Naxçıvan Dövlət Universiteti (NDU) və Almaniyanın Brandenburq Universiteti konservatoriyalarının birgə təşkilatçılığı ilə onlayn ustad dərsi keçirilib. “Vyana klassiklərinin əsərlərinin müxtəlif interpretasiyaları” mövzusunda dərsi Brandenburq Universiteti Konservatoriyasının professoru, pianoçu Veronika Glemser keçib.
NDU-nun rektoru Elbrus İsayev qonağı salamlayaraq ustad dərslərinin keçirilməsinin nəzəri və təcrübi əhəmiyyətindən danışıb. Rektor universitet Konservatoriyasının malik olduğu imkanlardan söhbət açaraq bildirib ki, incəsənət fakültəsində yaradılacaq Elektron Filarmoniya gələcəkdə bu cür onlayn tədbirlərin keçirilməsində faydalı olacaq.
Sonra almaniyalı professor Y. Hayd, W. A.Motsart və L. Bethovenin bir neçə sonatasının nümunəsində ştrixlər, temp, eyni zamanda obraz üzərində çalışmaq qaydalarını izah edib. Almaniyalı pianoçu vurğulayıb ki, bütün bəstəkarların yaradıcılığında olduğu kimi, Vyana klassiklərinin də əsərlərində sadalanan hər bir ifadə vasitəsi əsərin xarakterinə görə müxtəlif şəkildə ifa olunur.
NDU-nun musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru İnara Məhərrəmova bildirib ki, fakültə özündə Musiqişünaslıq, Xalq çalğı alətləri ifaçılığı, İnstrumental ifaçılıq (fortepiano, simli alətlər, nəfəs alətləri), Solo oxuma, Bəstəkarlıq, Dirijorluq, Aktyor sənəti, Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Rəngkarlıq ixtisaslarını birləşdirir.
Müəllim və tələbələrin sualları cavablandırıldıqdan sonra fortepiano kafedrasının müəllimi Ülvi Əhmədov IV kurs tələbəsi Səxavət Rəhimovla birgə Tofiq Quliyevin “Qaytağı” musiqisini ifa edib. Pianoçu Veronika Glemser və tədbir iştirakçıları görkəmli bəstəkarın əsərinin yüksək peşəkarlıqla ifasını yüksək zövq və həvəslə dinləyiblər.
Sonda rektor almaniyalı pianoçuya onlayn dərsin keçirilməsinə görə minnətdarlıq edib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi bir ənənə halını almalı, birgə fikir və təcrübə mübadiləsi aparılmalıdır.
Qeyd edək ki, ustad dərsində alman dilindən tərcüməni NDU-nun məzunu, Brandenburq Universitetinin tələbəsi Gülər Nuri edib.