Carı ilin iyun-iyul aylarında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun alimləri tərəfindən Böyük Qafqaz üzrə Zaqatala, Qax, Şəki, Kiçik Qafqaza daxil Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında 6 marşrut üzrə monitorinqlər həyata keçirilib.
Monitorinqin əsas məqsədi regionlarda antropogen təsirə məruz qalan bitkilərin ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub.
Botanika İnstitutundan verilən məlumata görə, bu rayonlarda yerli icmalar üçün treninqlər keçirilib və bitkilərin toplanılması zamanı xüsusi qaydalara diqqət edilməsinin vacibliyi açıqlanıb. Nəticədə bəzi faydalı bitkilərdən xammal ehtiyatı toplanılıb, qurudulub və laboratoriyada tərkibinin oyrənilməsi üçün hazırlanıb. Bildirilib ki, 500-ə qədər yığılmış herbari materialın identifikasiya olunması və institutun Herbari fonduna təhvil verilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, Azərbaycan florasına daxil olan ali bitkilərin bir çoxu dərman, qida və yem əhəmiyyətinə görə insanların əsas ehtiyacları üçün istifadə olunur. XX əsrin ortalarından etibarən təhlükə törədən amillərin sayı artıb, insan fəaliyyəti nəticəsində bəzi ərazilərdə bitki örtüyü deqradasiyaya uğrayıb, bir çox biki növləri məhv olub və ya onların sayı kəskin surətdə azalmağa başlayıb. AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən etnobotanika laboratoriyasının əməkdaşları vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına ekspedisiyalara gedir, monitorinq aparır, bitki müxtəlifliyin öyrənilməsi ilə yanaşı, onların yerli əhali tərəfindən istifadəsinə dair məlumat toplayırlar. Müxtəlif rayonlarda aparılan bu etnobotaniki araşdırmalar hazırda davam edir.