Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

Online formatda təşkil olunan,  sayca altıncı   “Açıq qapı” günündə  MDU-nun tələbələri və magistrantları iştirak ediblər.

 

Universitetin  rektoru Şahin Bayramov karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, online imtahan sessiyasının gedişatı və bu günlərdə dünyanın aparıcı elmi məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun təşkilat profilinin yaradılması barədə məlumat verib.

 

2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulu çərçivəsində görülən işlərdən, hazırlanan təbliğat materiallarından danışan rektor tələbə, magistrant və məzunları MDU-nun təbliğində fəal iştiraka dəvət edib.

 

Görüşdə çıxış edən tələbələr və magistrantlar yaz imtahan sessiyasının təşkilindən, qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən və MDU-nun müasirləşdirilməsi yolunda əldə olunan uğurlardan razılıqlarını ifadə ediblər.

 

Rektor tələbələrin təkrar imtahanlarda iştirak, magistraturaya yeni qəbul olunanların MDU-da fəaliyyət istiqamətləri və digər məsələlərə dair suallarını cavablandırıb.