Fuad Qarayev:“Olimpiada bir elm müsabiqəsi olduğundan qiymətləndirmə sağlam, elmi, dürüst, obyektiv yanaşma və müzakirələrin nəticəsi olmalıdır”
Azərbaycanda növbəti - 2019-2020-ci tədris ili üçün respublika fənn olimpiadaları başa çatdı. 2020-ci ilin ilk aylarından start götürən proses, nəhayət, ötən ay yekunlaşdı. Minlərlə şagirdin qatıldığı bu elm mübarizəsinin qalibləri artıq bəllidir. Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində 2019-2020-ci tədris ili üçün respublika fənn olimpiadalarının nəticələrindən danışıb.
Olimpiada hərəkatının pandemiya dövrü
-2019-2020-ci il üçün Respublika fənn olimpiadaları yekunlaşdı. Pandemiya şəraitində olimpiada?
-Yanvar ayında birinci, fevral ayında ikinci mərhələsini keçirdiyimiz respublika fənn olimpiadalarını, pandemiyaya baxmayaraq, nəhayət, yekunlaşdırdıq. Final mərhələsini mart ayında nəzərdə tutsaq da, hamıya məlum səbəblərdən təxirə salmışdıq. İyun ayında karantin rejiminin yumşalması ilə son mərhələnin keçirilməsinə qərar verdik. Təbii ki, pandemiya şəraiti nəzərə alındı. Belə ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində şagirdlərin sağlamlığı məqsədilə final mərhələsinin iştirakçıları Bakıya gətirilmədi. Onlar olimpiadaya yaşadıqları ərazi üçün müəyyən edilmiş mərkəzlərdə qatıldılar. Olimpiadaların keçirilməsi üçün Bakı, Mingəçevir, Qəbələ, Şirvan, Biləsuvar, Quba, Xaçmaz və Naxçıvan Muxtar Respublikası olmaqla müxtəlif mərkəzlər müəyyənləşdirildi. Mövcud vəziyyətlə əlaqədar olimpiadaların keçirildiyi məkanlar bir gün əvvəl dezinfeksiya edildi, COVID-19-a qarşı bütün qabaqlayıcı tədbirlər görüldü. Şagirdlərə maska və əlcəklər verildi, otaqlara spirtlər qoyuldu. Binaya daxil olan hər kəsin hərarəti ölçüldü. İstənilən mərkəzdə bir sinifdə maksimum 9 şagird əyləşdirildi. Şagirdlər arasında məsafə qorundu. Azərbaycanın bölgələrindən 589, Naxçıvan Muxtar Respublikasından 102 nəfərin iştirak etdiyi final mərhələsi uğurla başa çatdı və nəticələr elan olundu. Düşünürük ki, çətin şəraitə baxmayaraq, respublika fənn olimpiadalarını uğurla başa vurduq.
Koordinasiyanın nəticəsi şagirdin xeyrinə olur
- Nəticələr elan olunmazdan öncə olimpiadaçılar münsiflər heyəti ilə görüşdü...
- Bəli, respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydasına əsasən olimpiadadan bir gün sonra şagirdlər münsiflər heyəti ilə görüşərək yazı işinə baxış keçirirlər. Xatırladım ki, qaydalara görə, olimpiada komissiyası yazı işini yoxlayıb qiymətləndirdikdən sonra şagirdlər onlara verilən kodla şəxsi kabinetində öz nəticəsini görə bilir. Bununla bağlı hər hansı sualı, etirazı yaranarsa, onu olimpiada komissiyası ilə müzakirə edə bilirlər. Biz buna “koordinasiya” deyirik. Bu il şagirdlər münsiflər heyəti ilə onlayn görüşdü. Təyin etdiyimiz vaxtda hər şagirdə 10 dəqiqə vaxt verildi. Bu 10 dəqiqəlik görüşlə bağlı deyim ki, şagirdin PDF formatında yazısı ekranda görünür və yazı üzərində müzakirə gedir. Olimpiada ayrı-ayrı günlərdə keçirildiyi üçün münsiflər heyətinin görüşü də fərqli günlərdə baş tutdu. Səhər saat 9-da başlayan proses şagird sayından və müzakirələrin gedişindən asılı olaraq, bəzi fənlər üzrə axşam saat 6-ya, 7-yə qədər uzandı. Ancaq nəticə uğurlu oldu.
- Görüşün nəticəsi olaraq komissiyanın qərarında müsbət, ya da mənfi dəyişikliyə səbəb olan şagird oldumu?
