Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti və sonuncu “Açıq qapı” günü keçirilib. Microsoft Teams platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri, magistrantları və əməkdaşları iştirak ediblər.

 

Universitetin rektoru Şahin Bayramov MDU ailəsinin bütün üzvlərini 2019/2020-ci tədris ilinin uğurla başa çatması münasibətilə təbrik edib və tədris ili ərzində ali məktəbin  müasirləşdirilməsi istiqamətində görülən işlərdə fəal iştiraka görə təşəkkürünü bildirib.

 

Son günlər mənfur qonşularımız tərəfindən törədilən təxribatlardan bəhs edən rektor bütün hallarda düşmənə layiqli cavab verildiyini diqqətə çatdırıb. Tələbə gəncləri sosial şəbəkələrdə yayılan məlumatlara həssaslıqla yanaşmağa çağıran rektor onları yalnız rəsmi mənbələrə istinad etməyə səsləyib.

 

COVID-19 infeksiyası ilə mübarizənin davam etdiyini vurğulayan Ş.Bayramov  karantin dövrünün tələblərinə riayət etməyin vacibliyini də bildirib və bu sahədə maarifləndirmə işində MDU əməkdaşlarının yaxından iştirak etdiyini deyib.

 

Daha sonra tələbə və magistrantların çoxsaylı müraciətləri dinlənilib, onların sualları cavablandırılıb və səsləndirilən təkliflərlə bağlı müvafiq tapşırıqlar verilib.