkdaşlıq edərək, aşağıdakı nümunəyə uyğun daha yaradıcı, qısamüddətli layihə təklifləri verə və icra edə bilərlər.

 

Fənn: fizika, 7-ci sinif

 

Layihə adı: Zəfər dronları

 

Layihənin ümumi məqsədi: “Mexaniki hərəkət” tədris vahidi üzrə alt standartları şagirdləri yeni tədris ilinə, “adaptiv təhsil” mühitində uyğunlaşdırmaqla reallaşdırmaq

 

Reallaşdırılacaq alt standartlar:  Fiz.- 1.1.1., 1.1.3., 1.1.4., 3.1.1., 3.1.2.

 

Fənn üzrə layihə nəticəsi:

 

  • Düzxətli bərabərsürətli hərəkətdə hərəkətlərin istiqamətini və tərifini bilir;
  • Ayrı–ayrı fiziki kəmiyyətləri şərh edir və onlarla ölçü cihazları arasındakı uyğunluğu bilir;
  • Düzxətli bərabərsürətli hərəkətdə çevrilmələr aparır, nəticələri müqayisə edir və ümumiləşdirib təqdim edə bilir;
  • Mexaniki hadisələrə dair cihaz  və avadanlıqlardan istifadə edə bililr.
  • Düzxətli bərabərsürətli hərəkətə uyğun fiziki kəmiyyətləri ölçür və hesablamalar apara bilir.
     

Layihənin icra forması: onlayn və ya oflayn

 

Layihənin müddəti: 5 dərs saatı

 

Təlim metodu: təbiət fənləri üçün 7E modeli, dizayn əsaslı öyrənmə

 

İnteqrasiya: Riy.-1.1.3., 1.3.1., 5.1.1., coğ.-1.2.2, 2.1.3, 2.1.4., tex.-2.2.1., inf.-1.2.3

 

Yeni  texnologiyalar: müxtəlif sahələrdə dronlardan (pilotsuz uçuş aparatları) istifadə imkanları, 3D çap məhsullarının hazırlanması

 

Layihə məhsulu: sadə dron prototipləri, 3D tinkercad dron dizaynı, müxtəlif rəqəmsal təqdimatlar, videolar

 

Formalaşması hədəflənən bacarıqlar: 4K bacarıqları (tənqidi və yaradıcı düşünmə, ünsiyyət və əməkdaşlıq), müşahidə, dizayn, tədqiqat və rəqəmsal bacarıqlar

Qiymətləndirmə metodu: qrup işinin qiymətləndirilməsi, layihə məhsulunun qiymətləndirilməsi, özünüqiymətləndirmə

Ləvazimatlar: karton, taxta, plastik butulka, kiçik motorlar, pərlər, naqil, batareya, led lampalar (daha təkmil layihələrdə sürət tənzimləyici, müxtəlif sensorlar, kamera, uçuşu idarəetmə sistemi , 3D printer və s)

 

Layihənin qısa təsviri: layihənin icrası zamanı 7-ci sinfin ilk 5 mövzusunun məzmunu layihə məhsulu olan dronun dizaynı, hərəkət trayektoriyasının və istifadə imkanlarının araşdırılması prosesində şagirdlər tərəfindən mənimsəniləcək. Ümumi proses şagird mərkəzli olmaqla, şagird qruplarının araşdırma, dizayn fəaliyyəti, layihə məhsulunun sınaqdan keçirilməsi ilə aparılacaq. Layihənin gedişi 6-cı sinifdə mənimsənilmiş “mexaniki hərəkət” anlayışının elmi savadlılıq, inteqrativlik, əyanilik, vahidlik və yaradıcılıq kimi didaktik prinsiplər əsasında 7-ci sinifdə davam etdirilməsi hesabına, maddi nöqtə, trayektoriya, yol, yerdəyişmə, sürət, orta sürət, düzxətli bərabərsürətli hərəkət, düzxətli dəyişənsürətli hərəkət anlayışlarının mənimsənilməsini özündə ehtiva edəcək. Layihənin gedişində maddi-texniki təminatdan asılı olaraq şagird qrupları tərəfindən müxtəlif dron prototiplərinin hazırlanması, dronların sınaqdan keçirilməsi, bu prosesdə şagirdlərin yeni tədris ilinə “adaptiv təhsil” mühitində uyğunlaşması gözlənilir.

 

Layihə icrası  üçün müəllimlərə tövsiyələr:

  1. Layihəyə cəlbetmə məqsədi ilə açıq və yönləndirici suallar üzərində işləmək;
  2. Dron (pilotsuz uçuş aparatları) qurğuları, onların müxtəlif sahələrdə və pandemiya dövründə istifadə imkanları barədə motivasiyaedici sadə-interaktiv təqdimat hazırlamaq;
  3. Layihə məhsulunu hazırlamaq üçün lazım olan, əlçatan ləvazimatların toplanmasına şagirdləri cəlb etmək;
  4. Qrup işlərində şagirdlərin araşdırma, ünsiyyət, birgə əməkdaşlıq etmələrinə nail olmaq, onlara mentorluq etmək;
  5. 7-ci sinf fizika fənninin ilk 5 mövzusunun təlim məzmununu dronun irəli-geri, sağ-sol, enmə-qalxma və s. hərəkətlərinin araşdırılması ilə paralel mənimsətmək;
  6. 3D printer olmadan belə, Tinkercad onlayn proqramında 3D dron modelləri dizayn etmə bacarıqları formalaşdırmaq;
  7. DroneBlocks mobil tətbiqi ilə dron uçuşunu bloklar vasitəsi ilə proqramlaşdırmaqla uçuşu simulyasiya etmək;
  8. Qrup işi, layihə məhsulu, özünüqiymətləndirmə üçün meyarlar hazırlayaraq, rubriklər tərtib etmək.

Müşahidələrim və təcrübəm göstərir ki, təbiət və texniki elmlər (fənlər) sahəsində olan müxtəlif yeniliklərin sinif otaqlarına inteqrasiya edilmə meylləri daha çevik baş verə bilir. Bu baxımdan təbiət və texniki fənn  müəllimləri innovativ öyrənmə modellərini, kinematika və modelləşdirməni, daha irəli səviyyə kimi hətta qrafik proqramlaşdırma, proqramlaşdırma, robotics, 3D çap və s. kimi aktual yenilikləri mənimsəməlidirlər.

 

Ümumiyyətlə, müəllim şagirdlərinin tədris ilinin sonunda, ibtidai, ümumi orta və tam orta təhsil pillələrinin sonunda qazanacağı bacarıqları, əldə edəcəyi nəticələri bilirsə, onun öz illik fəaliyyət planını yeniliklərə uyğunlaşdıraraq tərtib etməsi  də asanlaşır.

 

                                                                            

Aliyə ƏHMƏDOVA

Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi

Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Tərəqqi medalı mükafatçısı