- Olimpiadanın çox önəmli hissəsi sayılan koordinasiya ona görə keçirilir ki, obyektivlik qorunsun, şagirdin yazı işlərinin düzgün qiymətləndirilməsi təmin edilsin. Olimpiada bir elm müsabiqəsi olduğundan qiymətləndirmə sağlam, elmi, dürüst, obyektiv yanaşma və müzakirələrin nəticəsi olmalıdır. Şagirdlərlə münsiflər heyətinin görüşü, yazı işlərini birgə müzakirə etmələri məhz obyektiv qiymətləndirməyə xidmət edir. Olimpiada üçün koordinasiya şagirdlərin verilən tapşırığı tələb edilən müddət ərzində həll etməsi qədər önəmlidir. Bu önəmli prosesin nəticəsi əksər hallarda dəyişməsə də, şagirdin öz yazı işini elmi dəlillərlə münsiflər heyəti qarşısında sübut edib balını yüksəltmək şansı daha çoxdur, nəinki balın aşağı salınması. Yəni münsiflər heyətinin qərarı dəyişəcəksə, bu, mütləq şagirdin xeyrinə olur. Birmənalı olaraq deyə bilərəm ki, koordinasiya zamanı şagirdin qiyməti endirilmir. Verilmiş baldan daha aşağı balın verilməsinə icazə vermirik. Komissiya üzvlərinə əvvəlcədən tapşırmışdıq ki, yazı işlərini diqqətlə yoxlasınlar ki, qərar dəyişikliyinə səbəb olacaq faktlar olmasın. Bu il şagirdlərin 98 faizinin yazı işinin qiymətləndirilməsində hər hansı problem olmadı. Ancaq qiymətləndirilməsində dəyişiklik edilənlər də oldu.
Əvvəlki illərlə müqayisədə nəticələr yaxşıdır
- Ötən illə müqayisədə builki nəticələrdə fərq varmı? Xüsusən şagirdlərin bilik səviyyəsində yüksəlmə, yaxud əksinə dəyişiklik müşahidə edildimi?
- Nə qədər qəribə səslənsə də, respublika fənn olimpiadalarının builki nəticələri bir çox fənlərdə əvvəlki illərlə müqayisədə yaxşıdır. Halbuki düşünürdük ki, pandemiya zamanı təqdim edilən tapşırıqların həllində, ya da sualların cavablandırılmasında şagirdlər çətinlik yaşayacaqlar. Yazı işlərindən görünür ki, onların olimpiadalara hazırlığı kifayət qədər yüksəkdir. Ola bilsin ki, karantin rejimində evdə qalmaları onların öz üzərində daha çox çalışmalarına, daha çox tapşırıq yerinə yetirmələrinə səbəb olub. İstər riyaziyyat və fizika, istərsə də humanitar fənlər üzrə şagirdlərin nəticələri daha yaxşıdır. Burada söhbət, sadəcə topladıqları baldan getmir, verilən tapşırıqlara şagirdlərin yanaşmasından, seçdikləri həll üsullarından gedir. Münsiflər heyətinin rəyi belədir ki, bu il şagirdlərin yazı işləri əvvəlki illərlə müqayisədə kifayət qədər yaxşıdır.
Bu dəfə 8 yox, 10 nəfər oldular
- Nəinki medallarının hamısının sahibi var, hətta “Birincilərin birincisi” olan olimpiadaçılar bal eyniliyi səbəbindən bu il sayca daha çox oldu, 8 yox, 10 nəfər. Bundan sonra həmişə belə olacaq? Eyni balın müşahidə edilməsi ilk dəfə idi?
- Bu il riyaziyyat və coğrafiya fənləri üzrə yuxarı sinif şagirdləri arasında maksimum bal toplayan 2 nəfər vardı. Eyni bal topladıqları üçün onları ayırmadıq və ikisini də mükafatlandırmaq qərarına gəldik. “Birincilərin birincisi” nominasiyasını təyin edərkən məqsədimiz bu idi ki, hər il ən yaxşı şagirdi müəyyənləşdirib onu xüsusi mükafatlandıraq. Bildiyiniz kimi, respublika fənn olimpiadalarında həm aşağı yaş, həm də yuxarı yaş qrupu üzrə iştirak edən şagirdlərimiz var. İndiyədək aşağı yaş qrupunda iştirak edən şagirdlə yuxarı yaş qrupunda iştirak edən şagirdlər arasında balı eyni olanlara rast gəlirdik. Həmişə bu nominasiya üzrə yuxarı yaş qrupundan olan şagirdləri seçmişik. Seçim üstünlüyünü onlara verməyimizin də səbəbi var. Hesab edirik ki, həmin yaş qrupunda suallar daha çətin, proqram daha ağırdır. Üstəlik, onların məzun olacaqlarını nəzərə alırıq. Ancaq onu da qəbul edirik ki, şagird yarışda maksimum bal yığıbsa, bu mükafata layiq görülməsi daha məqsədəuyğundur. Ona görə də təşkilat komitəsi ilə müzakirə edərək “Birincilərin birincisi”nin 8 deyil, 10 nəfər olmasına qərar verdik.
