Pandemiya dövrü yeni tədris ilinə necə hazırlaşmalı? | |
Məlum olduğu kimi, UNESCO-nun “Futures of Education” Beynəlxalq Komissiyasının yeni, “Covid sonrası dünyada təhsil: ictimai fəaliyyət üçün doqquz ideya” adlı hesabatı nəşr edilib. Diqqət çəkən məqamlardan biri ideya olaraq verilmiş aşağıdakı fikirdir: “müəllim peşəsini və müəllim əməkdaşlıqlarını qiymətləndirin. Müəllimlərə innovasiya və yenilikləri tətbiq etmələri üçün sərbəstlik verməli, əməkdaşlıq göstərə bilmələri üçün şərait yaradılmalıdır”.
Fizika fənn müəllimi olaraq, öz həmkarlarımı yeni tədris ilində innovasiya və yenilikləri tətbiq etmək üçün qısamüddətli layihə nümunəsi ilə tanış etmək istərdim. Bu baxımdan ümumtəhsil məktəblərində tədrisinə 6-cı sinifdən başlanılan fizika dərslərinin pandemiya dövrü ərzində 7-ci sinifdə effektli davam etdirilə bilməsi üçün qısamüddətli şagird layihəsi icra etmək mümkündür. Belə bir layihənin əsas məqsədi virtual dərslər və teledərslər vasitəsilə keçirilmiş 6-cı sinif fizika fənninin son tədris vahidi olan “Qarşılıqlı təsirlər və hərəkət”in yaradıcı tətbiqetmə vasitəsilə möhkəmləndirilməsi, 7-ci sinif fizika fənninin ilk tədris vahidi olan “Mexaniki hərəkət”in tədrisi zamanı adaptiv öyrənmə mühitinin təmin olunmasıdır. Düşünürəm ki, istənlən fənni tədris edən qabaqcıl müəllim qrupları yeni tədris ilinin əvvəlində birgə əməkdaşlıq edərək, aşağıdakı nümunəyə uyğun daha yaradıcı, qısamüddətli layihə təklifləri verə və icra edə bilərlər.
Fənn: fizika, 7-ci sinif
Layihə adı: Zəfər dronları
Layihənin ümumi məqsədi: “Mexaniki hərəkət” tədris vahidi üzrə alt standartları şagirdləri yeni tədris ilinə, “adaptiv təhsil” mühitində uyğunlaşdırmaqla reallaşdırmaq
Reallaşdırılacaq alt standartlar: Fiz.- 1.1.1., 1.1.3., 1.1.4., 3.1.1., 3.1.2.
Fənn üzrə layihə nəticəsi:
Layihənin icra forması: onlayn və ya oflayn
Layihənin müddəti: 5 dərs saatı
Təlim metodu: təbiət fənləri üçün 7E modeli, dizayn əsaslı öyrənmə
İnteqrasiya: Riy.-1.1.3., 1.3.1., 5.1.1., coğ.-1.2.2, 2.1.3, 2.1.4., tex.-2.2.1., inf.-1.2.3
Yeni texnologiyalar: müxtəlif sahələrdə dronlardan (pilotsuz uçuş aparatları) istifadə imkanları, 3D çap məhsullarının hazırlanması
Layihə məhsulu: sadə dron prototipləri, 3D tinkercad dron dizaynı, müxtəlif rəqəmsal təqdimatlar, videolar
Formalaşması hədəflənən bacarıqlar: 4K bacarıqları (tənqidi və yaradıcı düşünmə, ünsiyyət və əməkdaşlıq), müşahidə, dizayn, tədqiqat və rəqəmsal bacarıqlar Qiymətləndirmə metodu: qrup işinin qiymətləndirilməsi, layihə məhsulunun qiymətləndirilməsi, özünüqiymətləndirmə Ləvazimatlar: karton, taxta, plastik butulka, kiçik motorlar, pərlər, naqil, batareya, led lampalar (daha təkmil layihələrdə sürət tənzimləyici, müxtəlif sensorlar, kamera, uçuşu idarəetmə sistemi , 3D printer və s)
Layihənin qısa təsviri: layihənin icrası zamanı 7-ci sinfin ilk 5 mövzusunun məzmunu layihə məhsulu olan dronun dizaynı, hərəkət trayektoriyasının və istifadə imkanlarının araşdırılması prosesində şagirdlər tərəfindən mənimsəniləcək. Ümumi proses şagird mərkəzli olmaqla, şagird qruplarının araşdırma, dizayn fəaliyyəti, layihə məhsulunun sınaqdan keçirilməsi ilə aparılacaq. Layihənin gedişi 6-cı sinifdə mənimsənilmiş “mexaniki hərəkət” anlayışının elmi savadlılıq, inteqrativlik, əyanilik, vahidlik və yaradıcılıq kimi didaktik prinsiplər əsasında 7-ci sinifdə davam etdirilməsi hesabına, maddi nöqtə, trayektoriya, yol, yerdəyişmə, sürət, orta sürət, düzxətli bərabərsürətli hərəkət, düzxətli dəyişənsürətli hərəkət anlayışlarının mənimsənilməsini özündə ehtiva edəcək. Layihənin gedişində maddi-texniki təminatdan asılı olaraq şagird qrupları tərəfindən müxtəlif dron prototiplərinin hazırlanması, dronların sınaqdan keçirilməsi, bu prosesdə şagirdlərin yeni tədris ilinə “adaptiv təhsil” mühitində uyğunlaşması gözlənilir.
Layihə icrası üçün müəllimlərə tövsiyələr:
Müşahidələrim və təcrübəm göstərir ki, təbiət və texniki elmlər (fənlər) sahəsində olan müxtəlif yeniliklərin sinif otaqlarına inteqrasiya edilmə meylləri daha çevik baş verə bilir. Bu baxımdan təbiət və texniki fənn müəllimləri innovativ öyrənmə modellərini, kinematika və modelləşdirməni, daha irəli səviyyə kimi hətta qrafik proqramlaşdırma, proqramlaşdırma, robotics, 3D çap və s. kimi aktual yenilikləri mənimsəməlidirlər.
Ümumiyyətlə, müəllim şagirdlərinin tədris ilinin sonunda, ibtidai, ümumi orta və tam orta təhsil pillələrinin sonunda qazanacağı bacarıqları, əldə edəcəyi nəticələri bilirsə, onun öz illik fəaliyyət planını yeniliklərə uyğunlaşdıraraq tərtib etməsi də asanlaşır.
Aliyə ƏHMƏDOVA Sumqayıt şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Tərəqqi medalı mükafatçısı
|
|
10.08.2020 | 11:21 | |
|
|
|