Hər il belə olacağını deyə bilmərəm. Ancaq bunu nəzərə almaq və Qaydalarda dəyişiklik etmək istəyirik. Növbəti illərdə eyni bal toplayanlardan hansının bu nominasiyaya layiq olduğunu müəyyənləşdirmək üçün əvvəlki mərhələlərin nəticələrinə baxıla bilər. Əsas odur ki, növbəti illərdə bu məsələyə dəqiqlik gətiriləcək. Hələlik, bu il üçün verilən qərar bu oldu ki, “Birincilərin birincisi” nominasiyası üzrə mükafatlandırılan şagirdlərin sayı 8 yox, 10 nəfər olsun.
Şagirdlərin həll yolları vəsaitə çevriləcək
- Balı eyni olsa da, cavabları, suallara yanaşması ilə də fərqlənə bilərlər, elə deyilmi?
- Ümumiyyətlə, olimpiadada məsələlərə fərqli yanaşması, qeyri-adi həll üsulu ilə fərqlənən şagirdlər qiymətləndirilir. Hətta yazı işləri qiymətləndirilərkən, xüsusən dəqiq fənlərdə, buna fikir verilir. Məsələn, şagirdə təqdim olunan məsələ üzrə münsiflər heyəti bir neçə həll yolu göstərir. Ancaq bəziləri elə həll yolu seçir ki, münsiflər heyəti çox rahatlıqla şagirdin seçdiyi variantın onların göstərdiyi həmin 3 həll yolundan daha asan, daha rahat, daha yaxşı olduğunu deyə bilir. Məsələlərə qeyri-adi yanaşması olan, fərqli həll üsulu seçən şagirdlərin yazı işlərini sadəcə qiymətləndirmirik, həm də qoruyub saxlayırıq. Gələcəkdə həmin işlərdən ibarət vəsaitin hazırlanması planlaşdırılır.
- Bu ilin nəticələri əsasında ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ veriləcək şagirdlərin sayı çoxdurmu?
- Respublika fənn olimpiadalarının qalibləri Nazirlər Kabinetinin qərarı ilə ali məktəblərə müsabiqədənkənar qəbul olunur. Təbii ki, bu il də həmin qərara əsasən müsabiqədənkənar tələbə adı qazananlar olacaq. Ancaq onlar, sadəcə builki müsabiqədə yüksək nəticə göstərənlər deyil. Respublika fənn olimpiadalarında iştirak edib qalib ola bilməyən şagirdimiz ötənilki olimpiadanın qaliblərindəndirsə, bu il Dövlət İmtahan Mərkəzinə müraciət edərək imtahan vermədən tələbə statusu qazanacaq. Hazırda onların sayı bizə məlum deyil. Bilirsiniz ki, Nazirlər Kabinetinin qərarına əsasən, respublika fənn olimpiadaları qaliblərinə müəyyən ixtisaslar üzrə müsabiqədənkənar qəbul olunmaq şansı verilir. Məsələn, tarix fənni üzrə respublika fənn olimpiadasının qalibi hüquqşünaslıq ixtisası üzrə təhsil ala bilməyəcək. Odur ki, təhsilini müəyyən edilmiş həmin ixtisaslar üzrə davam etdirmək istəməyənlər yenidən imtahan verməlidirlər. Neçə nəfərin bu il müsabiqədənkənar ali məktəb tələbəsi olmaq imkanından yararlanacağını deyə bilməsək də, bunun üçün çoxsaylı müraciətlər olduğunu nəzərinizə çatdırmaq istəyirəm. Bu stimullaşdırıcı fürsətdən yararlanacaq məktəblilərimizin sayını bir neçə ay sonra biləcəyik. Builki olimpiadada iştirak edən XI sinif şagirdlərinin sayı 100-dən çoxdur. Ancaq məzunların hamısı bu şansından istifadə etmir.
- Bəs, daha çox hansı fənn üzrə qaliblər müsabiqədənkənar qəbul şansından yararlanır?
- Daha çox informatika və riyaziyyat üzrə olimpiada qalibləri kompüter mühəndisliyi ixtisasını seçmək imkanına malik olduqları üçün bu fürsəti dəyərləndirirlər. Ancaq əvvəlki illərdə Azərbaycan dili fənnindən respublika fənn olimpiadası qalibi kimi ixtisas seçimində Azərbaycan dili müəllimliyini seçənlər də olub.
- Mükafatlandırma mərasiminin tezliklə baş tutacağı gözlənilmir. Qalib məktəblilərin mükafatlarını onlara necə təqdim etməyi düşünürsünüz?
- Mövcud vəziyyətlə əlaqədar təqdimetmə mərasimi keçirmək düşünülmür. Karantin rejimi bitdikdən və normallaşma başladıqdan sonra medal, diplom və hədiyyələrini qaliblərimizə çatdıracağıq. Ali məktəblərə hazırlaşan şagirdlərə olimpiada qalibi olması haqqında lazım olan sənədlər təhsil müəssisələrinə, təhsil şöbələrinə Təhsil nazirinin müvafiq əmri ilə birgə göndərilib. Odur ki, həmin sənədləri məktəblərindən və ya təhsil şöbələrinə müraciət edərək əldə edə bilərlər.
Ruhiyyə DAŞSALAHLI